Məhkəmə qərarları › İş №2(073)-75/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-75/2025

13.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-75/2025 13.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın müəyyən edilərək natura şəkilində verilməsi, müəyyən edilən torpaq sahəsinə gedən yolun açılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın müəyyən edilərək natura şəklində verilməsi, müəyyən edilən torpaq sahəsinə gedən yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə JN - İ00A, KOD 80602004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə əsasında iddiaçıların mülkiyyətində olan 0.07 hektar torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi, müəyyən edilmiş payın natura şəkilində bölünməsi, bölgüdən sonra müəyyən edilən torpaq sahəsinə gedən yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıların paylarının naturada ayrılması və həmin sahəyə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsinə əsasən, Cəlilabad rayon Aqrar islahat Komissiyasının 13 03.1999cu il tarixli, 03 saylı qərarı ilə JN - 100A KOD 80602004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə əsasında İddiaçı1, X2, Cavabdeh və X3 mülkiyyətlərinə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı 0,07 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən dövlət aktına əsasən həmin torpaq sahəsinə tərəflərin mülkiyyət hüquqları tanınmışdır. Mülkiyyətçilərdən X5 xx.xx.2011-ci ildə vəfat etmişdir. İddiaçı2 nikahdan əvvəlki soyadı isə Novruzova olmuşdur. JN - 100A, KOD 80602004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə torpaq payının hansı hissədə mülkiyyətlərinə düşən hissə olması tərəflərindən müəyyən etmək mümkün olmadığından və həmçinin, cavabdehlə qeyd edilən iorpaq sahəsinin bölünməsində problemlər yaşandığından, bölgüyə gəlmədiyindən və həmin torpaq sahəsindən istifadə edə bilmədiklərindən məcbur qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Bundan əlavə, həmin mübahisəli əraziyə gediş gəliş yolu bağlıdır və hesab edirlər ki, həmin yol da açılmaqla tam mülkiyyət hüquqlarından maneəsiz istifadə etmələrinə şərait yaradılmalıdır. Həmin torpaq sahəsi ilə bağlı onların sərəncam vermək hüquqları olsa da, faktiki olaraq istifadə və sahiblik hüquqlarına maneəçilik vardır. Payın müəyyən edilərək natura şəklində bölünməsi barədə məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx/xx/2022ci il tarixli, 2(102)-1165/2022 saylı qərarında qeyd edilmişdir ki, birgə mülkiyyətdə olan payın naturada ayrılması o halda mümkündür ki, paylar müəyyən edilmiş olsun. JN - 100A, KOD 80602004 saylı ‘‘Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən göründüyü kimi, tərəflər 4 (dörd) nəfər ailə üzvü olmaqla hər birinə bərabər payda torpaq sahəsi müəyyən edilməklə birlikdə onlara 0,07 hektar torpaq sahəsi verilmişdir. Belə olduğu təqdirdə torpaq sahəsinin 2/4 hissəsi iddiaçıların payı kimi müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 və vəkili Nümayəndə1 iddianı müdafiə edərək verdikləri izahatında göstərmişlər ki, iddiaçılar onlara düşən payın naturada ayrılmasını istəyirlər. İddiaçı bildirmişdir ki, özü və qızı (digər iddiaçı) faktiki olaraq uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar. Oğluna ev tikmək üçün payının naturada ayrılmasını istəyir. Gediş-gəliş yolunun, habelə payın ayrılmasını qeyrimümkün edən qeyri-yaşayış sahəsi isə 2005-ci ildə tikilmişdir, oranın tikilməsində iddiaçının da xeyli əziyyəti olmuşdur və hesab edir ki, həmin sahədə də onun payı vardır. Hətta həmin sahənin sökülməsi bahasına olsa da oranın sökülməsini və paylarının naturada ayrılaraq onlara verilməsini xahiş edir. Onlara düşən payın əvəzinə kompensasiya verilməsinə razı deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iddianı əsassız hesab etdiklərini və payların bölünməsinə razı olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdirlər. Bildirmişdirlər ki, əslində mübahisələndirilən torpaq sahəsində iddiaçının ümumiyyətlə hər hansı payı mövcud deyil – həmin sahə cavabdehə atasından miras əmlak olaraq qalmışdır. İddiaçının təqdim etdiyi mülkiyyət şəhadətnaməsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada mübahisələndirəcəklər. Hazırki halda isə iddiaçıların payının ayrılması faktiki olaraq qeyri-mümkündür, habelə 2005-ci ildən sahibliklərində və istifadələrində olan qeyri-yaşayış sahəsinin sökülməklə iddiaçılara oradan yol verilməsinə etiraz edirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan JN-100A KOD 80602004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədən görünür ki, Cəlilabad rayon Göytəpə kəndi ərazisində yerləşən fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı 0,07 hektar torpaq sahəsi X3, Cavabdeh, İddiaçı1, X2 mülkiyyətlərinə verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 08.05.201l-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 520 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Göytəpə şəhəri O.Eynullayev küçəsi 48-də ümumi sahəsi 67.5 kv.metrdən, yaşayış sahəsi 67.5 kv.metrdən ibarət yaşayış evi Cavabdeh adına mülkiyyət hüququ əsasında 17 dekabr 2003-cü il tarixdə qeydə alınmış, 4/520 nömrə ilə reyestr kitabına yazılmışdır. İşdə olan 11 noyabr 2003-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 20 noyabr 1995ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi Cəlilabad rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsi 48-də yaşayan Cavabdeh miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak Cəlilabad rayon DTİ və MHQİ-nin verdiyi 11 dekabr 2003-cü il tarixli, 4/520 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və 21 saylı arayışa əsasən mərhum Cavabdeh məxsus olan ümumi sahəsi 67.5 kv/metrdən, əsas sahəsi 67.5 kv.metrdən 5 otaqdan ibarət olan yaşayış evindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Göytəpə səhəri A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatında kompleks yerquruluşu layihəsinin yerə uyğun yerləşmə mövqeyinə gorə Torpağın mülkiyyətə verilməsinə dair JN 100A nömrəli şəhadətnaməyə əsasən X4, Cavabdeh İvanovıçin, İddiaçı1 Pışan qızının və X2 mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi ilə onun faktiki istifadə kimi plana alınmış 0.15 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan fərdi yaşayış evi və qeyri-yaşayış obyekti Cəlilabad rayonu Göytəpə səhəri A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatında kompleks yerquruluşu layihəsinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə mülkiyyətə venlmiş 0.07 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir Bu uyğunsuzluqları nəzərə alaraq Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi, onlara məxsus fərdi yaşayış evi və qeyri-yaşayış obyekti ilə birlikdə Dövlət reyestrində qeydiyyata alındıqdan, torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə) bölgü istiqaməti məhkəmə qərarı əsasında muəyyənləşəndən, təyin ediləndən sonra Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun bölgu planı DƏDKR-nin mütəxəssi tərəfindən tərtib edilmiş bölgü planına görə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən, umumı paylı mülkiyyətçilərin hər birının payının naturada ayrılması işi aparıla bilər. Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə mülkiyyətə venlmiş 0.07 ha həyətyanı torpaq sahəsi Dövlət reyestrində qeydiyyata alındıqdan sonra qərardadın 2-ci sualın cavablandırılması mümkün olacaq. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Göytəpə səhəri A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatında kompleks yerquruluşu layihəsinin yerə uyğun yerləşmə mövqeyinə gorə Torpağın mülkiyyətə verilməsinə dair JN 100A nömrəli şəhadətnaməyə əsasən X4, X6, İddiaçı1 və X2 mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi cavabdehin faktiki istifadə kimi plana alınmış 0.1525 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və yola 2.3 metr giriş olduğu müəyyən edilmişdir. Həmçinin, 158 kv.m fərdi yaşayış evi və 73.87 kv.m qeyri-yaşayış obyektinin 13.74 kv.m hissəsinin JN-100A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh məxsus qeyri-yaşayış obyektindən yol veriləcəyi halda sözügedən torpaq sahəsinin bölgüsü bərabər şəkildə mümkündür. Cəlilabad rayonu Göytəpə səhəri A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatında kompleks yerquruluşu layihəsinin yerə uyğun yerləşmə mövqeyinə gorə Torpağın mülkiyyətə veriilməsinə dair JN 100A nömrəli şəhadətnaməyə əsasən X4, Cavabdeh İvanovıçin, İddiaçı1 Pışan qızının və X2 mülkiyyətinə verilmiş 0.7 ha həyətyanı torpaq sahəsinə giriş 2.3 metr giriş mövcuddur. Yola ikinci giriş təmin edildikdən sonra həmin torpaq sahəsinin bölgüsü bərabər şəkildə mümkündür. xx.xx.2025-ci il tarixdə tərəflərin iştirakı ilə torpaq sahəsinə və evə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin yalnız bir girişi mövcuddur, iddiaçıların payı kimi müəyyən edilə biləcək torpaq sahəsinin qarşısında (bitişik) isə qeyriyaşayış obyekti mövcuddur, həmin obyektdə müxtəlif sahibkarlar satıcılıq fəaliyyəti ilə məşğuldur. Ekspert rəyinə istinadən məhz həmin qeyri-yaşayış sahəsindən yol veriləcəyi və ya həmin qeyri-yaşayış sahəsi söküləcəyi halda torpağa ikinci giriş mümkün olmaqla iddiaçıların paylarının naturada ayrılması mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin ümumi birgə mülkiyyətində torpaq sahəsi və orada yerləşən və mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan fərdi yaşayış evi, habelə qismən həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən, torpaq sahəsinə bitişik və cavabdehə məxsus olan qeyri-yaşayış obyekti mövcuddur. İddiaçılar həmin torpaq sahəsi və evdə yaşamırlar, 2018-ci ildən bəri faktiki sahiblik etmirlər. Tərəflər arasında sözügedən mülkiyyət şəhadətnaməsinin qanunsuzluğu, habelə iddiaçıların evdən çıxarılması ilə bağlı əvvəllər də məhkəmə mübahisələri olmuşdur. Hazırda iddiaçılar qeyd edilən əmlakdan (torpaq sahəsindən) paylarının naturada ayrılmasını və cavabdeh tərəfindən həmin sahəyə gediş-gəliş yolunun açılmasını tələb edirlər. Cavabdeh iddianı etiraf etmir, payların naturada ayrılmasına etiraz edir. Bildirmişdir ki, həmin torpaq sahəsində ona (cavabdehə) məxsus qeyri-yaşayış sahəsi də mövcuddur, həmin sahə mülkiyyət hüququ ilə cavabdehə məxsusdur və həmin obyektdən gediş-gəliş yolunun açılması əmlakın təyinatına və cavabdehin mənafeyinə uyğun deyil, habelə fiziki olaraq qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya verməkdən imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Məhkəmə, iş üzrə təyin edilmiş ekspertizaların rəylərini və işin faktiki hallarını torpağın, evin və qeyri-yaşayış sahəsinin (kommersiya obyektinin) yerləşmə vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçıların paylarının naturada ayrılaraq onlara verilməsi açıq-aşkar məqsədəuyğun deyildir. Ekspert rəylərindən də müəyyən edilir ki, payın naturada ayrılması üçün ayrılacaq pay üçün sərbəst girişin təmin edilməsi zəruridir, həmin sərbəst giriş isə yalnız cavabdehə məxsus olan qeyri-yaşayış obyektindən yol veriləcəyi halda, başqa sözlə cavabdehin razılığı ilə mümkündür. Ekspert rəylərində göstərilən mümkünsüzlük səbəbinin dəqiqləşdirilməsi üçün məhkəmə tərəflərin iştirakı ilə torpaq sahəsi, ev və qeyri-yaşayış obyektinə əyani baxış da keçirmişdir və həqiqətən də torpaq sahəsinə ikinci sərbəst girişin yalnız qeyd edilən qeyri-yaşayış obyektindən yol veriləcəyi halda mümkün olması, və ya həmin obyektin tamamilə sökülməsi hesabına mümkünlüyü müəyyən edilmişdir ki, bu da həmin qeyri-yaşayış obyektinin mülkiyyətçisi, habelə mübahisələndirilən torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi və həmin torpaq sahəsində yerləşən və faktiki olaraq cavabdehin yaşadığı evin mülkiyyətçisi olan cavabdehin mənafeyinə uyğun hesab edilə bilməz. Buna görə də payların naturada ayrılması iddiasının təmin edilməsi üçün əsas mövcud deyil. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçıların paylarının dəyərinin digər mülkiyyətçi olan cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququnun mövcudluğu iddiaçılara izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar