Məhkəmə qərarları › İş №2(073)-2280/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2280/2025

15.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2280/2025 15.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş **********65 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Cəlilabad rayonu, Boyxanlı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.47 ha pay torpaq sahəsindən ona düşən payının müəyyən olunması və həmin payın ona (iddiaçıya) naturada ayrılaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1994-cü ildə Cəlilabad rayonu, Boyxanlı kəndində doğulmuş və hazırda həmin kənddə yaşayır. Cavabdehlər yaxın qohumları olmaqla Cəlilabad rayonu, Boyxanlı kəndində yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş **********65 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Cəlilabad rayonu, Boyxanlı kəndində yerləşən 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun (iddiaçının) və yaxın qohumları olan cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Hazırda ailəlidir və cavabdehlərdən ayrı yaşayır. Həmin torpaq sahəsinin bölünməsi və ona (iddiaçıya) düşən payın naturada ayrılaraq verilməsini istəyir. Lakin cavabdehelər buna razılıq vermirlər. Buna görə hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, məhkəmə tərəfindən əldə edilmiş müvafiq yerquruluşu planı ilə razıdır, torpaq payının həmin cizgidə göstərilən qaydada ayrılmasına etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun qızıdır, iddiaçıya düşən payın müəyyən olunması və həmin payın ona (iddiaçıya) naturada ayrılaraq verilməsinə etirazı yoxdur. Məhkəmə tərəfindən əldə edilmiş yerquruluşu sxemi ilə tanışdır və orada göstərilən qaydada payın ayrılıb iddiaçıya verilməsinə etirazı yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********65 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cəlilabad rayonu Boyxanlı kəndi ərazisində yerləşən 1.47 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron Kadastr uçotu informasiya sistemi baza məlumatında **********65 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən Cəlilabad rayonu Boyxanlı kəndi ərazisində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı mülkiyyətinə verilmiş 1.47 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin şimal-şərq istiqamətindən yola çıxışı olduğundan cənub-şərq istiqamətindən şimal-qərb istiqamətinə 1/5 hissədə İddiaçı naturada ayrılması mümkündür. Torpaqların elektron Kadastr uçotu informasiya sistemi baza məlumatında **********65 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən İddiaçı 1.47 ha torpaq sahəsi üzrə tərəflərin razılığıilə cənub-şərq istiqamətindən şimal-qərb istiqamətinə bölgüsü nəzərdə tutulan (ayrılacaq) 1/5 hissənin yerləşmə vəziyyəti, ölçüləri (eni və uzunu) rəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli yerqurluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müvafiq reyestrdən **********65 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ümumi birgə mülkiyyətə verildiyini, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 payının ümumi birgə hissədə bərabər olmaqla müəyyən edilməsini və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yerquruluşu planını nəzərə alaraq hesab edir ki, iddiaçının adıçəkilən torpaq sahəsində 1/5 hissədə payı müəyyən edilməli və həmin pay naturada ayrılaraq onlara verilməlidir. Torpaq sahəsindən iddiaçının payının naturada ayrılması fiziki olaraq mümkündür, onun öz payından maneəsiz şəkildə istifadə hüququnu məhdudlaşdıran hər hansı hal isə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********65 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Boyxanlı kəndində yerləşən, iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətdə olan 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı payı 1/5 hissədə müəyyən olunsun və həmin pay naturada ayrılaraq iddiaçıya verilsin. İddiaçının payı naturada ayrılarkən (habelə payın dəqiq ərazisi, sərhədləri müəyyən edilərkən) qətnamənin əsaslandırma hissəsində göstərilən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Yerquruluşu Planı nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar