Məhkəmə qərarları › İş №2(073)-2953/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2953/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2953/2024 26.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi zərərə görə 2000 manat, mənəvi zərər görə 1500 manat və 2000 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 5500 (beş min beş yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 07 iyul 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “AccessBankın”inzibati binasının yaxınlığında olarkən ailə münasibətləri ilə əlaqədar mübahisəni aydınlaşdırmaq üçün cavabdehə yaxınlaşıb, onunla söhbət etmək istəmişdir. Lakin heç bir səbəb və əsas olmadan cavabdeh onu söyüb təhqir etmiş, yumruqla sifət və baş nahiyyələrinə vurmuş, nəticədə baş beyinin yüngül dərəcəli əzilməsi və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyələrinin hemotoması, sol gözaltı nahiyyəsinin hemotaması, üst dodağın əzilmiş cırılmış yarası, üst çənədə soldan bir ədəd dişin travmatik sınması ilə müşayiət edilən xəsarətlər almışdır. Aldığı xəsarətlərin müalicəsi ilə əlaqədar olaraq dərman vasitələrini almış, xəstəxanada müalicə olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-90/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 03 (üç) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmdən apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1617/2024 saylı hökmü ilə Cavabdeh qəti olaraq 02 (iki) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi cavabdehin ona yetirdiyi xəsarətlər məhkəmə hökmü ilə təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı cavabdeh onun aldığı xəsarətlərin müalicəsi üçün sərf etdiyi xərcləri ödəyəcəyini vəd etsə də heç bir köməklik göstərməmişdir. Onun yalan vədlərinə inanaraq hətta, məhkəmə istintaqı zamanı cavabdehə qarşı heç bir tələbinin olmadığı barədə notarial qaydada xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş ərizə də vermiş, lakin aldadıldığını görərək həmin razılığı xx.xx.2024-cü il tarixdə notarial qaydada ləğv etdirmişdir. O, Füzuli rayonundan məcburi köçkündür.Himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Maddi vəziyyəti çox ağırdır. O, psixi problemlərlə bağlı İİ qrup əlildir. Bununla əlaqədar müntəzəm müalicələr alır. Aldığı xəsarətlərin uzun müddətli müalicəsi üçün çəkdiyi xərcləri hesablamamışdır. Lakin hesab edir ki, pul hesabı ilə dərman və müalicələrə 2000 (iki min) manat xərcləmişdir. Sağlamlığın pozulması əlamətləri indi də davam edir. O, müalicə üçün çəkdiyi xərcləri qohumlarından almış və onu qaytarmalıdır. Əgər o, müalicəsi üçün borc almasaydı, həmin pulları digər zəruri ehtiyaclarının ödənilməsinə sərf edərdi. Buna görə də əldən çıxmış fayda şəkilində 2000 (iki min) manat pulun ödənilməsi ədalətli olardı. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabeh Cavabdeh verdiyi izahatında göstərdi ki, İddiaçı ona qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı etiraf etmir. O, cinayət işi üzrə iddiaçıya dəyən zərəri ödəmişdir. Bununla bağlı iddiaçı məhkəmə istintaqı zamanı ondan heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. İddiaçının ondan hazırki tələbi əsassızdır və heç bir sübuta əsaslanmır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1617/2024 saylı hökmündən görünür ki, Cavabdeh 07 iyul 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Access Bank”ın inzibati binasının yaxınlığında olarkən İddiaçı ona yaxınlaşıb arvadı Nəzifə Mehdiyeva ilə aralarında olan münasibətləri aydınlaşdırmaq istəyərkən heç bir əsaslı səbəb olmadan İddiaçı söyüb təhqir edərək, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq yumruqla İddiaçı sifət və baş nahiyyələrindən vurmaqla ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi ilə və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyələrinin hematoması, sol gözətrafı nahiyyəsinin hematoması, üst dodağın əzilmiş-cırılmış yarası, üst çənədə soldan bir ədəd dişin travmatik sınması ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmənin həmin hökmü ilə Cavabdeh qəti olaraq 02 (iki) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli, 485 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- baş beyinin yüngül dərəcəli əzilməsi ilə və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyələrinin hemotoması, sol gözaltı nahiyyəsinin hemotaması, üst dodağın əzilmiş cırılmış yarası, üst çənədə soldan bir ədəd dişin travmatik sınması bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl törənmiş, qərarın təsvir hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddir. Həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş 23 yanvar 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, ona qarşı heç bir iddiasının, şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş 28 avqust 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində 8i-694 reyestr nömrəli ərizəsindən razılıq olmaması səbəbindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 07 iyul 2023-cü il tarixdə saat 20 radələrində İddiaçı söyüb təhqir edib ona xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən İddiaçı sağlamlığına az ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1617/2024 saylı hökmü ilə Cavabdeh qəti olaraq 02 (iki) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İddiaçı isə Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı söyüb təhqir etməsi, həmçinin ona xəsarətlər yetirərək sağlamlığına az ağır zərər vurması iddiaçının şüuruna mənfi təsir göstərməklə onun fiziki, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bu iş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1617/2024 saylı hökmü, 20 iyul 2023-cü il tarixli, 485 nömrəli ekspert rəyi və işdə olan digər sənədlərlə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddianın maddi zərər və əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissələrdə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı aldığı xəsarətlərə görə dərman və müalicələrə 2000 (iki min) manat məbləğində pul xərclədiyini və nəticədə maddi zərərə uğradığını, bundan başqa həmin pulu qohumlarından borc aldığını, əgər borc almasaydı zəruri ehtiyaclarına sərf edə biləcəyini və buna görə də cavabdehdən əldən çıxmış fayda kimi 2000 manatın da alınaraq ona verilməsini tələb etsə də, məhkəməyə qeyd edilən halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respubikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində mənəvi ziyanın əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar