Məhkəmə qərarları › İş №2(073)-697/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-697/2024

29.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-697/2024 29.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Abbasbəyli Abbas Mehid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Cəlilabad rayonunun Ləkin kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun (iddiaçının) payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkləməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 aprel 1979-cu ildə Cəlilabad rayonunun Ləkin kəndində doğulmuşdur. 07 iyun 1997-ci ildə X4 ilə rəsmi nikaha girməklə evlənmişlər və həyat yoldaşı ilə birlikdə Cəlilabad rayonunun Ləkin kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 şəxsi 8 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışıa əsasən Cəlilabad rayonunun Ləkin kəndində yerləşən 1.33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona (iddiaçıya) və cavabdehlərə verilmişdir. Lakin o (iddiaçı) həmin torpaq sahəsindən öz payını alıb istifadə edə bilmir. Həmin torpaq sahəsindən ona düşən payın ayrılaraq verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 şəxsi 8 saylı Ərazi idarəsinə müraciət etmiş, lakin cavabdehlər razılıq vermədiklərindən payının müəyyən olunması mümkün olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (**********) qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonunun Ləkin kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nın, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 xx.xx.1997-ci ildə rəsmi nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 242 saylı qeydiyyat aparılaraq, nikahdan sonra arvada Bağışova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (**********) qeydiyyat nömrəli çıxarışa əsasən Cəlilabad rayonunun Ləkin kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nın, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payının müəyyən edilməsini istəsə də, cavabdehlər razı olmadığından iddiaçının payının müəyyən edilməsi mümkün olmamış və buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahəsinin 9 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçının payı 1/9 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (**********) qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nın, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və X3 ümumi birgə mülkiyyətində olan Cəlilabad rayonunun Ləkin kəndində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı Bağışova (Əliyeva) Yaqut Yaşar (Yaşər) qızının payı 1/9 hissədə müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılar X1 və X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar