Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-323/2023 03.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 7000 (yeddi min) manat pul və ödənilmiş 90 (doxsan) manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Qarakazımlı kəndində yaşayır. Özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kartof əkib-becərir və satmaqla ailəsini dolandırır. Cavabdeh Kərimov X2 rayonunun Maşlıq kənd sakinidir və onu təxminən 2-3 ildir ki, tanıyır. Belə ki, Cavabdeh ondan (iddiaçıdan) bir neçə dəfə nisyə kartof almış və sonra pulunu ödəmişdir. 2022-ci ilin may ayında cavabdeh onun (iddiaçının) yanına gələrək, ondan (iddiaçıdan) 9600 manat dəyərində 16 ton kartof almış və aldığı kartofun dəyərini əvvəllər olduğu kimi qısa müddətdə satdıqdan sonra ona (iddiaçıya) ödəyəcəyini bildirmişdir. Cavabdehlə əvvəllər də eyni qaydada alver etdiklərinə görə etiraz etməmiş və cavabdehlə razılaşmışdır. Lakin bir müddət keçdikdən sonra aldığı kartofun pulunu ödəmədiyindən, cavabdehdən pulunu ödəməsini tələb etmişdir. Cavabdeh də ondan (iddiaçıdan) aldığı kartofu Bayram adlı şəxsə satdığını, lakin pulunu ala bilmədiyini, pulunu alan kimi ona (iddiaçıya) olan borcunu ödəyəcəyini bildirmiş və bir müddət gözləməsini xahiş etmişdir. Bir müddət sonra isə cavabdeh ona olan borcundan bir hissəsini ödəmişdir. Lakin cavabdeh qalan borcunu ödəmədiyindən o (iddiaçı) polis şöbəsinə şikayət etmiş, onun (iddiaçının) şikayəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. İddiaçını təxminən 2-3 il olar ki, tanıyır. Əvvəllər də iddiaçı ilə aralarında kartof alqı-satqısı olmuşdur. Belə ki, o (cavabdeh) kartof satan ilə kartof alan arasında vasitəçilik edir və bundan qazanc əldə edir. Təxminən 2022-ci ilin may ayında İddiaçı ilə Masall rayon sakini Bayram adlı şəxs arasında vasitəçi olmuş və Bayram iddiaçıdan 9752 (doqquz min yeddi yüz əlli iki) manat dəyərində nisyə kartof almış və həmin borcundan 2700 (iki min yeddi yüz) manat ödəmişdir. Daha sonra alınan kartoflar Rusiyaya göndərilən zaman vaqonda yararsız hala düşmüş və bu səbəbdən də pulun ödənilməsi mümkün olmamışdır. Bayram adlı şəxs telefon danışığı zamanı ona (cavabdehə) maddi vəziyyəti yaxşılaşan kimi kartofun pulunu ödəyəcəyini bildirmişdir. Onun (cavabdehin) iddiaçıya heç bir borcu yoxdur. Onunla (cavabdehlə) iddiaçı arasında kartofun nisyə-alqı satqısına razılaşma olmamışdır. Bu səbəbdən də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2022-ci ildə iddiaçıdan 9600 (doqquz min altı yüz) manat dəyərində 16 ton nisyə kartof almış, aldığı kartofun dəyərindən 2600 (iki min altı yüz) manat ödəmiş, qalan 7000 (yeddi min) manatı isə ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan nisyə kartof almadığını, yalnız iddiaçı ilə Bayram adlı şəxs arasında vasitəçi olduğunu göstərsə də həmin halı təsdiq edən mötəbəl sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7 000 (yeddi min) manat pul və 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-323/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-323/2023
03.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver