Məhkəmə qərarları › İş №2(073)-53/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-53/2024

18.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-53/2024 18.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 3,49 ha torpaq sahəsindən ona düşən 1/9 hissədə olan payın naturada ayrılaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 3,49 ha torpaq sahəsindən ona düşən 1/9 hissədə olan payın naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və digər ailə üzvlərinə Cəlilabad rayonu Günəşli kəndinin ərazisindən 3,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 noyabr 2022-ci il tarixli, **********44 reyestr nömrəli çıxarış da verilmişdir. O, cavabdehlərdən öz payına düşən torpaq sahəsini ayırmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Hazırda öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Payının ayrılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh buna razılıq vermədiyi üçün payının ayrılması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsasılı olduğundan təmin edilməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********44 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7, İddiaçı, Cavabdeh8 və Cavabdeh9 mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 3,4909 hektar torpaq sahəsi 09 noyabr 2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş bölgü planının təsdiq olunmuş surətindən görünür ki, **********44 reyestr nömərli çıxarışa əsasən İddiaçı torpaq payı 0,034909 ha hektar olması göstərilərək, ümumi torpaq sahəsinin cənub hissəsində X=284434.3749 Y=4353589.6632, X=284443.2695 Y=4353551.4662, X=284695.8056 Y=4353648.8283, X=284687.5027 Y=4353673.4260 və X=284683.4039 Y=4353685.9419 koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, **********44 reyestr nömərli çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 3,4909 hektar torpaq sahəsi iddiaçının və cavabdehlərin birgə mülkiyyətləri kimi Dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin onlara verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 noyabr 2022-ci il tarixli, **********44 reyestr nömrəli çıxarış da verilmişdir. İddiaçı cavabdehlərdən öz payına düşən torpaq sahəsini ayırmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Hazırda öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Payının ayrılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət edərək, öz payına düşən torpaq sahəsini ayırmaq istəmiş, lakin digər mülkiyyətçilər, yəni hazırkı iş üzrə cavabdehlər torpağın ayrılmasına razılıq verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdə olan **********44 reyestr nömərli çıxarışdan da göründüyü kimi 3,4909 ha torpaq sahəsinin 10 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 3,4909 ha pay torpaq sahəsinin 10 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/10 hissəsindən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********44 reyestr nömərli çıxarışa əsasən İddiaçı düşən 0,034909 ha torpaq sahəsinin yeri, 3,4909 ha torpaq sahəsinin şimal-qərb hissəsindən naturada ayrılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı işin baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 222, 226, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin olunsun. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********44 reyestr nömərli çıxarışa əsasən İddiaçı düşən 0,034909 ha torpaq sahəsinin yeri, 3,4909 ha torpaq sahəsinin şimal-qərb hissəsindən naturada ayrılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar