Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-418/2023 25.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadəsində olan “VAZ 21041” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortaçı "xxxx" ASC tərəfindən 06 aprel 2020-ci il tarixindən 06 aprel 2021-ci il tarixədək 1 (bir) il müddətin sığortalanmışdır. 04 sentyabr 2020-ci il tarixdə, saat 07:27 radələrində Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi ilə G.Həmidov küçəsi kəsişməsində Cavabdeh “VAZ 21041” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “CHEVROLET CRUZE” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və avtomobili idarə edən şəxs X2 maddi zərər dəymişdir. Hadisədən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Bakı şəhəri Yasamal Rayon Dövlət X5 TP ******* saylı, 17 sentyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 100 (yüz) AZN məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin qüsur aktına əsasən zərərçəkmiş şəxs X2 590 (beş yüz doxsan) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA68590 saylı, 25 sentyabr 2020-ci il tarixli “Sığorta aktı”na əsasən zərərçəkmiş şəxs X2 590 (beş yüz doxsan) AZN məbləğində sığorta ödənişi hesablanmış və sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 27 oktyabr 2020-ci il tarixdə “Borcun etirafı və onun ödənilməsi haqqında” razılaşma müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh etiraf etmişdir ki, iddiaçı "xxxx" ASC-yə 590 (beş yüz doxsan) AZN məbləğində zərər vurmuş və ilkin ödəniş 90 (doxsan) AZN məbləğində ödəniş etməklə, hər ay 100 (yüz) AZN məbləğində pulu ödəməyə öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh 27 sentyabr 2021-ci il tarixdə 50 (əlli) AZN məbləğində, 28 oktyabr 2021-ci il tarixdə 50 (əlli) AZN məbləğində, ümumilikdə 190 (yüz doxsan) AZN məbləğində pulu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödəniş etmiş, lakin 400 (dörd yüz) AZN məbləğində pulu ödəməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 400 (dörd yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış PXA********** saylı, 18 mart 2020-ci il tarixli “İcbari sığorta müqaviləsi”nə dair məlumatın surətindən görünür ki, Cavabdeh istifadəsində olan “VAZ 21041” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən 06 aprel 2020-ci il tarixdən 06 aprel 2021-ci il tarixədək 1 (bir) il müddətinə 5000 (beş min) AZN məbləği həcmində sığortalanmış, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 (beş min) AZN məbləği, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 (beş min) AZN məbləği və sağlamlığa vurulan zərərə görə bir hadisə üzrə 50000 (əlli min) AZN məbləği həcmində müəyyən edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, “VAZ 21041” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin “mülkiyyətçisi” X3r, “hadisə baş verdiyi anda sürücü” Cavabdeh olmuşdur. İş materillarında olan Bakı şəhəri Yasamal Rayon Dövlət X5 TP ******* saylı, 17 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 100 (yüz) AZN məbləğində cərimə edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş "xxxx" MMC-nin 625 saylı, 25 sentyabr 2020-ci il tarixli “qüsur aktı”nın surətindən görünür ki, zərərçəkmiş şəxs X2 590 (beş yüz doxsan) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş PXA68590 saylı, 25 sentyabr 2020-ci il tarixli “Sığorta aktı”nın surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən əmlaka dəymiş zərərə görə zərərçəkmiş şəxs X2 590 (beş yüz doxsan) AZN məbləği həddində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 24 sentyabr 2020-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün zərərçəkmiş şəxs X2 bank hesabı açılmış və plastik kart təqdim edilmişdir. İş materiallarında olan 28 senyabr 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən əmlaka dəymiş zərərə görə zərərçəkmiş X1 hesabına 590 (beş yüz doxsan) AZN məbləği həddində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2020-ci il tarixli “Borcun etirafı və onun ödənilməsi haqqında” razılaşma müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə 590 (beş yüz doxsan) AZN məbləğində borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh 27 sentyabr 2021ci il tarixdə 50 (əlli) AZN məbləğində, 28 oktyabr 2021-ci il tarixdə 50 (əlli) AZN məbləğində, ümumilikdə 190 (yüz doxsan) AZN məbləğində pulu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödəniş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 05/01-117 saylı, 22 oktyabr 2020-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh subroqasiya tələbi qaydasında sığorta ödənişi barədə iddiaçı "xxxx" ASC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 30 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 936.1-ci maddəsinə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, 1. Cavabdeh istifadəsində olan “VAZ 21041” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortaçı "xxxx" ASC tərəfindən 06 aprel 2020-ci il tarixdən 06 aprel 2021-ci il tarixədək 1 (bir) il müddətinə 5000 (beş min) AZN məbləği həcmində sığortalandığı; 2. “İcbari sığorta müqaviləsi”nin şərtləri pozulduğu; 3. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi; 4. İddiaçı "xxxx" ASC sığorta ödənişi məbləğində Cavabdeh subroqasiya hüququ yarandığı; 5. Mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçı "xxxx" ASC-yə maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 400 (dörd yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-418/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-418/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver