Məhkəmə qərarları › İş №2(070)-93/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-93/2025

21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-93/2025 21.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “madddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş maddi və mənəvi ziyan kimi 5000 (beş min) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmiş, onları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehlə işçi və işəgötürən münasibətlərində olmuşdur və iddiaçı hazırki mübahisənin yaranmasını cavabdehin ona çatası əmək haqqını verməməsi ilə əsaslandırmış, bu səbəbdən də maddi və mənəvi zərərə məruz qalmasını göstərmişdir. Yəni iddiaçı hazırki tələbinin əmək münasibətlərindən irəli gələn mübahisəyə aid olduğunu qeyd etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən MPM-in 149.2.4-1-ci maddəsinin də tələblərinə riayət olunmamışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq olunur və həmin mübahisələr üzrə bu Qanunun 28 və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bundan başqa iddiaçının tələbi aydın ifadə olunmamışdır. Belə ki, iddiaçı cavabdehdən ümumilikdə 5000 manat tələb etsə də, həmin məbləğin hansı hissəsinin maddi ziyanla bağlı olmasını, hansı hissəsini isə mənəvi ziyana görə tələb etməsini qeyd etməmişdir. MPM-in: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 30005 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “madddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar