Məhkəmə qərarları › İş №2(070)-96/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-96/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-96/2024 15.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1450 (min dörd yüz əlli) manat məbləğində pulun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, **-NA-*** dövlət nömrə nişanlı, Chery Fulwin 2 avtomaşın ona məxsus olmuşdur. Həmin maşını cavabdehə 5000 manata satmağa razılaşmışlar. İlkin olaraq cavabdeh 2000 manat pulu ona 2023-cü ilin mart ayında vermiş, pulun qalan hissəsini isə may ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Pul tam ödənilənə kimi isə maşın onda qalmalı idi. Daha sonra isə cavabdeh razılaşdıqları puldan ayrı-ayrı vaxtlarda 1000, sonra 500, daha sonra 100 və 50 manat olmaqla, ümumilikdə 3650 manat pul vermişdir. Cavabdeh xalası oğlu Qabil ilə maşını sürüb yoxlamaq üçün onun yaşadığı ünvandan götürmüş, həmin vaxtdan isə maşın cavabdehdə qalmışdır. Cavabdehlə razılaşdıqları 1450 manat pulu isə bu vaxta kimi ona verməmişdir. O, şikayət ərizəsi ilə 15-ci polis bölməsinə müraciət etmişdir. Şikayəti əsasında bölmədə izahatı alınmış cavabdeh ona 1450 manat borcunun olduğunu təsdiq etmişdir. Lakin, polis bölməsindən ona ünvanlanmış 21 noyabr 2023-cü il tarixli məktubda məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də o, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Cavabdeh ona olan borcundan 3550 (üç min beş yüz əlli) manat qaytarmışdır, yəni cavabdehin ona 1450 (min dörd yüz əlli) manat borcu qalmışdır. O, texniki səhv olaraq iddia ərizəsində cavabdehin ona 3650 (üç min altı yüz əlli) manat qaytardığını qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində verdiyi izahatından görünür ki, o, əvvəllər tanıdığı İddiaçı “Chery” markalı nəqliyyat vasitəsini almaq məqsədilə ilkin olaraq 2000 manat ödəmiş, qalan 3000 manatı isə ayda 500 manat olmaqla 6 ay müddətində ödəyəcəyini bildirmiş, daha sonra 1550 manat ödəniş etmiş, lakin, maddi vəziyyəti ilə əlaqədar olaraq borclu olduğu 1450 manatı ödəməmişdir. Söz verir ki, noyabr ayının 10-dək vətəndaş İddiaçı borclu olduğu 1450 manatı tam olaraq ödəyəcəkdir; xx.xx.2024-cü il tarixli, 21796 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 35 (otuz beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 5000 manata avtomobil almış, əvvəl 2000 manat ödəmiş, qalan 3000 manatı isə ayda 500 manat olmaqla 6 ay müddətində ödəyəcəyini bildirmiş, sonra həmin puldan 1550 manat, cəmi 3550 manat ödəniş etmiş, lakin, qalıq borcu, yəni 1450 manatı ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi pulun qaytarılması barədədir. Cavabdehin polis şöbəsində verdiyi izahat artıq iddiaçını 1450 manat pul borcunu sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi iddiaçı borc məbləğini və onun qaytarılmadığını sübut etmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh bunu təkzib edən sübutu məhkəməyə təqdim edə bilməmiş, borcun tam ödənilməsini təsdiq edən sübutlar və cavabdehin öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1450 (min dörd yüz əlli) manat məbləğində vəsait, həmçinin ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1450 (min dörd yüz əlli) manat məbləğində vəsait, həmçinin ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar