Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1416/2024 20.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(076)-854/2024 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 20 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı yeni Zenner tipli, G-4 markalı, **********8 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Əvəzetmə zamanı aktda hər hansı qüsur aşkar edilməsi barədə qeyd aparılmamışdır;
2. “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-2058-1 nömrəli 27 fevral 2023cü il tarixli aktda qeyd edilmişdir ki, ******* daxili nömrəsi olan sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın minimal sərfiyyatda -100 faiz nisbi xətayla işləməməsi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuşdur. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir
3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ******* daxili nömrəsi olan sayğacın çıxış plastmas borusunun deşilməsi və sayğacın minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi faktı aşkar olunmuşdur;
4. İddiaçı abonent saldosundan görünür ki, 2023-cü ilin fevral ayında 1555,20 manat cərimə hesablanmışdır;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB-nin Şəmkir RQİİ tərəfindən onun abonent hesabına yazılmış 1785.26 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak onun və ailə üzvlərinin istifadəsindədir. xx.xx.2024-cü il tarixdə cavabdeh “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin Şəmkir satış xidmətinin nümayəndələri tərəfindən “Qaz sayğaclarının çıxarılması quraşdırılması və İstismara qəbulu haqqında” akt tərtib edərək yeni sayğac quraşdırmışlar. Bir neçə ay keçdikdən sonra cavabdehin nümayəndələri onun yaşadığı ünvana gələrək bildirmişlər ki, onun 1785.26 manat borcu var. Həmin borc akt əsasında hesablanmış, o həmin aktı qəbul etməyərək, onu imza etməkdən imtina etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(076)-854/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 1555,20 (bir min beş min əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Qazdan istifadə Qaydaları” haqqında Qərarının 4.8-ci bəndinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin fevral ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddia tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555,20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. Buna baxmayaraq, məhkəmə 2023-cü ilin fevral ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etməmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
15. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
17. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.
18. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı ünvan 3 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində “Azəriqaz” İB-nin xidmət dairəsində adına qeydə alınmış qaz sayğacından istifadə edir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən sayğacın çıxış hissəsində deşik olduğu üçün sayğac çıxarılmışdır. Sonradan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Bununla da cavabdeh təşkilat 12960 kub/metr qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bu səbəbdən “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ******* saylı akta əsasən istehlakçıya 1555,20 manat borc hesablanmışdır. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir.
32. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ehtiyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsinin qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır.
33. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir.
35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(076)-854/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.