Məhkəmə qərarları › İş №2(073)-1540/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1540/2023

11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1540/2023 11.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşaqların qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaqların qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2008-ci il tarixdə doğulmuş X3, 04 iyul 2009cu il tarixdə doğulmuş X2, 19 aprel 2011-ci il tarixdə doğulmuş X4 onun qəyyumluğuna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı mərhum qardaşı X1 uşaqları 03 may 2008-ci il tarixdə doğulmuş X3, 04 iyul 2009-cu il tarixdə doğulmuş X2, 19 aprel 2011-ci il tarixdə doğulmuş X4 onun (iddiaçının) qəyyumluğuna verilməsi üçün Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmiş, lakin həmin orqandan iddiaçıya məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə Cəlilaabd Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilməlidir ki, o ilk növbədə mərhum qardaşı X1 uşaqları 03 may 2008-ci il tarixdə doğulmuş X3, 04 iyul 2009-cu il tarixdə doğulmuş X2, 19 aprel 2011-ci il tarixdə doğulmuş X4 üzərində qəyyum və ya himayəçi təyin edilməsi ilə əlaqədar Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına müraciət etməli, həmin orqan tərəfindən imtina edildikdə isə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.3, 152.4, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı uşaqların qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, o, mərhum qardaşı X1 uşaqları 03 may 2008-ci il tarixdə doğulmuş X3, 04 iyul 2009-cu il tarixdə doğulmuş X2, 19 aprel 2011-ci il tarixdə doğulmuş X4 üzərində qəyyum və ya himayəçi təyin edilməsi ilə əlaqədar Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına müraciət etməli, həmin orqan tərəfindən imtina edildikdə isə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar