Məhkəmə qərarları › İş №2(072)-98/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-98/2024

15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-98/2024 15.03.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaş X8 28 dekabr 2013-cü il tarixdən etibarən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Filiala ünvanlanmış xx/xx-32285/12 saylı 26 fevral 2020-ci il tarixli məktub əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1864/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədinə əsasən vətəndaş X7 əmək pensiyasından 01 mart 2020-ci il tarixdən etibarən 01 yanvar 2021-ci il tarixədək həyata keçirilmiş tutulmalar nəticəsində Cavabdeh 13957.30 (on üç min doqquz yüz əlli yeddi, otuz) AZN məbləğində aliment ödənişi həyata keçirilməli olduğu halda ona ümumilikdə 16748.76 (on altı min yeddi yüz qırx səkkiz, yetmiş altı) AZN məbləğində aliment ödənişi həyata keçirilmişdir. Belə ki, X7 əlillik müddətinin başa çatması ilə əlaqədar ona Filial tərəfindən pensiya ödənişi 31 dekabr 2020-ci il tarixdən etibarən dayandırılmışdır. Buna baxmayaraq, Cavabdeh aliment ödənişi pensiya ödənişi dayandığı vaxtdan ödənilməyə davam etmiş və nəticədə 01 yanvar 2021-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək ümumilikdə 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində artıq pul vəsaiti Cavabdeh tərəfindən alınmışdır. Artıq ödənilmiş 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması barədə Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən rəsmi xəbərdarlıq edilsə də, lakin Cavabdeh bu günədək həmin pul vəsaitini Filialın hesabına qaytarmamışdır. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh artıq ödənilmiş 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində dövlət vəsaitinin tutularaq, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1864/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədindən görünür ki, 06 mart 2013-cü il təvəllüdlü X2, 12 aprel 2017-ci il təvəllüdlü X3 və 04 ktyabr 2018-ci il təvəllüdlü X1 üçün X6 müvəqqəti olaraq, hər ay qazancının və (və ya) başqa gəlirinin ½ (ikidə bir) hissəsi miqdarında alimentin Cavabdeh xeyirinə tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-32285/12 saylı 26 fevral 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1864/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədinə əsasən borclu X6 müvəqqəti olaraq, hər ay qazancının və (və ya) başqa gəlirinin ½ (ikidə bir) hissəsi miqdarında tələbkar Cavabdeh xeyirinə tutulması nəzərdə tutulan alimentin icrası X7 pensiyasından tutulması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına göndərilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “sistemdən çıxarış”ın surətindən görünür ki, X7 pensiyasından 25 yanvar 2021-ci il tarixdə tələbkar Cavabdeh bank hesabına 1395.73 (min üç yüz doxsan beş, yetmiş üç) AZN məbləğində, 18 fevral 2021-ci il tarixdə tələbkar Cavabdeh bank hesabına 1395.73 (min üç yüz doxsan beş, yetmiş üç) AZN məbləğində və ümumilikdə 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində aliment ödənişi həyata keçirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 3-17-1/2-T-189010/2 saylı, 18 avqust 2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh artıq ödənilmiş 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması barədə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı tərəf iddianın qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə (əsassız varlanma) istinad etsə də, müvafiq normanın dispozisiya şərtləri ilə işin müəyyən olunmuş faktiki halları arasında uyğunluğun (uyğunsuzluğun) olmasını lazımi şəkildə əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən bir şəxsin başqasından əmlak dəyəri tələb etməsinə dair mübahisə üzrə əsassız varlanmaya dair normalar da nəzərdən keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən aşağıdakı şərtlər müəyyən edilməlidir. 1. cavabdehin əmlak əldə etməsi; 2. həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi; 3. bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Həmin şərtlərdən hər hansı birinin aşkar edilməməsi sonrakı şərtlərin araşdırılmasına zərurət olmadan tələbin rədd edilməsi üçün əsasdır. Qeyd edilən normaların mənası baxımından əmlakın (pul vəsaiti) əldə edilməsi dedikdə, cavabdehin hər hansı iqtisadi dəyəri olan əmlak hüquqları (müqavilədən irəli gələn tələb hüququ və s.) qazanması başa düşülür. Başqa sözlə, qeyd edilən iqtisadi dəyərlərin cavabdehin əmlak aktivinə keçməsi, yəni bu aktivin çoxalması və ya passivin azalması nəzərdə tutulur. Bu səbəbdən də, iddianın sözügedən maddi hüquq normaları ilə həll edilməsi üçün məhkəmə ilk növbədə istinad olunan pul vəsaitinin cavabdeh tərəfindən əldə olunduğunu müəyyən etməlidir. Hazırki iş üzrə cavabdehin mübahisəli pul vəsaitini əldə etməsi (ələ keçirməsi) sübuta yetirilmədiyi üçün iddiaçının istinad etdiyi maddi hüquq normalarının (habelə hazırki məqamda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinin...) tətbiqi üçün əsas aşkar edilmir. Bundan başqa, hazırki iş üzrə iddia tələbə cavab verməli olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Belə ki, “əsassız varlanmış şəxs” hazırki iş üzrə Cavabdeh deyildir. Bundan başqa, Azərbaycan Respublikasının ailə qanunvericiliyi ilə müəyyən hallar istisna olmaqla, alimentin geri qaytarılmasının yolverilməzliyi təsbit edilmişdir. Məhkəmə onu da qeyd edir ki, mülki iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasları zamanı, yəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı tərəf cavabdehi əsl cavabdeh ilə əvəz edilməsi barədə razılıq ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Ona görə də, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Mövcud vəziyyətdə isə iddiaçı tərəfin mövqeyi icbatından iş üzrə cavabdehin əsl cavabde ilə əvəz edilməsi üçün prosessual imkan itirilmişdir. İddia tələbi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 109.1-ci maddəsinə əsasən aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən ilk əvvəl ərizəçinin iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməli, subyektiv hüququnun olması müəyyən edildiyi təqdirdə isə daha sonra iddia tələbinin qanuni əsası araşdırılmalı və hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını maddi hüquq normaları ilə əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh oğlu iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını maddi hüquq normaları ilə əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar