Məhkəmə qərarları › İş №2(072)-27/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-27/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-27/2023 03.05.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 1 ünvanda Cavabdeh “BMW 3281” markalı, **-UX-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Bakı şəhəri, Azadlıq prospekti, 1 ünvanda yerləşən “X4 Ltd” MMC-yə məxsus daşınmaz əmlakın (“Park İnn by Radisson Baku” mehmanxanası) giriş qapısına zərər vurulmuşdur. Belə ki, “X4 Ltd” MMC-yə məxsus daşınmaz əmlak (“Park İnn by Radisson Baku” mehmanxanası) 14 dekabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən 1 (bir) il müddətinə əmlak sığortası növü üzrə sığortalanmışdır. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinin TP ******* saylı, 15 aprel 2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 770 saylı, 27 dekabr 2019-cu il tarixli “Zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair” hesabat” əsasən zərərçəkmiş şəxs “X4 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin 22 yanvar 2020-ci il tarixli və 16 mart 2020-ci il tarixli “Sığorta akt”larına əsasən 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərvuran şəxs, yəni Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalandığı üçün sığorta ödənişi məbləğdən 1802.74 (bir min səkkiz yüz iki, yetmiş dörd) AZN məbləğ çıxılmışdır. Hal-hazırda Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə dəymiş maddi zərərin məbləği 43973.26 (qırx üç min doqquz yüz yetmiş üç, iyirmi altı) AZN məbləği təşkil edir. Bu səbəbdən də, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 43973.26 (qırx üç min doqquz yüz yetmiş üç, iyirmi altı) AZN məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 221.92 (iki yüz iyirmi bir, doxsan iki) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh o cümlədən, iddiaçı Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 14 dekabr 2018-ci il tarixli, C- Pİ-0232/18 №-li “Əmlak Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, sığortalı “X4 Ltd” MMC sığortaçı "xxxx" ASC tərəfindən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019cu il tarixədək 1 (bir) il müddətinə sığortalanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İcbari sığortası müqavilələrinin mövcudluğunun yoxlanılması” barədə çıxarışın surətindən görünür ki, “BMW 3281” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC tərəfindən PXA********** saylı müqavilə ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, “BMW 3281” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “mülkiyyətçisi” və “sürücüsü” Cavabdehdur, “hadisə baş verdiyi anda sürücü” ayıq vəziyyətdə idarə etmişdir. İş materillarında olan Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinin TP ******* saylı, 15 aprel 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Sifarişçi” "xxxx" ASC ilə “İcraçı” X2 arasında bağlanmış “Xidmətlərin gösərilməsi barədə” 55/19 saylı, 25 dekabr 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, zərərçəkmiş şəxs “X4 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmiş və “İcraçı” fərdi sahibkar X2 tərəfindən təmir işləri həyata keçirilməklə, xidmət göstərilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 770 saylı, 27 dekabr 2019-cu il tarixli “Zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair” hesabatın surətindən görünür ki, zərərçəkmiş şəxs “X4 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İcraçı” fərdi sahibkar X2 tərəfindən verilmiş 01 saylı, 03 yanvar 2020-ci il tarixli və 05 saylı, 14 mart 2020-ci il tarixli hesab fakturalarının surətindən görünür ki, “İcraçı” fərdi sahibkar X2 tərəfindən zərərçəkmiş şəxs “X4 Ltd” MMC-yə dəymiş zərərin məbləği 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində hesablanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş "xxxx" ASC-nin 22 yanvar 2020-ci il tarixli və 16 mart 2020-ci il tarixli “Sığorta akt”larının surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən əmlaka dəymiş zərərə görə sığortalı “X4 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 001XOH********** saylı, 29 yanvar 2020-ci il tarixli və 001XOH********** saylı, 29 mart 2020-ci il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, “Xidmətlərin gösərilməsi barədə” 55/19 saylı, 25 dekabr 2019-cu il tarixli müqaviləyə sığartaçı "xxxx" ASC tərəfindən sığortalı “X4 Ltd” MMC-yə dəymiş zərərə görə “İcraçı” fərdi sahibkar X1 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləği həddində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 3058 saylı, 11 avqust 2020-ci il tarixli ödəniş tapşırının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” PXA********** saylı müqaviləyə əsasən "xxxx" ASC-yə 1802.74 (bir min səkkiz yüz iki, yetmiş dörd) AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 2602/İ saylı, 18 avqust 2020ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh subroqasiya tələbi qaydasında sığorta ödənişi barədə iddiaçı "xxxx" ASC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 05 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 221.92 (iki yüz iyirmi bir, doxsan iki) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidməti haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/8550 №-li, 19 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərkəzdə olan məlumatlardan və fərdi sahibkar X2 tərəfindən imzalanmış 03 yanvar 2020-ci il tarixli hesab fakturadan istifadə etməklə Bakı şəhəri, Azadlıq prospekti, 1 ünvanda yerləşən “X4 Ltd” MMC-yə məxsus daşınmaz əmlak-“Park İnn by Radisson Baku” mehmanxanasının giriş qapısına dəymiş ziyanın 36740 (otuz altı min yeddi yüz qırx) AZN məbləği olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər... Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Həmin Qanunun Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “daşınmaz əmlakın zədələnməsi nəticəsində dəymiş maddi zərərin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ekspert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, iddiaçı "xxxx" ASC “mülki hüquq pozuntusu (təqsirli, hüquqazidd əməl) və bunun nəticəsində maddi zərərin dəyməsi” faktına istinad etdiyi məhz həmin halları əsaslandıra bilmiş, bununla bağlı mötəbər sübutlar əldə edilmiş və həmin hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, 1. Sığortalı “X4 Ltd” MMC sığortaçı "xxxx" ASC tərəfindən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2023-cü il tarixədək 1 (bir) il müddətinə sığortalandığı; 2. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi; 3. İddiaçı "xxxx" ASC-nin sığorta ödənişi məbləğində Cavabdeh qarşı subroqasiya hüququ yarandığı; 4. Mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçı "xxxx" ASC-yə maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq (ekspert rəyi və "xxxx" ASC-nin ödənişi nəzərə alınmaqla... 36740 manat (dəymiş ziyan) – 1802.74 manat ("xxxx" ASC-nin ödənişi) = 34937.26 manat) 34937.26 (otuz dörd min doqquz yüz otuz yeddi, iyirmi altı) AZN məbləğində pul, 176.31 (yüz yetmiş altı, otuz bir) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 34937.26 (otuz dörd min doqquz yüz otuz yeddi, iyirmi altı) AZN məbləğində pul, 176.31 (yüz yetmiş altı, otuz bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar