Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-613/2024 15.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi İddiaçı onun oğludur. O, 08 avqust 2022-ci il tarixdə 2006-cı il istehsalı olan “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 2023-cü ilin aprel ayında Cavabdeh ilə şifahi razılaşma əsasən həmin avtomobili gündəlik 25 (iyirmi beş) AZN məbləği icarə haqqı olmaqla, Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş 30 aprel 2023-cü il tarixli etibarnamə üzrə idarə etmək üçün (sürmək) vermişdir. Bir neçə dəfə Cavabdeh gündəlik icarə haqqını ödəsə də, lakin sonrakı günlərdə avtomobilin nasazlığını aradan qaldırmaq üçün icarə haqqını təkərin və digər hissələrin təzələnməsinə yönəltmişdir. Daha sonra Cavabdeh mobil telefon zənglərə cavab verməmiş, eləcə də gündəlik icarə haqqını ödəməmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh avtomobili İddiaçı razılığı olmadan dostu X3 idarə etmək üçün vermişdir. X4 isə həmin avtomobili idarə edən zaman 19 may 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Onlar 21 may 2023-cü il tarixdə Cavabdeh mobil telefonuna zəng etmiş, zəngə cavab verən şəxs demişdir ki, o, Malikin dostudur, Malik yol nəqliyyat hadisəsi törətdiyi üçün vəziyyəti pisdir, eləcə də başqa mobil telefon nömrəsi vermişdir ki, əgər Malik telefon zənglərinə cavab verməsə, həmin nömrə ilə əlaqə saxlasınlar. Onlar Malikin dostu Cavidə zəng edərək, bildirmişlər ki, avtomobili təmir edib, saz vəziyyətdə özlərinə geri qaytarsınlar. Lakin sonradan Cavabdeh onların zənglərini cavab verməmiş və avtomobili geri qaytarmamışdır. Bununla bağlı onlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə və Sumqayıt Şəhər Polis İdarəsinə şikayət etmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı onlara bildirmişdir ki, avtomobil cərimə meydançasından 22 may 2023-cü il tarixdə sahibinə qaytarılması üçün Cavabdeh təqdim edilmişdır. Lakin Cavabdeh avtomobili onlara geri qaytarmamış, avtomobilin əsas ehtiyat hissələrini sökərək avtomobili Sumqayıt şəhəri 48-ci məhəllədə sahibsiz vəziyyətdə atıb, nə ona, nə də Polisə məlumat vermişdir. Daha sonra 30 may 2023-cü ildə onlar avtomobili tapsa da, lakin avtomobilin üzərində əsas ehtiyat hissələri və bir çox detallar olmamışdır. O, avtomobilin əsas ehtiyat hissələrinin oğurlanması faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 58-1/2-9-8477-28/23 saylı, 19 iyun 2023-cü il tarixli məktubu ilə müraciət mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Eyni zamanda bildirir ki, baş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əzilməsi nəticəsində onlara dəymiş maddi zərərin həcmi Sığorta şirkəti tərəfindən 1090 (min doxsan) AZN məbləği dəyərində qiymətləndirilərək, İddiaçı ödənilmişdir. Lakin həmin avtomobil Sumqayıt Şəhər Polis İdarəsinin cərimə meydançasından Cavabdeh tərəfindən 22 may 2023-cü il tarixdə qəbul edildikdən sonra İddiaçı təqdim edilməmiş, avtomobilin üzərindən bir neçə ehtiyat hissəsi Cavabdeh tərəfindən götürülmüş və avtomobil yararsız vəziyyətə salınmışdır. Onlar dəymiş maddi zərərin həcminin müəyyən edilməsi üçün "xxxx" Şirkətinə müraciət etmişlər, Şirkət tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilin üzərində olmayan hissələr və çəkiləcək təmir xərcləri qiymətləndirilmişdir. Belə ki, "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş 060723-r026 saylı, 06 iyul 2023-cü il tarixli “Qiymətləndirmə və təmir xərcləri aktı”na əsasən, “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olmayan ehtiyat hissələr və təmir haqqı aşağıdakı kimi müəyyən edilmişdir: 1. Çıxış kollektoru (ehtiyat hissə) - 700 manat; 2. Giriş kollektoru (ehtiyat hissə) - 750 manat, usta haqqı - 100 manat, cəmi 850 manat; 3. Motorun radiatoru (ehtiyat hissə) - 580 manat, usta haqqı - 150 manat, cəmi 730 manat; 4. Kondisanerin radiatoru (ehtiyat hissə) - 690 manat, usta haqqı - 100 manat, cəmi 790 manat; 5. Akkumlyator-yararsız vəziyyətdə (ehtiyat hissə) - 185 manat, usta haqqı - 100 manat, cəmi 285 manat; 6. Starter (ehtiyat hissə) - 640 manat, usta haqqı-100 manat, cəmi 740 manat; 7. Kondisanerin kompressoru (ehtiyat hissə) - 1188 manat, usta haqqı - 80 manat, cəmi 1268 manat; 8. Təzyiq nasosu (ehtiyat hissə) - 3350 manat, usta haqqı - 200 manat, cəmi 3550 manat; 9. Filtrin soyuducusu-qırılıb (ehtiyat hissə) - 220 manat, usta haqqı - 80 manat, cəmi 300 manat; 10. Soyuducu şlankları (ehtiyat hissə) - 200 manat, usta haqqı - 80 manat, cəmi 280 manat; 11. Motorun su şlankları (ehtiyat hissə) - 140 manat, usta haqqı - 40 manat, cəmi 180 manat; 12. Motorun remeni (ehtiyat hissə) - 68, usta haqqı - 30 manat, cəmi 98 manat; 13. Turbo (ehtiyat hissə) - 3724 manat, usta haqqı - 150 manat, cəmi 3874 manat; 14 Katalizator-boşaldılıb (ehtiyat hissə) - 3284 manat, usta haqqı - 80 manat, cəmi 3364 manat; 15. Turbonun radiatoru (ehtiyat hissə) - 1570 manat, usta haqqı - 50 manat, cəmi 1620 manat; 16. Motorun beyni (ehtiyat hissə) - 1380 manat, usta haqqı-100 manat, cəmi 1480 manat; 17. Perexadniklər qutusu (ehtiyat hissə) - 1755 manat; 18. Muftanin trosuqırılıb (ehtiyat hissə) - 97 manat, usta haqqı - 30 manat, cəmi 127 manat olmaqla, ümumilikdə 22100 (iyirmi iki min yüz) AZN məbləği. Bundan başqa, avtomobilə dəymiş zərərin qiymətləndirməsinin aparılması üçün "xxxx" Şirkətinə 80 (səksən) AZN məbləğində xidmət haqq ödənilmişdir. İddiaçı dəymiş maddi zərərin ödənilməsi barədə dəfələrlə Cavabdeh müraciət etsə də, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta, onlar bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu, eləcə də Cavabdeh və digər şəxslərin əməlində cinayət tərkibi olmadığı üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 aprel 2024-cü il tarixli qərar qəbul edilmişdir. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 22180 (iyirmi iki min yüz səksən) AZN məbləğində pulun, 3000 (üç min) AZN məbləğində mənəvi zərərin və iddia qaldırılması üçün ödənilmiş 157 (yüz əlli yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş BD 255926 №-li Azərbaycan Respublikası Nəqliyyat X2 surətindən görünür ki, “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində istifadə hüququna dair Cavabdeh 30 aprel 2023-cu il tarixdə etibarnamə verilmiş və etibarnamə 30 may 2024-cü il tarixədək qüvvədədir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı müraciətinə əsasən “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində istifadə hüququna dair Cavabdeh 30 aprel 2023-cü il tarixdə verilmiş etibarnaməyə 30 may 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 060723-r026 saylı, 06 iyul 2023-cü il tarixli “Qiymətləndirmə və təmir xərcləri aktı”ndan görünür ki, İddiaçı 22100 (iyirmi iki min yüz) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan “Sistem”dən çıxarışdan görünür ki, Cavabdeh İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “Sistem”dən çıxarışdan görünür ki, X4 İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 100 (manat) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 22 may 2023-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinə təhvil verəcəyinə görə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 58-1/2- 9-8477-28/23 saylı, 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Nümayəndə müraciəti mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş Nümayəndə müraciəti əsasında toplanmış material üzrə mübahisə mülki hüquqi xarakterli olduğu, eləcə də Cavabdeh və digər şəxslərin əməlində cinayət tərkibi olmadığı üçün Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin qiymətləndirməsinin aparılması üçün İddiaçı tərəfindən 80 (səksən) AZN məbləğində haqq "xxxx" Şirkətinə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 07 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən iddia qaldırılması üçün 157 (yüz əlli yeddi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 060723-r026 saylı, 06 iyul 2023-cü il tarixli “qiymətləndirmə və təmir xərcləri aktı”na əsasən İddiaçı məxsus “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarasız vəziyyətə düşməsi müəyyən edilmiş və dəymiş maddi zərərin məbləği 22100 (iyirmi iki min yüz) AZN məbləğində məbləği həddində hesablanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. Cavabdeh tərəfindən “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində istifadə hüququna dair etibarnaməyə xitam verildikdən sonra İddiaçı təhvil veribverməməsi; 2. İddiaçı xüsusi mülkiyyətində olan “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə (daşınar əmlak) məhz Cavabdeh təqsirli, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddia edildiyi kimi yararsız vəziyyətə düşübdüşməməsi və 3. İddiaçı xüsusi mülkiyyətində olan “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məhz Cavabdeh təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından maddi zərərin dəyibdəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə məhz Cavabdeh təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə "xxxx" MMC-nin 060723-r026 saylı, 06 iyul 2023-cü il tarixli “Qiymətləndirmə və təmir xərcləri aktı”nın mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, mütəxəssis rəyi mövcud iş üzrə ilk əvvəl hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə “Cavabdeh təqsirli olub-olmamasını” müəyyən etmir və yalnız texniki məsələlərlə bağlı kömək xarakteri daşıyır. Belə ki, mütəxəssis rəyi ilə İddiaçı xüsusi mülkiyyətində olan “KİA RİO” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşməsi və onun maddi zərərə məruz qalması müəyyən edilsə də, lakin avtomobilin məhz Cavabdeh təqsiri, hüquqa zidd əməli ucbatından yararsız vəziyyətə düşməsi və bunun nəticəsində İddiaçı maddi zərərin dəyməsi sübuta yetirilmir. Bu səbəbdən də, mütəxəssis rəyi iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdehin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mövcud işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-613/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-613/2024
15.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver