Məhkəmə qərarları › İş №2(072)-623/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-623/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-623/2024 27.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cavabdeh tanıyır, belə ki, onun həmyerlisidir. Özünün “Bəhrəmtəpə-Biləsuvar” avtomobil yolunun yaxınlığında “Yaşıl məkan” adlı yeməkxanası vardır. 2024-cü ilin əvvəlində Cavabdeh “Yaşıl məkan” adlı yeməkxananı işlətməsi üçün ona icarəyə verməsini xahiş etmişdir. Beləliklə, aralarında bağlanmış şifahi razılaşmaya əsasən o, “Yaşıl məkan” adlı yeməkxananı hər ay 150 (yüz əlli) AZN məbləğində icarə haqqı qarşılığında işlətməsi üçün Cavabdeh icarəsinə vermişdir. Lakin Cavabdeh həmin yeməkxananı icarə müqaviləsi əsasında işlətsə də, lakin aylıq icarə haqqını ödəməmişdir. Hal-hazırda Cavabdeh ona 480 (dörd yüz səksən) AZN məbləğində ödənilməmiş icra haqqı borcu mövcuddur. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh həmin icarə haqqı borcunu bu günədək ona geri qaytarmamışdır. O, həmin icarə haqqı borcunun ödənilməsi barədə dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta o, bu barədə Biləsuvar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Biləsuvar Rayon Polis X1 təhqiqatçısı, polis mayoru X2 tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 480 (dörd yüz səksən) AZN məbləğində icra haqqının tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyi, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə, eləcə də irəli sürülmüş iddia tələbini etiraf edərək, maddi cəhətdən çətinlik çəkdiyi üçün İddiaçı xeyrinə 480 (dörd yüz səksən) AZN məbləğində icarə haqqının ödənişini həyata keçirə bilməməsi, maddi imkanı daxilində qısa müddət ərzində İddiaçı olan icarə haqqını tam şəkildə ödəyəcəyi məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün Biləsuvar Rayon Polis X1 təhqiqatçısı, polis mayoru X2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır, fərdi sahibkar statusu olan fiziki şəxsdir. (VÖEN: **********) İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınmamışdır, yəni vergi ödəyicisi deyildir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış “icarə/əmlak kirayəsi” müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh aylıq 150 (yüz əlli) AZN məbləğində icarə haqqı ödənilməklə əmlak (yeməkxana) icarəyə verilmiş, Cavabdeh müəyyənləşdirilmiş icarə haqqını İddiaçı ödəməyi öz üzərinə öhdəlik götürmüş və “borclu” Cavabdeh “icarə/əmlak kirayəsi” müqaviləsindən irəli gələn öhdəliyini icra etməmişdir. Bundan başqa, irəli sürülmüş iddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi, yəni 480 (dörd yüz səksən) AZN məbləğində pulun ödənilməməsi faktı mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “icarə/əmlak kirayəsi” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Məhkəmə “tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi” ilə bağlı qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Eyni zamanda, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halı, yəni “Cavabdeh tərəfindən “icarə/əmlak kirayəsi” müqaviləsindən irəli gələn öhdəliyinin icra edilməməsi və İddiaçı 480 (dörd yüz səksən) AZN məbləğində icarə haqqının ödənilməməsi” faktı 07 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapmışdır. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, 07 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarı işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. Bundan başqa, məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi, eləcə də bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və 480 (dörd yüz səksən) AZN məbləğində pul Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış “icarə/əmlak kirayəsi” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilmədiyi; 2. İddia tələbi Cavabdeh tərəfindən etiraf edildiyi, eləcə də bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün iddia tələbi təmin edilməli, 480 (dörd yüz səksən) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 480 (dörd yüz səksən) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar