Məhkəmə qərarları › İş №2(073)-1656/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1656/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1656/2024 01.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığına vurulmuş zərərə görə 1000 manat məbləğində pul və mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pulun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ 2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “VAZ 2106” markalı avtomobil surətini azaldaraq sağ tərəfə dönmək üçün xəbərdaredici işıqlarını yandırmış, bu səbəbdən də o (iddiaçı) idarə eldiyi avtomobilin sürətini azaltmışdır. Bıı zaman onun (iddiaçının) hərəkət istiqamətində hərəkətdə olan və onun (iddiaçının) idarə etdiyi avtomobildən arxada gələn "AUDİ A5“ markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan sürətlə gələrək idarəetməni itirmiş və sol tərəfdən onun idarə etdiyi avtomobilin arxa qapısına və ön qapısına zərbə ilə dəymiş, nəticədə onun (iddiaçının) baş nahiyyəsi avtomobilin içərisində olan dayağa dəymiş, bundan sonra o özündən getmiş və bir neçə dəqiqə sonra özünə gələrək avtomobildən yerə düşmüşdür. Həmin vaxt “AUDİ A5" markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sol tərəfindəki səkinin qırağına çırpılmış vəziyyətdə dayandığını görmüşdür. Baş vermiş hadisə nəticəsində idarə etdiyi avtomobilə zərər dəymiş, özü də xəsarət almışdır. O (iddiaçı) aldığı xəsarətlə bağlı ekspertizadan keçmiş və onun (iddiaçının) sağlamlığına dəymiş zərərlə bağlı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 1321 saylı ekspert rəyində qapalı kəllə-beyin travması, başın sol ənsə nahiyyəsində hematoma və sol bud nahiyyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlməsi öz təsdiqini tapmışdır. Qeyd edilən məsələ ilə bağlı Cəlilabad rayon X3 Bölməsi tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə" 02 aprel 2024-cü il tarixli qərar qəbul edilmişdir. O (iddiaçı) hal-hazırda baş vermiş hadisə ilə əlaqədar müalicələr alır və bu günədək onun 1000 (min) manatdan çox müalicə xərci çıxmışdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ona (iddiaçıya) maddi zərərlə yanaşı mənəvi zərər də dəymişdir. Hadisədən sonra xəsarət almış bir şəxs kimi mənəvi sarsıntı keçirmiş, şüurunda müəyyən mənfi psixi hallar yaranmağa başlamışdır. Həmin iztirablar nəticəsində də onun səhhətində ciddi problemlər yaranmışdır. Hal-hazırda baş vermiş hadisədən sonra onda yaranmış xəstəliyə görə müalicələr alır və bundan sonra da müalicələr davam etdirilməlidir. Nəticədə ona 5000 manat dəyərində mənəvi zərər dəymişdir. Cavabdeh hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı dəfələrlə ondan tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız oldğundan rədd edilməlidir. Belə ki, işdə olan Cəlilabda rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cəlilabad RMX-dan həkim Bayramov telelonla Cəlilabda rayon Polis Şöbəsinə məlumat verərək bildirmişdir ki, Cəlilabad şəhəri, M. Hadi küçəsində yaşayan 1958-ci il təvəllüdlü İddiaçı qapalı kəlləbeyin travması, başın sol ənsə nahiyəsində hematoma və sol bud nahiyyəsində sıyrıq müəyyən oluynmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, “atası Rauf Cəfərova məxsus “Audi A5" markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu, həmin avtomobili idarə etmək üçün qardaşı Əhəd Cəfərliyə atası etibarnamə verdiyini, onun bu avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olduğunu, həmin sürücülük vəsiqəsinin surətini materiala əlavə etmək üçün təqdim etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində atası Rauf Cəfərova məxsus “Audi A5” avtomobili Cəlilabad rayon H.Əliyev propsektində "Bağ" deyilən ərazidən ‘‘Silsilə" adlanan ərazi tərəfə idarə edən zaman idarə etdiyi avtmomobilin sağ hissəsində hərəkətdə olan “VAZ 2106” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qəflətən avtomobilini onun yoluna tərəf çəkdiyini və onun idarə etdiyi avtomobilin sağ hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətdiyini, toqquşma nəticəsində idarəetməni itirərək yolun sol hissəsində olan səkiyə avtomobili ilə dəyərək dayandığını, hadisə zamanı onun idarə etdiyi avtomobildə qardaşı Əhəd Cəfərlinin də olduğunu, hadisə zamanı onun və qardaşının hər hansı bir xəsarət almadığını, həmçinin digər sürücünün də heç bir xəsarət almadığını, hadisə zamanı onun idarə etdiyi avtomobildə və digər avtomobildə başqa heç kimin olmadığını, hadisənin baş verməsinə səbəb “VAZ 2106” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı onun idarə etdiyi avtomobilin yoluna çıxmasının olduğunu bildirmişdir. Həmin qərardan görünür ki, toplanmış material üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün qərarın surətinin RPŞ DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın maddi ziyan tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən ona 1000 (bir min) manat məbləğində maddi ziyan vurulduğunu göstərsə də, həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamış və iddiaçı həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, hadisə cavabdehin deyil, iddiaçının təqsiri nəticəsində baş vermişdir və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı sağlamlığına dəymiş zərərə görə 1000 manat məbləğində vəsait xərclədiyini iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir, eyni zamanda özündə bu barədə hər hansı həkim resepti və ya qəbzin olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddianın mənəvi zərər tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır». İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərər anlayışını şərtləndirən mənəvi sarsıntının nədən ifadə olunduğuna aydınlıq gətirə bilməmiş və cavabdehin hərəkətlərinin onun (iddiaçının) şüurunda mənəvi psixi reaksiyaya səbəb olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, həmçinin hətta belə olsa da belə, onun mənəvi sarsıntı və ya iztirab keçirməsi cavabdehin təqsiri nəticəsində baş verməmişdir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrək hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyana görə cəmi 6000 (altı min) manat pul tələbinə dair iddası rədd edilsin. İş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar