Məhkəmə qərarları › İş №2(072)-424/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-424/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-424/2024 28.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icra qeydinin ləğv olunmaqla, borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icra qeydinin ləğv olunmaqla, borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və bir müddət Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur, yəni tikinti materiallarının satışını həyata keçirmişdir. Cavabdeh tanıyır, belə ki, o da bir müddət Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Cavabdeh "xxxx" MMC-də tikinti materiallarının satışını həyata keçirmişdir. Füzuli Rayon Notariat Ofisinin 8i-3137 saylı, 14 noyabr 2023-cü il tarixli icra qeydi əsasında Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 22 noyabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. İcra qeydinə əsasən ondan 78000 (yetmiş səkkiz min) AZN məbləğində pul və 25 (iyirmi beş) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. Cavabdeh heç vaxt onun işlətdiyi mağaza ilə işləməmişdir. O, mağazanı təhvil verəndən sonra Cavabdeh onun övladı X4 ilə qeyri-rəsmi “alver” etmişdir. İşlədikləri şirkət heç vaxt öz kassasında 1000-2000 manatdan artıq pul saxlamamışdır. Lakin oğlu Əlizamin ona demişdir ki, Seymur onu narahat edir və “Bandotdel” ilə hədələyir. O bu məsələni aydınlaşdırmaq üçün "xxxx" MMC-nin direktoru Rasim müəllimin yanına getmişdir. Rasim müəllim ona oğlu Əlizaminin Seymura pul borcu olduğuna görə notariusda borc müqaviləsi bağlamağı təklif etmişdir. O, oğlu Əlizamindən bu məsələ barədə soruşmuş və oğlu demişdir ki, onun Seymurgilə 76000 (yetmiş altı min) AZN məbləğində borcu vardır. Daha sonra o, Seymurdan bu məsələ barədə soruşmuş və o demişdir ki, oğlu Əlizaminin ona 76000 (yetmiş altı min) AZN məbləğində borcu vardır. Beləliklə, o, oğlu Əlizamini qorumaq üçün 07 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisində Cavabdeh ilə borc (kredit) müqaviləsi bağlamışdır. Lakin o, Cavabdeh borc pul almamışdır. Onu da qeyd edir ki, dostu X8 ona yaranmış borcun ödənilməsinə görə kömək etmək üçün 20000 (iyirmi min) AZN məbləğində pul verəcəyini, lakin ona evinin çıxarışını əldə etmək üçün 4000 (dörd min) AZN məbləğində pul lazım olduğunu demişdir. Şirkətin direktoru da dostu Fəridə 4000 (dörd min) AZN məbləğində pul vermiş və həmin pul məbləği də 76000 (yetmiş altı min) AZN məbləğində borcun üstünə gələrək, borc (kredit) müqaviləsində borc pulun məbləği 80000 (səksən min) AZN məbləği kimi yazılmışdır. Hal-hazırda Cavabdeh ondan 76000 (yetmiş altı min) AZN məbləğində pul tələb edir. Lakin o, Seymura olan 76000 (yetmiş altı min) AZN məbləğində pul borcunu tam ödəmişdir. Eyni zamanda bildirir ki, oğlu Əlizaminin bir neçə şəxsə pul borcu olmuş və bu səbəbdən də o, 11 noyabr 2022-ci ildə intihar edərək, özünü öldürmüşdür. Fakt üzrə Abşeron rayon prokurorluğunda cinayət işi başlanmış və Abşeron rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən cinayət hadisəsi olmadığına görə 17 iyul 2023-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan başqa, İddiaçı bildirir ki, o, Cavabdeh ilə 07 oktyabr 2022ci il tarixli borc (kredit) müqaviləsini yalandan bağlamış, həm də bağlanmış bu müqavilə uydurma müqavilədir. Bundan başqa, İddiaçı bildirir ki, o, məcburiyyət qarşısında qalıb Cavabdeh ilə 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsini bağlamışdır. Bundan başqa, İddiaçı bildirir ki, Cavabdeh olan 76000 (yetmiş altı min) AZN məbləğində pul borcunu tam ödəmiş və qaimələr bunu sübut edir. Ümumiyyətlə hesab edir ki, 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsi etibarsızdır, Füzuli Rayon Notariat Ofisinin 8i-3137 saylı, 14 noyabr 2023-cü il tarixli icra qeydi ləğv olunmalıdır və bununla bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Bütün bunları nəzərə alaraq, Füzuli Rayon Notariat Ofisinin 8i-3137 saylı, 14 noyabr 2023-cü il tarixli icra qeydinin ləğv olunmaqla, 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. O, bir müddət Bakı şəhərində sahibkarlıq fəaliyyəti məşğul olmuş, fərdi sahibkar statusu olan fiziki şəxs olmuş, lakin 16 iyun 2022-ci il tarixdən etibarən vergi uçotu ləğv edilmişdir. Belə ki, bir müddət tikinti materiallarının satışını həyata keçirmişdir. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, 2022-ci ilin oktyabr ayında İddiaçı ona müəyyən məbləğ pul vəsaitinə ehtiyacı olduğunu bildirərək, ona 80000 (səksən min) AZN məbləğində borc pul verməsini xahiş etmişdir. Hətta həmin vaxt İlqar kişinin oğlu mərhum Əlizamin də ona atasının müəyyən pul vəsaitinə ehtiyacı olduğu üçün atasına 80000 (səksən min) AZN məbləğində borc pul verməsini xahiş etmişdir. Beləliklə, o, İlqar kişinin və onun oğlu mərhum Əlizaminin xahişini nəzərə alaraq, onlara inanıb 07 okyabr 2022-ci il tarixdə notarial qaydada bağlanmış borc (kredit) müqaviləsinə əsasən İddiaçı 80000 (səksən min) AZN məbləğində borc pul vermişdir. Borc (kredit) müqaviləsinə əsasən İddiaçı həmin borc pul məbləğinin bir hissəsini, yəni 24000 (iyirmi dörd min) AZN məbləğini 22 oktyabr 2022-ci il tarixədək, qalan 56000 (əlli altı min) AZN məbləğini isə 31 dekabr 2022-ci il tarixədək ona geri qaytarılması barədə öhdəlik götürmüşdür. Lakin İddiaçı 80000 (səksən min) AZN məbləğində borcdan sadəcə 2000 (iki min) AZN məbləğini ona qaytarmış və hazırda onun 78000 (yetmiş səkkiz min) AZN məbləğində borcu qalmışdır. Onu da qeyd edir ki, İddiaçı övladı X2 ona pul borcu olmamışdır. Halhazırda İddiaçı ona 78000 (yetmiş səkkiz min) AZN qalıq borcunu ödəməkdən yayınır və ödəməmək üçün müxtəlif bəhanələr edir. Eyni zamanda bildirir ki, əgər İddiaçı övladı Əlizaminin ona 76000 (yetmiş altı min) AZN məbləğində pul borcu olsa idi, borc (kredit) müqaviləsini X4 ilə bağlayardı. Çünki 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsi bağlanan zaman X1 idi. Ümumiyyətlə, onun ilə mərhum X4 arasında heç bir borc məsələsi olmamışdır. Onu da qeyd edir ki, İddiaçı gah 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsinin yalandan bağlandığını, gah məcburiyyət qarşısında qalıb bağladığını, gah da ona olan 76000 (yetmiş altı min) AZN məbləğində pul borcunu tam ödədiyi bildirir. Bunda başqa, əgər İddiaçı ona pul borcu yoxdursa, niyə ona olan 76000 (yetmiş altı min) AZN məbləğində borcunu tam ödədiyini və qaimlərin bunu sübut etdiyini bildirir..? Əgər 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsi yalan və ya uydurma müqavilədirsə və ya məcburiyyət qarşısında qalıb bağlamışdırsa, niyə İddiaçı 2 (iki) il müddət ərzində, hətta oğlu Əlizamin öldüyü tarixdən sonra ərizə ilə məhkəməyə müraciət etməmişdir..? Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Belə ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, əsassız olaraq icra qeydini ləğv etdirməklə borcu ödəməkdən yayınmaq fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “icra qeydinin ləğv olunmaqla, borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Vəkil Cavabdeh izahatına uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh nümayəndəsi (vəkil) Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon Notariat Ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisi qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Belə ki, üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon Notariat Ofisinin nümayəndəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinin nümayəndəsi hər biri ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş və mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin, o cümlədən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh ilə İddiaçı arasında notarial qaydada bağlanmış 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsinin surətindən görünür ki, Məmmədov X6 İlqar Kamil oğluna 80000 (səksən min) AZN məbləğində pulu borc verməyi və İddiaçı isə 80000 (səksən min) AZN məbləğində pulun 24000 (iyirmi dörd min) AZN məbləğində hissəsini 22 oktyabr 2022-ci il tarixədək, 56000 (əlli altı min) AZN məbləğində hissəsini isə 31 dekabr 2022-ci il tarixədək Cavabdeh qaytarmağı öhdəlik götürmüşdür. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən İddiaçı borc verilməsi üçün bank vasitəsilə notariusun hesabına 80000 (səksən min) AZN məbləğində pul ödənilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh 14 noyabr 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, 3M-1383 saylı, 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsi üzrə öhdəliklərin icra vaxtı 31 dekabr 2022-ci il tarixdə bitdiyi, “borc alan” İddiaçı 80000 (səksən min) AZN məbləğində borcundan 2000 (iki min) AZN məbləğində hissəsini geri qaytardığı və 78000 (yetmiş səkkiz min) AZN məbləğində borcu qaldığı üçün “borc verən” Cavabdeh borc (kredit) müqaviləsi üzrə icra qeydinin aparılması barədə Füzuli Rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş Füzuli Rayon Notariat Ofisinin 8i-3137 saylı, 14 noyabr 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, borclu İddiaçı 78000 (yetmiş səkkiz min) AZN məbləğində pul və 25 (iyirmi beş) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan “Cinayət işinin icraatına xitam verilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, X2 intihar etməsi faktı üzrə cinayət hadisəsi olmadığı üçün Abşeron rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinin 1577 saylı, 10 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, notariat ofislərində, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisində müşahidə kameraları xüsusi notariuslar tərəfindən öz vəsaiti hesabına ofisin əməkdaşlarının əmək intizamı qaydalarına əməl olunması nəzarətinin həyata keçirilməsi məqsədilə quraşdırılmış, həmin kameraların videogörüntüləri notariat ofisləri tərəfindən arxivləşdirilmir və bu səbəbdən də, müşahidə kameralarının videogürüntülərinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və fərdi sahibkar statusu olan fiziki şəxsdir. (VÖEN: **********.) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 və Uçotun Təşkli Baş İdarəsinin 3-21-2-4/2- 90008/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı sahibkarlıq və vergi tutma əməliyyatları 01 iyun 2023-cü il tarixdən 01 iyun 2063-cü il tarixədək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 və Uçotun Təşkli Baş İdarəsinin 3-21-2-4/2- 74475/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi vergi orqanında vergi uçotu 16 iyun 2022-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Baçşısının Füzuli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-43-11/2-163/2024 saylı, 13 may 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı məcburi köçkündür və halhazırda məcburi köçkün kimi müvəqqəti ünvan 1 ünvanda məskunlaşmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış 07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən cavabdeh-“borc verən” Cavabdeh 80000 (səksən min) AZN məbləğində pulu iddiaçı-“borc alan” İddiaçı borc verməyi, iddiaçı-“borc alan” İddiaçı 80000 (səksən min) AZN məbləğində pulun 24000 (iyirmi dörd min) AZN məbləğində hissəsini 22 oktyabr 2022-ci il tarixədək, 56000 (əlli altı min) AZN məbləğində hissəsini isə 31 dekabr 2022-ci il tarixədək cavabdeh-“borc verən” Cavabdeh qaytarmağı öhdəlik götürmüşdür. Bundan başqa, notariusin icra qeydinə əsasən iddiaçı-“borclu” İddiaçı 78000 (yetmiş səkkiz min) AZN məbləğində pul və 25 (iyirmi beş) AZN məbləğində dövlət rüsumu tutularaq, cavabdeh “tələbkar” X3 xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...07 oktyabr 2014-cü il tarixli borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olubolmaması, xüsusilə tərəflərin əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin olub-olmaması (1. “uydurma əqd”in əlamətlərinin-tərəflərin müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyətinin olub-olmaması; 2. “yalan əqd”in əlamətlərinin-tərəflərin görünüş üçün başqa bir əqdi pərdələmək niyyətinin olub-olmaması; 3. “məcburetmə halında bağlanmış əqd”in əlamətlərinin-tərəflərin iradə sərbəstliyinin pozulub-pozulmaması) kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “borc müqaviləsi” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı “mülki hüquq subyektlərinin iradə sərbəstliyi” və “müqavilə azadlığı” prinsiplərinə əsasən özünün pozulmuş mülki hüquqlarının və eləcə də, üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının təmini məqsədilə Cavabdeh qarşı mülki hüquqi nəticələrə səbəb olmayan “icra qeydinin ləğv edilərək, borc müqaviləsinin etibarsız hesab edilməsi ” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir və müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir...Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır. (uydurma əqd) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Həmin Qərarda qeyd edilmişdir ki, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, həmin hərəkətlərin üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir... Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər... Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur... Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur...Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə iş materiallarında olan “07 oktyabr 2022-ci il tarixli borc (kredit) müqaviləsi” ilə bağlı hesab edir ki, həm borc müqaviləsi bağlanan zaman, həm də mülki işin məhkəmə baxışı zamanı “borc verən” Cavabdeh fərdi sahibkar statusunu itirmiş fiziki şəxs, “borc alan” İddiaçı fərdi sahibkar statusu olan fiziki şəxs olmasına baxmayaraq, hətta 80000 (səksən min) AZN məbləğində borc pul sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilsə belə, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı nəzərə alınmaqla, mübahisənin xarakteri kommersiya mübahisəsi deyildir və mübahisəyə ümumi məhkəmə baxır. Bundan başqa, məhkəmə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Eləcə də məhkəmə aktı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə 07 oktyabr 2014-cü il tarixli borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olmasını (istər uydurma əqdin, istər yalan əqdin, istərsə də məcburetmə halında bağlanmış əqdin əlamətlərini) əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı Cavabdeh qarşı “icra qeydinin ləğv olunmaqla, borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “icra qeydinin ləğv olunmaqla, borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar