Məhkəmə qərarları › İş №2(074)-1075/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1075/2023

13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1075/2023 13.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iş materiallarını nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 2000 manat maddi ziyanın, 50 manat dövlət rüsumunun və mənəvi zərərin əvəzi olaraq 1000 manat hesablanaraq, ümumi 3050 manat pulun Cavabdeh onun xeyrinə tutulması və ünvan 1 ünvanında yerləşən cavabdehin mənzilinin su borularının cavabdehin öz hesabına təmir edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Bu səbəbdən, iş baxılması üçün aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi mülki işin baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməsində haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, daha sonra, ekspert rəyi məhkəməyə daxil olmuş və iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə baxışında isə mülki işin aidiyyət qaydaları pozulmaqla, icraata götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda, həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd olunan qanun normasını əsas tutaraq hesab edir ki, iddiaçı düzgün olaraq qanunvericiliyin tələblərinə uyğun iddia ərizəsi ilə daşınmaz əşyanın və sübutların olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Belə olan halda, hazırki mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı olduğundan, yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar