Məhkəmə qərarları › İş №2(072)-712/2024

Cəbrayıl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(072)-712/2024

13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-712/2024 13.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. O, cavabdeh X4 tanıyır. Belə ki, onlar bir müddət Bakı şəhəri Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində yerləşən ət dükanında birlikdə qəssab işləmişlər. Hal-hazırda o, mənzil kommunal istismar sahəsində işləyir. 2022-ci ilin may ayında cavabdeh X5 qurbanlıq xırdabuynuzlu heyvan almaq üçün pula ehtiyacı olduğunu, ona 26200 (iyirmi altı min iki yüz) AZN məbləğində borc pul verməsini xahiş etmişdir. Beləliklə, o, cavabdeh X2 xahişini nəzərə alaraq, şifahi razılığa əsasən ona inanıb 26200 (iyirmi altı min iki yüz) AZN məbləğində borc pul vermişdir. Şifahi razılığa əsasən cavabdeh X5 həmin ilin Qurban bayramından sonra qısa müddət ərzində borc pul məbləğini ona geri qaytarmağı öz üzərinə öhdəlik götürmüşdür. Düzdür, cavabdeh X5 26200 (iyirmi altı min iki yüz) AZN məbləğində borc pulun bir hissəsini, yəni 15700 (on beş min yeddi yüz) AZN məbləğində hissəsini ona geri qaytarmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh X5 qalan 10500 (on min beş yüz) AZN məbləğində borc pulu bu günədək ona geri qayratmamışdır. O, qalan borc pul məbləğinin geri qaytarılması barədə dəfələrlə cavabdeh X3 müraciət etmişdir. Lakin cavabdeh X5 hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta o, bu barədə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də, o, cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılaraq, cavabdeh X1 10500 (on min beş yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 133 (yüz otuz üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X5 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə, eləcə də istifadəsində olan “***-*******” mobil telefon nömrəsinə dəfələrlə “SMS” xəbərdarlığı göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməyən və gəlməməsinin səbəbləri barədə məlumat verməyən cavabdeh X2 iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını və məhkəmə tərəfindən qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin 464/2-Y-4070 saylı, 15 aprel 2024cü il tarixli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti mülki xarakterli olduğu üçün Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudov tərəfindən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin 4/2-133332 saylı, 19 noyabr 2024cü il tarixli məktubuna əlavə edilmiş X2 izahatının və Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin 464/1606 saylı, 15 aprel 2024-cü il tarixli arayışının surətindən görünür ki, “...cavabdeh X5 İddiaçı ümumilikdə 26200 (iyirmi altı min iki yüz) AZN məbləğində pul almış və həmin pulun 15700 (on beş min yeddi yüz) AZN məbləğində hissəsini İddiaçı geri qaytarmışdır. Bununla yanaşı, cavabdeh X5 izahatında bildirmişdir ki, onlar birgə iş görmüşlər, bu zaman onlara müəyyən məbləğdə zərər dəymiş və buna görə də, həmin pul məbləğindən qalan 10500 (on min beş yüz) AZN məbləğində pul onların arasında ½ hissəyə bölünməlidir. Bu səbəbdən də, cavabdeh X5 İddiaçı 5250 (beş min iki yüz əlli) AZN məbləğində pul borcludur və həmin məbləği təxminən 2 (iki) ay müddət ərzində İddiaçı geri qaytaracaqdır...” İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınmamışdır, yəni vergi ödəyicisi deyildir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, cavabdeh X5 vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır, fərdi sahibkar statusu olan fiziki şəxsdir. (VÖEN: **********.) İş materiallarında olan ********** saylı, 12 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 133 (yüz otuz üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış “borc” müqaviləsinə əsasən İddiaçı tərəfindən cavabdeh X3 müxtəlif tarixlərdə ümumilikdə 26200 (iyirmi altı min iki yüz) AZN məbləğidə pul verilmişdir. Bundan başqa, cavabdeh X5 həmin pul məbləğindən 15700 (on beş min yeddi yüz) AZN məbləğində hissəsini İddiaçı geri qaytarmışdır. Belə ki, cavabdeh X5 “borc” müqaviləsindən irəli gələn öhdəliyini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. Cavabdeh X2 polis bölməsində aparılan araşdırma zamanı izahatında bildirdiyinə görə İddiaçı ilə birgə iş gördükləri zaman onlara müəyyən məbləğdə zərərin dəyib-dəyməməsi; 2. Zərər dəydiyi təqdirdə, dəymiş zərərin əvəzi kimi həmin pul məbləğindən qalan 10500 (on min beş yüz) AZN məbləğində pulun onların arasında ½ hissəyə bölünməli olub-olmaması kimi hal mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “borc” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “borc müqaviləsinin şifahi formada bağlanması” ilə bağlı hesab edir ki, tərəflər üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını özlərinin bərabərliyi əsasında təmin etməklə, eləcə də arzu etdikləri hüquqi nəticələri əldə etmək üçün məhz qarşılıqlı şifahi razılaşması əsasında “borc” müqaviləsi bağlamışlar. Məhz şifahi formada bağlanmış “borc” müqaviləsinə əsasən sonradan “borcalan” tərəfindən “borc verən”in xeyrinə borcun bir hissəsinin ödənişi həyata keçirildiyi üçün bu hal əqdin bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq) kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bundan başqa, məhkəmə “tərəflərin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə pulun verilməsi” ilə bağlı hesab edir ki, həm borc müqaviləsi bağlanan zaman, həm də mülki işin məhkəmə baxışı zamanı “borc verən”-İddiaçı fərdi sahibkar statusu olmayan (vergi ödəyicisi olmayan) fiziki şəxs olmasına, “borc alan”cavabdeh X5 fərdi sahibkar statusu olan fiziki şəxs olmasına baxmayaraq, hətta 26200 (iyirmi altı min iki yüz) AZN məbləğində borc pul sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilsə belə, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı nəzərə alınmaqla, mübahisənin xarakteri kommersiya mübahisəsi deyildir və mübahisəyə ümumi məhkəmə baxır. Bundan başqa, məhkəmə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Eləcə də məhkəmə aktı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Eyni zamanda, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halı, yəni “cavabdeh X5 tərəfindən “borc” müqaviləsindən irəli gələn öhdəliyinin icra edilməməsi və İddiaçı 10500 (on min beş yüz) AZN məbləğində pulun geri qaytarılmaması” faktı cavabdeh X2 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma zamanı 03 aprel 2024-cü il tarixli izahatı ilə də öz təsdiqini tapmışdır. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, birbirinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdeh X5 polis bölməsində aparılan araşdırma zamanı izahatında bildirdiyinə görə xüsusilə İddiaçı ilə birgə iş gördükləri zaman müəyyən məbləğdə zərərin dəyməsi və bu səbəbdən də, dəymiş zərərin əvəzi kimi həmin pul məbləğindən qalan 10500 (on min beş yüz) AZN məbləğində pulun onların arasında ½ hissəyə bölünməli olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh X2 polis bölməsində aparılan araşdırma zamanı izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, ümumiyyətlə, cavabdeh X5 iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı ilə cavabdeh X5 arasında şifahi formada bağlanmış “borc” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” X5 tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı cavabdeh tərəf məhkəməyə iddia tələbinə qarşı etiraz və işin mübahisəli faktiki hallarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi üçün iddia təmin edilməli, cavabdeh X1 10500 (on min beş yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 133 (yüz otuz üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 244 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 10500 (on min beş yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 133 (yüz otuz üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnaməninin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Cəbrayıl Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar