Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-637/2023 24.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh7 və Cavabdeh8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 mülkiyyətində ayrı ünvanda fərdi yaşayış evi vardır. Digər cavabdehlər isə uzun müddətdir ki, ona məxsus fərdi yaşayış evində yaşamırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi əvvəldən onun mülkiyyətində olmuş, həmin evi özü tikdirmişdir. Sonradan yeni qaydalarla onun ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona bu barədə çıxarış verilmişdir. Cavabdeh1 onun oğlu, digər cavabdehlər Cavabdeh2 gəlini, Cavabdeh3 nəvəsi, Cavabdeh5 nəvəsi, Cavabdeh4 isə nəticəsidir. Həmin cavabdehlər əvvəllər ona məxsus evdə yaşasalar da, sonradan oğlu Ədalətə 2008-2009-cu illərdə yeni ev alınmış və o həmin vaxtdan etibarən ailə üzvləri ilə birlikdə öz evində yaşamışdır. Cavabdeh6 isə onun kürəkənidir. Həmin şəxs əvvəllər onun evində qısa müddət yaşayaraq qeydiyyata düşsə də, sonradan onun evində yaşamamışdır. Digər cavabdehlər Cavabdeh7 və Cavabdeh8 isə onun oğlu Ramilin qızlarıdır. Sevil və Fatimə nəvələri olduğuna görə onları öz evinə qeydiyyata aldırmışdır. Lakin, Sevil və Fatimə daimi olaraq onun evində yaşamırlar, Bakı şəhərində yaşayırlar. Aradabir baba evi kimi gəlib onun evində qalırlar. Bu səbəbdən hesab edir ki, cavabdehlərin hər birinin özlərinin daimi yaşayır yerləri olduğundan, cavabdehlərin ona məxsus evdən istifadə hüquqlarına xitam verilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, 1996-cı ildə Cavabdeh2 ilə ailə həyatı qurmuş və evlədikdən sonra atası İddiaçı məxsus evdə yaşamışlar. 2009-cu ildə atası ona Hacıqabul şəhərində yeni bir ev almış və o, həmin vaxtdan etibarən öz ailə üzvləri ilə birlikdə onlara alınmış yeni evdə yaşamışlar. Təxminən 12-13 il ərzində atasının evində yaşamışlar, uşaqları həmin evdə yaşadıqları müddətdə doğulmuş, bütün ailə üzvləri həmin evdə qeydiyyata alınmışlar. Lakin, 2009-cu ildən sonra o və ailə üzvləri daimi olaraq öz evlərində yaşamışlar. Odur ki, iddianı qəbul edir və onun atasına məxsus evdən istifadə hüququna xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh8 izahat verərək bildirdi ki, İddiaçı onun babasıdır. O, 2001-ci ildə Hacıqabul rayonunda doğulmuşdur. Doğulduğu vaxtdan babasına məxsus evdə yaşamış və qeydiyyata alınmışdır. Həmin dövrdə arada bir iki dəfə Rusiya Federasiyasına getmişlər və bacısı Sevil 2004-cü ildə Moskva şəhərində doğulmuşdur. Lakin, qısa müddət sonra yenidən ölkəyə qayıtmışlar və Azərbaycanda yaşadıqları müddətdə həmişə babasına məxsus evdə yaşamışlar. Onların başqa daimi yaşayış yerləri yoxdur. Bacısı Fatimə ilə birlikdə Bakı şəhərində işlədikləri üçün kirayədə qalırlar, lakin həftə sonları, bayram günlərində Hacıqabul şəhərində yaşadıqları evə gəlirlər. Onlara məxsus bütün əşyalar hazırda babasının evindədir. Son dövrlərdə babası ilə olan münasibətləri pozulduğuna görə babası onları evdən çıxarmaq istəyir. Lakin, onların daimi yaşamaq üçün başqa yerləri yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbini onlara aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh7 Cavabdeh8 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, iddiaçı ilə qonşuluqda yaşayır. İddiaçıya məxsus evdə onun oğlu Ədalət ailə üzvləri ilə birlikdə müddət yaşamış, daha sonra öz evlərinə köçmüşlər. Digər cavabdehlər isə iddiaçının nəvələridir və onlar orada daimi yaşamayıblar. Sadəcə qonaq kimi gəlib bir müddət qalıb getmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 (Yeni qaydalarla ünvan 4 ünvanda yerləşən 0,10736 ha yaşayış məntəqələrinin torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 298,1 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Qazıməmməd şəhər XDS İcraiyyə Komitəsinin 28 aprel 1979-cu il tarixdə keçirilən iclasında qəbul edilmiş qərara əsasən İddiaçı Hacıqabul şəhərinin Y.Qasımov küçəsində 600 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsi, ev 93 ünvanda yerləşən torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədi ilə xx.xx.1979-cu ildə iddiaçının qanuni istifadəsinə verilmiş, iddiaçı həmin dövrdə torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmişdir. Sonradan iddiaçının həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçıya məxsus fərdi yaşayış evində cavabdehlər qeydiyyata alınmış və həmin evdə yaşamışlar. Hazırda iddiaçı cavabdehlərin ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə, iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı olan hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, qeyd edilən şəxslər əvvəllər iddiaçıya məxsus evdə yaşayıb qeydiyyata alınsalar da, uzun müddətdir ki, (təxminən 2009-cu ildən sonra) iddiaçıya məxsus evdə yaşamırlar. Hazırda onların hər birinin daimi yaşayış yerləri vardır. Cavabdehlərin uzun müddət iddiaçıya məxsus fərdi yaşayış evinə gəlməməsi, orada yaşamaması onların həmin evlə əlaqəsini kəsdiyini göstərir. Cavabdehlər qeyd olunan yaşayış evindən köçsələr də, evdə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərindən və onların uzun müddətdir iddiaçıya məxsus yaşayış evində yaşamaması müəyyən edildiyindən, onların həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüquqlarına artıq xitam verilmişdir. Bundan başqa məhkəmə, iddia tələbinin cavabdehlər Cavabdeh8 və Cavabdeh7 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsi, ev 93 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdehlər - 2001-ci il təvəllüdlü Cavabdeh8 və 2004-cü il təvəllüdlü Cavabdeh7 isə iddiaçının nəvələri olmaqla, doğulduqları vaxtdan valideynləri ilə birlikdə iddiaçıya məxsus evdə yaşamışlar. İddiaçı hazırda cavabdehlərin həmin evdə yaşamadıqlarını bildirərək, onların istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti 2000-ci ildən sonra yarandığına görə, yəni cavabdehlər həmin vaxtdan iddiaçıya məxsus evdə yaşadıqlarına görə hazırkı mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq olunmalıdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasəny yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Göstərilən qanunvericilik normasına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh8 və Cavabdeh7 fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının nəvələri olmaqla ailə üzvü kimi onunla birlikdə yaşamağa başladıqları vaxtdan qeyd edilən evdən istifadə hüququ əldə etmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tələbində mülkiyyətində olan evdə cavabdehlərin uzun müddət yaşamamalarını, onların yaşayış sahəsini tərk etmələrini və evə olan ehtiyaclarının aradan qalxmasını bildirərək, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsini tələb etmiş olsa da, cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri, onların yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən cavabdehlər izahatlarında bildirmişdir ki, onların başqa daimi yaşayış yerləri yoxdur. Bakı şəhərində işlədikləri üçün kirayədə qalırlar, lakin həftə sonları, bayram günlərində Hacıqabul şəhərində yaşadıqları evə gəlirlər. Onlara məxsus bütün əşyalar hazırda babasının evindədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri və yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə məhkəmə iclasında iddiaçıya məxsus evin cavabdehlərin daimi yaşayış yerlərinin olması müəyyən edildiyindən, mövcud vəziyyətdə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlərin istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onların həmin evdən istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı yalnız cavabdehlərə kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh8 və Cavabdeh7 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 3 (yeni qaydalarla ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-637/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-637/2023
24.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver