Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-426/2025 25.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil): Fərdi qaydada fəaliyyət göstərən Vəkil, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 8 saylı fərdi yaşayış evi hüquqlarını təmsil etdiyi İddiaçı xüsusi mülkiyyətindədir. Qarşılıqlı şifahi razılığa əsasən Cavabdeh bir müddət həmin ünvanda kirayədə yaşamışdır. Cavabdeh kirayə yaşadığı müddətdə, yəni 25 avqust 2024-cü il tarixdə, təxminən saat 07:00 radələrində həmin ünvanda yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən araşdırma aparılmışdır. Belə ki, araşdırma zamanı baş vermiş yanğın hadisəsi faktında Cavabdeh Firudin oğlunun və İddiaçı əməllərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor X3 tərəfindən 26 dekabr 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eləcə də araşdırma zamanı İddiaçı (evin içindəki əşyalar istisna olmaqla) 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Onu da qeyd edir ki, ilk vaxtlar Cavabdeh İddiaçı evin təmir edəcəyini bildirsə də, lakin sonradan heç bir köməklik etməmişdir. İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün dəfələrlə Cavabdeh müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ona dəymiş maddi zərərin əvəzini ödəməkdən yayınmışdır. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 129 (yüz iyirmi doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, bir müddət ailəsi ilə birlikdə qarşılıqlı şifahi razılığa əsasən İddiaçı məxsus Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 8 saylı fərdi yaşayış evində hər ay 100 (yüz) AZN məbləğində kirayə haqqı ödəmək şərtilə kirayədə yaşamışdır. İddia tələbi barədə bildirir ki, 25 avqust 2024-cü il tarixdə, təxminən saat 07:00 radələrində işdə olan zaman həmin ünvanda yanğın hadisəsi baş vermişdir. Hesab edir ki, yanğın hadisəsi onun təqsiri ücbatından baş verməmişdir, yəni elektrik naqillərində artıq yüklənmə olmamışdır. Eyni zamanda bildirir ki, baş vermiş yanğın hadisə zamanı onun da bir neçə ev əşyası yanmış və ona da müəyyən məbləğdə maddi zərər dəymişdir. Onu da qeyd edir ki, o, ilk vaxtlar evi təmir etməyə razı olmuş, lakin sonradan İddiaçı buna razı olmamış və ondan 15000 (on beş min) AZN məbləğində pul tələb etmişdir. Hesab edir ki, dəymiş maddi zərərin məbləği ekspert tərəfindən yüksək həddə hesablanmışdır. Ümumiyyətlə, onun 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində maddi zərərin əvəzini birdəfəlik İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı yoxdur. Bununla yanaşı, o, 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində maddi zərərin əvəzini İddiaçı xeyrinə hər ay hissə-hissə, yəni 30 (otuz) AZN məbləğində pul ödəyə bilər. Bu səbəbdən də, İddiaçı ona qarşı irəli sürdüyü “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianı rədd edir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd olunması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MA ******* №-li, 26 noyabr 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 8 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yanğın faktında vətəndaş Cavabdeh və vətəndaş İddiaçı əməllərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsinə dair 3-16-16/2-10/7674 №-li, 29 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 8 saylı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində tikinti üzrə İddiaçı 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsindən imtina haqqında 3-16-16/2-9/7978 №-li, 09 dekabr 2024-cü il tarixli məlumatına əsasən tədqiqata təqdim edilən 11 (on bir) növdə mallar barədə kifayət qədər məlumat olmadığı üçün rəyin verilməsi mümkün deyildir. İş materiallarında olan ********** saylı, 11 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 129 (yüz iyirmi doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 4-cü bəndinə əsasən yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır. Həmin Qanunun 1-ci maddəsinin 5-ci bəndinə əsasən yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 1-ci maddəsinin 6-cı bəndinə əsasən yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: 1) yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi; 2) yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməsi; 3) sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində iştirakı; 4) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq. Həmin Qanunun 7-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifəkəri vardır: 1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək; 2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq; 3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək; 4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını söndürmək üçün mümkün tədbirlər görmək; 5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək; 6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi” Qaydalarının 1.10-cu bəndinə əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 1.10.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək; 1.10.2. Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq; 1.10.3. Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon X1 Xidmətinə məlumat vermək; 1.10.4. Yanğımdan Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək; 1.10.5. Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstərmək; 1.10.6. X4 Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 1.10.7. Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün səhər və rayon X4 Orqanı vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. 1.10.8. Hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırki qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Eyni zamanda, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halı, yəni “Cavabdeh kirayədə yaşadığı müddət ərzində öz istifadəsində olan fərdi yaşayış evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi səbəbindən yanğın hadisəsinin baş verməsi və baş vermiş yanğın hadisəsi nəticəsində ona 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində maddi zərərin dəyməsi” faktı 26 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapmışdır. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh etiraz məzmunlu izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, 24 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etdiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 12780 (on iki min yeddi yüz səksən) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 129 (yüz iyirmi doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov