Məhkəmə qərarları › İş №2(074)-108/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-108/2022

22.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-108/2022 22.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X17, Cavabdeh1 Təşəkgür oğlu və üçüncü şəxs “Qaçqınların və X22 üzrə Dövlət Komitəsi”-nin nümayəndəsi X21 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Təşəkgür oğluna qarşı “zəbt edilmiş qeyri yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 Təşəkgür oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvlərinin zəbt etdikləri ona məxsus Şamaxı şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən qeyri-yaşayış sahəsindən çıxarmaları və illərdir ona dəyən əldən çıxmış zərərin əvəzi olaraq 20000 manat pulun və əlavə olaraq ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında (indiki Şəhriyar qəsəbəsi) onun xüsusi mülkiyyətində torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 944,70 kvadrat metrində qeyri-yaşayış binası inşa edilmişdir. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda öz əksini tapmışdır. Yəni, həmin torpaq sahəsi tam payla ona məxsusdur. Torpaq sahəsində fərdi layihə əsasında qeyri-yaşayış binası tikilmişdir. Həmin torpaq sahəsi 25 may 1999-cu ildə inventarlaşdırılmış, ümumi sahəsi 28000,0 kv.metrdir. Tikilinin altında 1098,4 kv.metr torpaq sahəsi vardır, Bu tikili mal tövləsi üçün nəzərdə tutulmuş, bir mərtəbəlidir, tikinti altı sahə 1048,1 kv.metrdir, tikintinin həcmi 3039,5 kub.metrdir. Bu mal tövləsini mal-qara saxlayıb ailəsinin təminatını ödəmək üçün almış, lakin 10 ildir ki, Cavabdeh1 Təşəkgür oğlu öz ailə üzvləri həyat yoldaşı X10 və az yaşlı uşaqları ilə qeyri-yaşayış sahəsini zəbt etmişlər. Dəfələrlə gedib-gəlib onlardan tövlədən çıxmalarını tələb etmək istəsədə, az yaşlı uşaqlarına görə fikrindən daşınmışdır. Halhazırda uşaqlar böyüyüb və axır vaxtlar deyiblər ki, onlar burdan köçməli olsa Yadigar müəllim onlar üçün 8 otaqlı ürəkləri istədiyi yerdə ev almalıdır. O, bu vaxta qədər onların az yaşlı uşaqlarına görə dözüb durmuşdur. Hal-hazırda isə ehtiyacı onlardan çoxdur, təsərrüfatını yaratmaq, fərdi sahibkarlıqla məşqul olmaq istəyir. Cavabdeh illərdi ki, ona məxsus bu sahəni zəbt etməklə onun işlərinə, ailənin təminatına əngəl yaradıb, 7-8 ildə ən azından hər il üçün 2000 manat gəlir hesablasa, 20000 manat onu ziyana salmışdır. Daha sonra X11 ərizə ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə mübahisəli mal fermasında yaşadığından onun da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək X4, X12, X13, X5, X3 və X7 hazırki mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlərin zəbt etdikləri iddiaçıya məxsus Şamaxı şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən qeyri-yaşayış sahəsindən çıxarmaları və əlavə olaraq ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X17 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Təşəkgür oğlu iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, 1993-cü ildən məcburi köçkün düşəndən ailəsi ilə birlikdə orda yaşayırlar və təsərrüfatla məşğuldurlar. Başqa yerdə yaşamağa yeri yoxdur. Həmin qeyri-yaşayış sahəsinə dair heç bir sənədi və iddiası yoxdur. Dövlət tərəfindən onlara ev verildiyi halda oranı tərk edəcəkdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 Sərhad oğlu iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, 1993-cü ildən məcburi köçkün düşəndən ailəsi ilə birlikdə orda yaşayır. Kommunal və digər xərclər onun tərəfindən ödənilir. Başqa bir yerdə yaşamağa yeri yoxdur. Həmin qeyri-yaşayış sahəsinə dair heç bir sənədi və iddiası yoxdur. Dövlət tərəfindən onlara ev verildiyi halda oranı tərk edəcəkdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Qaçqınların və X22 üzrə Dövlət Komitəsi”-nin nümayəndəsi X34 izahat verərək bildirdi ki, cavabdehlər uzun müddətdir ki, ailələri ilə birlikdə həmin fermada məskunlaşmışlar. Hazırda həmin ailələrin evlə təmin edilməsi planda yoxdur. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1nda yerləşən 944,70 kvadratmetr ümumi sahəsi olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 25.05.1999-cu il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 11.11.2021-ci il tarixli 581 saylı Şamaxı rayon İHB-nın Şəhriyar qəsəsi İƏD-si üzrə nümayəndəliyinin arayışından görünür ki, X1 rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla 1993-cü il tarixdən Şamaxı rayonu Şəhriyar qəsəbəsinin mal fermasında müvəqqəti məskunlaşmış və ailə üzvləri: həyat yoldaşı-X8, oğlu- X15r. İş materiallarında olan 11.11.2021-ci il tarixli 582 saylı Şamaxı rayon İHB-nın Şəhriyar qəsəsi İƏD-si üzrə nümayəndəliyinin arayışından görünür ki, Həsənov X25 rayonunda qeydiyyatda olmaqla 1993-cü il tarixdən Şamaxı rayonu Şəhriyar qəsəbəsinin mal fermasında müvəqqəti məskunlaşmış və ailə üzvləri: həyat yoldaşı-X18, oğlu- X23, oğlu- X19r. İş materiallarında olan 16.11.2021-ci il tarixli 89 saylı Qaçqınların və X22 üzrə Dövlət Komitəsinin arayışından görünür ki, Həsənov X25 rayonundan məcburi köçkündür. Şamaxı rayonu Şəhriyar qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan 16.11.2021-ci il tarixli 90 saylı Qaçqınların və X22 üzrə Dövlət Komitəsinin arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür. Şamaxı rayonu Şəhriyar qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şamaxı şəhəri - 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Cavabdehlər qeyd olunan torpaq sahəsi və qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt etmişlər. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus torpaq sahəsində yerləşən qeyri-yaşayış binasında olmaları onun iradəsinə ziddir. Cavabdehlərin qeyd olunan qeyri-yaşayış binasını zəbt etməkdə davam etmələri və oranı tərk etməmələri iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış binasından çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 Təşəkgür oğlu, X16, X23, X24, X14, X9 və X2 şəhəri 6 saylı sovxoza gedən yolun sol kənarında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasından çıxarılsınlar. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 Təşəkgür oğlu, X16, X23, X24, X14, X9 və X6 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar