Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-879/2025 08.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 392404 saylı aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 1093 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şıxaliyev X3 rayonu Qarasu kəndində yaşayır. Yaşadığı evin enerji təminatı üçün quraşdırılmış işıq sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, ondan istifadə edir, verilmiş bildirişlərə əsasən işığın dəyərini ödəyir. Qeyd etmişdir ki, hər ay sayğaclara "xxxx" ASC-nin Hacıqabul rayon əməkdaşları baxış keçirirlər. Akt yazılanadək, yəni ondan qabaqkı aylarda heç bir nasazlıq olmamışdır. "xxxx" ASC-nin 392404 saylı aktında qeyd edilmişdir ki, sayğacın sxemi sıradan çıxmış və sxem bərpa olunmalıdır. İddiaçı sxemə müdaxilə etməyin labarotor şəraitində mümkün ola biləcəyini güman etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, akt xx.xx.2025-ci il tarixində tərtib edilmişdir, yəni ayın əvvəli yuxarıda qeyd edildiyi kimi hər ayın sonu "xxxx" ASC-nin əməkdaşları yoxlamalar aparırlar. Əgər müdaxilə olunubsa, belə 1093 manat cərimə hesablanması əsassızdır. Bundan əlavə akt tərtib edilərkən şahid adları qeyd etmişlər, həmin şahidlər də öz işçiləridir və qanunla da birbaşa qeyd edilmişdir ki, qüsur aktı tərtib edilərkən hər iki tərəf aidiyyatı olmayan şahidlər iştirak etməlidir. Sayğac aparıldıqdan sonra öz istəklərinə uyğun akt tərtib etmişdirlər. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 392404 saylı akt əsassız hesab edir və ona görə də, həmin aktın etibarsız hesab edilməsini və həmin akta əsasən yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Tərtib edilən cərimə aktı qanunsuz və əsassızdır. Borcun silinməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qarasu kəndinin İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 202 nömrəli arayışa əsasən, Şıxaliyev X3 rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla orada yaşayır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı məxsus Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinin abonent kodu **********00427 olan sayğacın 1093 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Aktların Uçotu və İcrasına Nəzarət Şöbəsi tərəfindən verilmiş “itirilmiş enerjinin bərpa edilməsinə dair” akta əsasən İddiaçı 1012 manat cərimə borcu vardır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, abonent kodu **********00427 olan istehlakçı İddiaçı məxsus Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1012 borc məbləği silinməlidir. İddia tələbinin yerdə qalan hissəsi abonentin özünün enerjidən istifadə olunması müqabilində yaranan debitor borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abonent kodu **********00427 olan istehlakçı İddiaçı məxsus Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1012 (min on iki) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-879/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-879/2025
08.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver