Məhkəmə qərarları › İş №2(073)-337/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-337/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-337/2023 10.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi (vəkili) X5, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun və aldığı mənəvi zərərin əvəzi olaraq 6000 manat pulun, cəmi 10 000 (on min) manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında götərmişdir ki, 2021-ci ilin yanvar ayından avqust ayınadək Nizami rayonu Körpü Ticarət mərkəzinin yanında yerləşən "Kontakt Home" mağazasında filial müdiri vəzifəsində işləmişdir. Həmin filialda işlədiyi dövrdə mağazaya səyyar şəkildə ətir satışı ilə məşğul olan “Albert’ kimi tanıdığı Cavabdeh gəlib-getmişdir. Onunla tanş olduqdan sonra Almas ona birlikdə ətir mağazası açıb iş qurub işləməyi təklif etmişdir. Almas onun evində 15.000 manatlıq ətri olduğunu, bu ətirləri satacaqları təqdirdə qarşılığında hər ay 3000 manat gəlir əldə edəcəklərini bildirmişdir. O (iddiaçı) da cavabdehə inanmış və onun iş təklifini qəbul etmişdir. Bundan sonra o işlədiyi «Kontak Home» Xalqlar filialının yaxınlığında mağaza icarəyə götürərək, 2021-ci ilin avqust ayının əvvəlindən axırınadək mağazanın təmirinə, dizaynına, mebellərə, ustalara və mağazanın fəaliyyətə başlaması üçün nəzərdə tutulan digər xərclərə ümumilkdə 9000 (doqquz min) manat pul xərcləmişdir. Sentyab ayının əvvəllərində Almas onunla şərikli işləmək istəmədiyini, onun (iddiaçının) mağazaya çəkdiyi xərci ona qaytarıb özü tək işləmək istədiyini bildirmişdir. Bu danışıqdan sonra Almas 2021ci ilin noyabr avında ona (iddiaçıya) 3000 manat pul qaytarmış, ilin axırınadək onun (iddiaçının) mağazaya çəkdiyi yerdə qalan pulları qaytaracağını bildirmişdir. Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq cavabdeh vəd etdiyi vaxtda onun (iddiaçının) pulunu qaytarmadığı üçün onun barəsində Nərimanov RPİ-nə şikayət etmiş, Nərimanov RPİ-də aparılan araşdırma zamanı cavabdeh ona (iddiaçıya) olan borcunu may ayının axırınadək qaytaracağına dair vəd vermişdir. Hətta cavabdehlə vəd etdiyi vaxta pulu qaytararsa həmin borcdan 1000 manatını ona güzəştə gedəcəyinə dair şifahi razılığa gəlmişdirlər. Araşdırma zamanı Cavabdeh izahatında “X3 təxminən bir il olar ki, tanıdığını, Almasın səyyar ətir satışı ilə məşğul olduğu vaxtlarda "Kontak Home “mağazasının Xalqlar filialında Orxanla tanış olduğunu, onunla aralarında münasibət yarandığını, aralarında olan söhbət əsnasında Orxanın ətir satışı ilə maraqlandığını, Almasa birgə iş qurmağı təklif etdiyini, Almas da onun təklifini qəbul etdiyini, aralarında olan razılaşmaya görə bu iş üçün ilkin olaraq hərəsi 10.000 manat sərmayə yatırmaq qərarına gəldiklərini, bu razılaşmadan sonra Almasın onunla E.Süleymanov 160 A ünvanında olan bir obyekti icarəyə götürdüyünü, öz şəxsi hesabına oranı təmir etdirdiyini, daha sonra Orxan həmin mağazaya mebellər və qapı-pəncərələrin vinillənməsinə 3000 manat pul xərclədiyini, mağazaya mebellərin alınmasına və digər xərclərin çəkilməsi üçün də əlavə 3500 manat pul sərf etdiyini, Orxanın həmin pulları şəxsən Almasa vermədiyini, bütün alqı-satqı işlərini özünün gördüyünü, sadəcə ağ mebellərin pulunu Almasın yanında ödədiyini, bundan sonra Orxanın VÖEN-i öz adına açdırmağı təklif etdikdə Almasın onunla razılaşmadığını, şərikli işləmək fikrindən vaz keçdiyini bildirdiyini, bu barədə fikrini Orxana da dediyini, ona mağaza üçün çəkdiyi xərci qaytarmaq şərtilə sərbəst fəaliyyət göstərəcəyini dediyini, bundan sonra mağaza fəaliyyətə başlamadan Almasın Orxanın mağaza üçün çəkdiyi ümumilkdə 6500 manat pulun 3000 manatını qaytardığını, mağaza üçün aldığı mebelləri götürməsini təklif etikdə Orxanın mebellərin artıq isifadə olunduğunu, onu ikinci əl satdıqda ona sərf etməyəcəyini bildirdiyini, Almasla mebellərin qarşılığında 3000 manat pulu tezliklə ödəyəcəyinə dair öz aralarında razılığa gəldiklərini, lakin təxminən 3 ay bundan əvvəl qəza keçirdiyi üçün işləyə bilmədiyini, buna görə də Orxana vəd etdiyi vaxtda pulu qaytarmadığını, Orxana olan borcunu danmadığını, ona olan 3000 manat pulu tezliklə ödəmək üçün ona aprel ayının sonunadək möhlət verilməsini istədiyini» göstərmişdir. Bundan sonra Cavabdeh müraciət etsə də bu günə qədər aldığı pulu qaytarmamışdır. Bu mübahisə ilə bağlı Nizami Rayon Polis idərəsinin 24-cü polis bölməsinə ərizə ilə müraciət etmiş, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Cavabdehdən ona borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində sarsıntı və iztirablar keçirmişdir. Buna görə də, cavabdehdən həm də 6 000 (altı min) manat mənəvi zərər tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X6 iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh səyyar ətir satışı ilə məşğul olduğu vaxtlarda «Kontak Home» mağazasının Xalqlar filialında İddiaçı ilə tanış olmuş, onunla aralarında münasibət yaranmışdır. Aralarında olan söhbət əsnasında Orxan ətir satışı ilə maraqlanmış, cavabdehə birgə iş qurmağı təklif etmiş və cavabdeh də onun təklifini qəbul etmişdir. Aralarında olan razılaşmaya həmin iş üçün ilkin olaraq tərəflər hər biri 10 000 (on min) manat sərmayə yatırmaq qərarına gəlmişlər. Bu razılaşmadan sonra Almas İddiaçı ilə obyekt icarəyə götürmüş, öz şəxsi hesabına oranı təmir etdirmişdir. Daha sonra İddiaçı həmin mağazaya mebellər və qapı-pəncərələrin vinillənməsinə 3 000 (üç min) manat pul xərcləmiş, mağazaya mebellərin alınmasına və digər xərclərin çəkilməsi üçün də əlavə 3 500 (üç min beş yüz) manat pul sərf etmişdir. Orxan həmin pulları şəxsən Almasa verməmiş, bütün alqı-satqı işlərini özü görmüş, sadəcə ağ mebellərin pulunu Almasın yanında ödəmişdir. Bundan sonra İddiaçı VÖEN-i öz adına açdırmağı təklif etdikdə Almas onunla razılaşmamış və şərikli işləmək fikrindən vaz keçdiyini bildirmişdir. Almas bu barədə fikrini İddiaçı də demiş və ona mağaza üçün çəkdiyi xərci qaytarmaq şərti ilə sərbəst fəailyyət göstərəcəyini demişdir. Bundan sonra mağaza fəaliyyətə başlamadan X4 mağaza üçün çəkdiyi ümumilikdə 6 500 (altı min beş yüz) manat pulun 3 000 (üç min) manatını qaytarmış, mağaza üçün aldığı mebelləri götürməsini təklif etdikdə Orxan mebellərin artıq istifadə olunduğunu, onu ikinci əl satdıqda ona sərf etməyəcəyini bildirmişdir. Sonra Almas qalan 3000 (üç min) pulu tezliklə İddiaçı ödəyəcəyinə dair aralarında razılığa gəlmişlər. Daha sonra isə Almas İddiaçı qalan borcunu tam şəkildə ödəmişdir. Hazırda cavabdehin iddaçıya borcu qalmamışdır. İddianın mənəvi ziyan tələbinə dair hissəsini də əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olduğu göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı mağazaya mebellərin və qapı-pəncərlərin vinillənməsi üçün 3000 (üç min) manat, mağazaya mebellərin alınması və digər xərclər üçün 3 500 (üç min beş yüz) manat, ümumilikdə 6 500 (altı min beş yüz) manat vəsait xərclədiyini, həmin pulun 3000 (üç min) manatını İddiaçı qaytardığını göstərmiş və 3 000 (üç min) borcunun qaldığını etiraf edərək, həmin borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər birlikdə iş görmək barədə razılığa gəlmişlər və bu məqsədlə icarəyə mağaza götürmüşlər. Həmin mağazanın fəaliyyətə başlaması üçün iddiaçı tərəfindən cəmi 6 500 (altı min beş yüz) manat vəsait xərclənmiş, lakin sonradan cavabdeh öhdəliyini yerinə yetirməkdən yayındığına görə tərəflər arasında olan razılaşma pozulmuş və cavabdeh iddiaçı tərəfindən mağazaya çəkilmiş xərci qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh iddiaçı tərəfindən ümumilikdə mağazaya xərclənmiş 6 500 (altı min beş yüz) manat vəsaitin 3 000 (üç min) manatını iddaçıya qaytarmış, qalan vəsaiti qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə iddianın 4 000 (dörd min) manat pul tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçı mağazaya ümumilikdə 9 000 (doqquz min) manat vəsait xərclədiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, mağazaya iddiaçı tərəfindən çəkilmiş ümumi xərc cavabdehin izahatında göstərdiyi məbləğdə, yəni 6 500 (altı min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh tərəfindən iddiaçıya qalan 3 000 (üç min) manat borcun ödənildiyini göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə iclasında həmin borcun 3 500 (üç min beş yüz) manat olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Nizami RPİ-də izahat verərkən iddaçının mağazaya ümumilikdə 6 500 (altı min beş yüz) manat vəsait xərclədiyini, həmin vəsaitdən 3000 (üç min) manatını iddiaçıya ödədiyini, qalan borcunun 3 000 (üç min) manat təşkil etdiyini göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh izahatında göstərdiyi kimi 6 500 (altı min beş yüz) manat vəsaitdən iddiaçıya 3 000 (üç min) manatını qaytardığı halda onun iddiaçıya qalan borcu 3 500 (üç min beş yüz) manat təşkil edir. Cavabdehin iddiaçıya 3 000 (üç min) manat ödəməsi iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın 6 000(altı min) manat mənəvi zərər tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərər anlayışını şərtləndirən mənəvi sarsıntının nədə ifadə olunduğuna aydınlıq gətirə bilməmiş və cavabdehin hərəkətlərinin onun (iddiaçının) şüurunda mənəvi psixi reaksiyaya səbəb olmasını, mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun iddanın təmin olunmuş hissəsinə mütənasib olaraq 55 (əlli beş) manatı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh 3500 (üç min beş yüz) manat pulun və 55 (əlli beş) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3 500 (üç min beş yüz) manat pul və 55 (əlli beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar