Məhkəmə qərarları › İş №2(070)-88/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-88/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-88/2025 13.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “övladlarının onun himayəsində olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə dünyaya gəlmiş 19 dekabr 2012-ci il təvəllüdlü X1, 22 dekabr 2013-cü il təvəllüdlü X2 və 20 dekabr 2014-cü il təvəllüdlü X3 onun himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən xahiş etsə də, MPM-in 307-ci maddəsinin tələblərinə zidd olaraq işə xüsusi icraat qaydasında baxılmasına dair müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdir. Halbuki MPM-in: 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.11-ci maddələrinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə baxır; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qanunun tələbindən göründüyü kimi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılmalı, bu zaman işlər ərizəçilər tərəfindən qaldırılmalı və işə maraqlı şəxsin iştirakı ilə baxılmalıdır. Həmçinin bu zaman ərazi aidiyyəti qaydalarına da riayət olunmalı, yəni ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməlidir (bu halda İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması nəzərə alınmalıdır). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının (bundan sonra - Plenum Qərarı) 1.1-ci bəndinə əsasən də xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Məsələyə baxılarkən MPM-in 306.4-cü maddəsinin tələblərinin də nəzərə alınması zəruridir. Belə ki, həmin maddənin məzmununa əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Plenum Qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Həmçinin iddiaçının tələbindən də göründüyü kimi iddiaçı cavabdehə qarşı müəyyən tələb yönəltməmişdir. Halbuki MPM-in 149-cu maddəsinə əsasən cavabdehə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göstərilən hallarla yanaşı iddiaçı tərəfindən müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 20261 nömrəli mədaxil qəbzindən göründüyü kimi İddiaçı tərəfindən 100 manat dövlət rüsumu Bərdə Rayon Məhkəməsinin hesabına ödənilmişdir. MPM-in: 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir; 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və MPM-in 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “övladlarının onun himayəsində olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar