Məhkəmə qərarları › İş №2(072)-526/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-526/2025

27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-526/2025 27.08.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır, Cavabdeh 3 (üç) ildir tanıyır və uzaq qohumudur. İddiaçı Cavabdeh pensiya düzəltdiyini eşidib ona müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunda qohumunun işlədiyini və onun vasitəsilə 7500 (yeddi min beş yüz) AZN məbləğində pul qarşılığında ona pensiya düzəldə biləcəyini bildirmişdir. İddiaçı Cavabdeh inanıb, özünə pensiya düzəltməsi üçün 2020-ci ilin sentyabr ayında ona 7500 (yeddi min beş yüz) AZN məbləğində pul vermişdir. Bundan başqa, 2021-ci ilin noyabr ayında söhbət zamanı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Mənzil X1 “Gəncə” və “Yasamal” yaşayış komplekslərində inşa edilmiş yaşayış binalarından güzəştli şərtlərlə mənzil almaq istədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Mənzil X2 qohumunun işlədiyini, onun vasitəsilə asanlıqla “mənzil udmağın” mümkün olduğunu və Gəncə şəhərində inşa edilmiş yaşayış kompleksindəki yaşayış binasından 3 (üç) otaqlı mənzili 5000 (beş min) AZN məbləğində, Bakı şəhəri, Yasamal rayonunda inşa edilmiş kompleksindəki yaşayış binasından 1 (bir) otaqlı mənzili 1000 (min) AZN məbləğində pul qarşılığında əldə edə biləcəyini demişdir. İddiaçı Cavabdeh inanıb, həm Gəncə şəhərində, həm də Bakı şəhəri, Yasamal rayonunda mənzil almaq məqsədilə ona ümumilikdə 5500 (beş min beş yüz) AZN məbləğində pul vermişdir. Bundan başqa, 2022-ci ilin aprel ayında söhbət zamanı İddiaçı Cavabdeh ünvan 2 ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evi təmirsiz olduğu üçün evi söküb, yenisini tikmək istədiyini, lakin buna maddi cəhətdən imkanı olmadığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun vasitəsilə sosial yardım edilərək, ucuz qiymətə evin sökülüb yenidən tikilməsində ona köməklik edə biləcəyini bildirmişdir. İddiaçı Cavabdeh inanıb, ona 7000 (yeddi min) AZN məbləğində pul vermişdir. Bir müddət sonra Cavabdeh ondan əlavə olaraq 1500 (min beş yüz) AZN məbləğində pul almış, lakin evi inşa etdirməmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh İddiaçı yalan vəd verərək, onu aldatmaqla vahid niyyət ilə onun ümumilikdə 18500 (on səkkiz min beş yüz) AZN məbləğində pulunu ələ keçirərək, dələduzluq etmişdir. Cinayəti işinin ibtidai istintaqı zamanı dəymiş maddi ziyanın bir hissəsi, yəni 300 (üç yüz) AZN məbləğində pul Cavabdeh tərəfindən İddiaçı ödənilmişdir. Lakin dəymiş maddi ziyanın qalan hissəsi, yəni 18200 (on səkkiz min iki yüz) AZN məbləğində pul bu günədək Cavabdeh tərəfindən İddiaçı ödənilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1495/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eləcə də zərərçəkmiş şəxs İddiaçı dəymiş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etməsi hüququ izah edilmişdir. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 18200 (on səkkiz min iki yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 145 (yüz qırx beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. 25 iyul 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 iyul 2025-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1495/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1495/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı məxsus ümumilikdə 18500 (on səkkiz min beş yüz) AZN məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi öz təsdiqini tapmış, eləcə də zərərçəkmiş şəxs İddiaçı dəymiş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etməsi hüququ izah edilmişdir. İş materiallarında olan ********* saylı, 02 iyun 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 145 (yüz qırx beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş... 1. İddiaçı Cavabdeh qarşı “pul” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması; 2. Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına əmlak (ümumilikdə 18500 (on səkkiz min beş yüz) AZN məbləğində pul vəsaiti) əldə edib-etməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə hesab edir ki, “varlanmış şəxs” Cavabdeh hüquqi əsas olmadan (haqq qazandıran qanuni əsas olmadan...) “məhrum olan” İddiaçı hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün İddiaçı pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Eyni zamanda, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halı, yəni “Cavabdeh İddiaçı hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, ümumilikdə 18500 (on səkkiz min beş yüz) AZN məbləği həddində əsassız varlanması” faktı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də öz təsdiqini tapmışdır. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh mülki işə onun iştirakı olmadan baxılaraq, qətnamə qəbul edilməsini xahiş etməsi, eləcə də iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməməsi faktı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1495/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmü işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı əsassız varlanmaya görə pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh hüquqi əsas olmadan (haqq qazandıran qanuni əsas olmadan...) İddiaçı hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etdiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh 18200 (on səkkiz min iki yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 145 (yüz qırx beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 18200 (on səkkiz min iki yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 145 (yüz qırx beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar