Məhkəmə qərarları › İş №2(072)-277/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-277/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-277/2025 10.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbi əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı iddia tələbinin əsaslığını təsdiq edən mötəbər sənədləri məhkəməyə təqdim etmədən, “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, “...iddaçı İddiaçı tərəfindən Cavabdeh 3320 (üç min üç yüz iyirmi) AZN məbləğində dəymiş maddi zərərin ödənilməsi...” tələb edilir. Lakin iddia ərizəsinə məhz maddi zərərin yaranmasına əsas olan hal və (və ya) hallara dair yəni, maddi zərərin dəyməsini təsdiq edən mötəbər sənədlər (...əgər yol nəqliyyat hadisəsi baş vermişdirsə, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayış, şəxsin mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilməsi barədə qərar və s.) əlavə edilməmiş, eləcə də iş materiallarından iş üzrə əhəmiyyət kəsb edən bu hallar müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bundan başqa, İddiaçı məhkəməyə iddia ərizəsinin əsli ilə deyil, yalnız kserosurəti ilə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Bundan başqa, İddiaçı iddia ərizəsinə cavabdehin sayına görə iddia ərizəsinin surətini əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3, 284-4, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbi əsasında iddia ərizəsini qəbul etməkdən imtina edilsin və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar