Məhkəmə qərarları › İş №2(072)-66/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-66/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-66/2025 19.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cavabdeh onun qaynıdır, yəni Zaurun bacısı X4 onun arvadıdır. Lakin müəyyən ailədaxili mübahisələrə görə o, X2 qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə, eləcə də “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin rəsmi nikahlarına xitam verilməmiş və mülki iş məhkəmənin icraatındadır. Belə ki, o, 05 sentyabr 2024-cü il tarixdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin icrası ilə bağlı idarə etdiyi “NİSSAN TEANA” markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə getmişdir. Həmin vaxt Cavabdeh da Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə idarə etdiyi avtomobil vasitəsilə gəlmişdir. Belə ki, o, idarə etdiyi “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində yol ayrıcında saxlamışdır. Cavabdeh da özünün idarə etdiyi avtomobili onun avtomobilinin arxa tərəfində saxlamışdır. Müəyyən səbəblərə görə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi tam başa çatmayaraq, icra prosesi təxirə salınmışdır. O, uşaqla ünsiyyət hüququ ilə bağlı icra prossesində iştirak edən zaman Cavabdeh onun idarə etdiyi avtomobilin qabaq, arxa, yan hissələrini təpiklə və açarla əzərək, eləcə də qabaq buferi sındırmaqla, avtomobili yararsız vəziyətə salmışdır. Həmin vaxt bu hadisənin şahidi atası X5 olmuşdur. O, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng-Xitməti Mərkəzinə zəng edərək məlumat vermişdir. Lakin Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən ona ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh baş vermiş hadisəni törətməsi öz təsdiqini tapmamış və ona dəymiş zərərin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hesab edir ki, Cavabdeh polis əməkdaşı olduğu üçün Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən tam və obyektiv araşdırma aparılmamışdır. Beləliklə, Cavabdeh qanunsuz əməli nəticəsində ona 1280 (min iki yüz səksən) AZN məbləğində maddi zərər dəymişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1280 (min iki yüz səksən) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. İddiaçı onun bacısı Günel xanımın əridir. Müəyyən ailədaxili mübahisələrə görə İddiaçı X2 qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə, eləcə də “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onların rəsmi nikahına xitam verilməmiş və mülki iş məhkəmənin icraatındadır. O, 05 sentyabr 2024-cü il tarixdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin icrası ilə bağlı bacısı Günel xanımı və onun övladını, eləcə də anasını idarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gətirib, düşürmüş, orada gözləmədən avtomobilinin xırda təmirə ehtiyacı olduğu üçün ustanın yanına aparmışdır. Onu da qeyd edir ki, onlar Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gələn zaman hətta İddiaçı və onun valideyni gəlməmişlər. Bir neçə dəqiqə keçdikdən sonra bacısı Günel xanım onun mobil telefonuna zəng vurub, Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gəlməsini və onu evə aparmasını xahiş etmişdir. O da idarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yenidən Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Belə ki, o, idarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində, yəni “generator” olan tərəfdə saxlamışdır. Qafar isə idarə etdiyi avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində yol ayrıcında saxlamışdır. Belə ki, o, idarə etdiyi avtomobili Qafarın avtomobilinin nə arxa, nə da yan tərəfində saxlamışdır, yəni hər iki avtomobil ayrı-ayrı istiqamətlərdə saxlanılmışdır. Müəyyən səbəblərə görə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi tam başa çatmadığı üçün bacısı Günel xanımı və onun övladını, eləcə də anasını idarə etdiyi avtomobil vasitəsilə yaşadığı evə aparmışdır. Onu da qeyd edir ki, bu müddət ərzində, yəni uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi zamanı Qafarın idarə etdiyi avtomobili nə açarla, nə də hər hansı əşya ilə və ya təpiklə vurmuş, ümumiyyətlə onun avtomobilinə tərəf getməmişdir. Sonradan bacısı Günel xanımdan öyrənmişdir ki, onlar Bakı şəhərində ər-arvad kimi yaşadığı müddət ərzində Qafar avtomobili bir neçə dəfə harasa sürtüb əzmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan “NURGUN MOTORS” Servis tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli “Qüsur aktı”ndan görünür ki, “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin təmir-bərpa xərci 1280 (min iki yüz səksən) AZN məbləği müəyyən edilir. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-6807/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng-Xitməti Mərkəzinə məlumatı əsasında araşdırma aparılmış, araşdırma zamanı vətəndaşı Cavabdeh baş vermiş hadisəni törətməsi öz təsdiqini tapmamış və vətəndaş İddiaçı dəymiş zərərin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun oğlu, Cavabdeh isə gəlni Günel xanımın qardaşıdır. Lakin müəyyən ailədaxili mübahisələrə görə İddiaçı X2 qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə, eləcə də “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki o, 05 sentyabr 2024-cü il tarixdə oğlu Qafarla birlikdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin icrası ilə bağlı Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə getmişdir. Oğlu Qafar və gəlni Günel xanım Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında olan zaman uzaqdan Zaurun Qafarın idarə etdiyi “NİSSAN TEANA” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili təpiklə və açarla əzdiyini görmüşdür, lakin ona heç bir söz deməmiş, irad bildirməmişdir... Belə ki, o, bu müddət ərzində məhkəmənin inzibati binasının yerləşdiyi həyətdə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesinin başa çatmasını gözləmişdir. Onu da qeyd edir ki, Qafar idarə etdiyi avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində yol ayrıcında, Zaur isə idarə etdiyi avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində, yəni “generator” olan tərəfdə saxlamışdır, yəni hər iki avtomobil ayrı-ayrı istiqamətlərdə saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı onun əri, Cavabdeh isə qardaşıdır. Müəyyən ailədaxili mübahisələrə görə İddiaçı ona qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə, eləcə də “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onların rəsmi nikahına xitam verilməmiş və mülki iş məhkəmənin icraatındadır. 05 sentyabr 2024-cü il tarixdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin icrası ilə bağlı qardaşı Zaur onu, övladını və anasını idarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gətirib, düşürmüş, orada gözləmədən özünün işi ilə bağlı getmişdir. Müəyyən səbəblərə görə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi tam başa çatmadığı üçün bir neçə dəqiqə keçdikdən sonra o, Zaurun mobil telefonuna zəng vurub, Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gəlməsini və onları yaşadığı evə aparmasını xahiş etmişdir. Zaur da idarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yenidən Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gəlib, onları yaşadığı evə aparmışdır. Ümumiyyətlə o, əri Qafar ilə birlikdə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında olduğu üçün qardaşı Zaurun Qafarın idarə etdiyi idarə etdiyi “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili əzdiyini görməmişdir. Onu da qeyd edir ki, onlar Bakı şəhərində ər-arvad kimi yaşadığı müddət ərzində, təxminən 2017-2018ci illərdə Qafar avtomobili yaşadıqları evin həyətinə keçirən zaman hər iki tərəfdən, eləcə də daha sonra bir neçə dəfə şəhərin müxtəlif yerlərində avtomobili vurub əzmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “NURGUN MOTORS” Servis (mütəxəssis) tərəfindən “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı İddiaçı istifadəsində olan həmin avtomobilin qismən yarasız vəziyyətə düşməsi müəyyən edilmiş və dəymiş maddi zərərin məbləği 1280 (min iki yüz səksən) AZN məbləği həddində hesablanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hal mülki işin “mübahisəsiz faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı istifadəsində olan “NİSSAN TEANA” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə (daşınar əmlak) məhz Cavabdeh təqsirli, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddia edildiyi kimi yararsız vəziyyətə düşüb-düşməməsi və 2. İddiaçı istifadəsində olan “NİSSAN TEANA” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə (daşınar əmlak) məhz Cavabdeh təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından maddi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə məhz Cavabdeh təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə “şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilib-edilməməsi” ilə bağlı hesab edir ki, məhkəmə iclasında həm iddiaçı, həm də cavabdeh tərəfindən dəvət edilmiş və dindirilmiş şahidlər (valideyn və bacı) X3 və X1 ifadələri işin obyektiv həll olunması üçün mahiyyət etibarilə obyektivliyinə şübhə doğurmaqla yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən ciddi qəbul edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə “mütəxəssis rəyinin-“NURGUN MOTORS” Servisin “Qüsur aktı”nın mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, mütəxəssis rəyi mövcud iş üzrə ilk əvvəl hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə “Cavabdeh təqsirli olub-olmamasını” müəyyən etmir və yalnız texniki məsələlərlə bağlı kömək xarakteri daşıyır. Belə ki, mütəxəssis rəyi ilə İddiaçı istifadəsində olan “NİSSAN TEANA” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşməsi və onun maddi zərərə məruz qalması müəyyən edilsə də, lakin avtomobilin məhz Cavabdeh təqsiri, hüquqa zidd əməli ucbatından yararsız vəziyyətə düşməsi və bunun nəticəsində İddiaçı maddi zərərin dəyməsi sübuta yetirilmir. Bu səbəbdən də, mütəxəssis rəyi iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdehin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mövcud işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar