Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-277/2023 27.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cəlilabad rayonu Muğan kəndində yerləşən 5,11 ha torpaq sahəsindən ona düşən payın müəyyən olunması və naturada ayrılaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Muğan kəndində yerləşən 5,11 ha torpaq sahəsindən ona düşən payın müəyyən olunması və naturada ayrılaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə ona və ailə üzvlərinə 5,11 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-0022, KOD 80617038 saylı Dövlət aktı da verilmişdir. O, 2014-cü il tarixdə X4 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Həmin vaxtdan onun payına düşən torpaq sahəsini cavabdehlər olan anası və qardaşı əkib becərirlər. O, payına düşən həmin torpaq sahəsi ayırmaq məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh buna razılıq vermədiyi üçün payının ayrılması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsasılı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0022, KOD 80617038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X2, X3, X5, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərinəinə Cəlilabad rayonu Naftuluq kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,11 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ 962605 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 nikahlarını 14 iyul 2014-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 saylı qeydiyyat aparılaraq, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş bölgü planının təsdiq olunmuş surətindən görünür ki, JN-0022, KOD 80617038 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə İddiaçı torpaq payının 0,76194 hektar olması göstərilərək, ümumi torpaq sahəsinin şərq hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə cənub hissəsində eni 13,65 metr, şimal hissəsində eni 14,83 metr olmaqla, X=294925.0478 Y=4336794.2977, X=294881.3615 Y=4337344.9965, X=294894.6859 Y=4337351.5273 və X=294938.6900 Y=4336794.7600 koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-0022, KOD 80617038 saylı Dövlət aktın əsasən Cəlilabad rayon Söyüdlü kəndində yerləşən 4,5716382 hektar torpaq sahəsi və iddiaçının və cavabdehlərin birgə mülkiyyətləri kimi Dövlət qeydiyyatına alınmışdır. İddiaçı öz payına düşən torpaq sahəsini ayırmaq istəmiş, lakin digər mülkiyyətçi, yəni hazırkı iş üzrə cavabdehlər torpağın ayrılmasına razılıq verməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0022, KOD 80617038 saylı Dövlət aktından da göründüyü kimi 5,11 ha torpaq sahəsinin 6 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5.-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 4,5716382 ha pay torpaq sahəsinin 6 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/6 hissəsindən (0,76194 ha) ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-0022, KOD 80617038 saylı Dövlət aktına əsasən Cəlilabad rayon Söyüdlü kəndi ərazisindən verilmiş ümumi birgə mülkiyyətdə olan 4,5716382 ha pay torpaq sahəsindən İddiaçı payı 0,76194 ha olmaqla, ümumi torpaq sahəsinin şərq hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə cənub hissəsində eni 13,65 metr, şimal hissəsində eni 14,83 metr olmaqla, X=294925.0478 Y=4336794.2977, X=294881.3615 Y=4337344.9965, X=294894.6859 Y=4337351.5273 və X=294938.6900 Y=4336794.7600 koordinatlar üzrə müəyyən edilməli və naturada ayrılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 222, 226, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-0022, KOD 80617038 saylı Dövlət aktına əsasən Cəlilabad rayon Söyüdlü kəndi ərazisindən verilmiş ümumi birgə mülkiyyətdə olan 4,5716382 ha pay torpaq sahəsindən İddiaçı payı 0,76194 ha olmaqla, ümumi torpaq sahəsinin şərq hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə cənub hissəsində eni 13,65 metr, şimal hissəsində eni 14,83 metr olmaqla, X=294925.0478 Y=4336794.2977, X=294881.3615 Y=4337344.9965, X=294894.6859 Y=4337351.5273 və X=294938.6900 Y=4336794.7600 koordinatlar üzrə müəyyən edilsin və naturada ayrılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-277/2023
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-277/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver