Məhkəmə qərarları › İş №2(071)-106/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-106/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-106/2023 21.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1-da yerləşən fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur və onun adına qanuni qaydada rəsmiləşdirilmişdir. O, Hacıqabul rayon PŞ-nin QvŞv qrupuna “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın alınması ilə əlaqədar müraciət etmişdir. Onun müraciətinə əsasən 159-11429-1222 saylı arayış verilmişdir. Həmin arayışa əsasən Cavabdeh həmin ünvanda qeydiyyatdadır. O, Cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılması üçün Hacıqabul rayon PŞ-nin QvŞv qrupuna müraciət etsə də, ona mübahisənin məhkəmə aidiyyatı olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, hazırda evə aid sənədləri əldə etmək istədikdə çətinliklərlə üzləşdiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, həmin ev atası tərəfindən 45 il əvvəl alınıb, atası vəfat edəndən sonra ev onun adına rəsmiləşdirilmişdir. Ata və anası tərəfindən evdə tikinti işləri aparılmışdır. Qalan işləri isə sonradan o, gördürmüşdür. Cavabdeh onun bacısıdır, bacısı əvvəllər ona məxsus evdə yaşamış olsa da, təxminən 10-15 il əvvəl ailə həyatı quraraq həmin evdən çıxıb getmiş və hazırda Türkiyə Respublikasında yaşayır. Hazırda bacısının həmin evdə qeydiyyatda olması ona evə dair müəyyən işləri görməkdə maneə yaradır. Onun evdən qeydiyyatdan çıxarılması üçün isə onun evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Cavabdeh iddiaçının bacısıdır. Onu 10 ildən artıq müddətdir ki, iddiaçıya məxsus evdə yaşamasını görmür. Onda olan məlumata görə cavabdeh ailə həyatı quraraq Türkiyə Respublikasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Cavabdeh iddiaçının bacısıdır. Cavabdeh valideynləri ilə birlikdə əvvəllər iddiaçıya məxsus evdə yaşasa da, onun təxminən son 10 il ərzində iddiaçıya məxsus evdə yaşamasını görməmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73-10301 olan MA ******* seriya nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0508 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərd yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hacıqabul şəhər İƏD üzrə nümayəndiliyinin mühəndisi O.İ.İsmayılov, evlər müdiri R.A.Qasımova, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 14 nömrəli evdə yaşayan X3, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 27 nömrəli evdə yaşayan X1, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 15 nömrəli evdə yaşayan X2 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli AKT-dan görünür ki, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 14 nömrəli evdə yaşayan X3, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 27 nömrəli evdə yaşayan X1, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 16 nömrəli evdə qeydiyyatda olan Cavabdeh 10 ildir ki, ailə quraraq Türkiyə Respublikasında yaşayır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Hacıqabul şəhəri M.B.Nadim küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi xx.xx.2012-ci ildən iddiaçının mülkiyyətindədir. Cavabdeh isə mülkiyyətçinin bacısı olmaqla əvvəllər həmin evdə yaşamış və qeydiyyata alınmışdır. Lakin, onun uzun müddət iddiaçıya məxsus fərdi yaşayış evinə gəlməməsi, orada yaşamaması onun həmin evlə əlaqəsini kəsdiyini göstərir. Cavabdeh qeyd olunan yaşayış evindən köçsə də, evdə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus fərdi yaşayış evində yaşamır və yaşamaq üçün özünə daimi olaraq başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa ölkəyə getdiyindən və iddiaçıya məxsus yaşayış evində yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün isə onun evdən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçıya məxsus evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar