Məhkəmə qərarları › İş №2(074)-1273/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1273/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1273/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən “KAMAZ 55111” markalı 58BG445 dövlət nömrə qeydiyyat nişanlı yük maşına vurulmuş maddi ziyana görə, maşının sahibinə ödənilmiş 2650 manat, X3 və X1 vurulan az-ağır xəsarətə görə edilmiş 3000 manat sığorta ödənişinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəməyə verilən iddia ərizələrində iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və 1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun keçid müddəaları adlanan 2-ci maddəsinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsi 29.09.2021ci il tarixdə imzalansa da, iddia ərizəsinin 01.10.2021-ci il tarixədək poçt orqanına təqdim edilməsinə dair heç bir sübüt təqdim edilməmiş, poçt göndərişlərinin izlənilməsi haqqında çıxarışdan görünür ki, iddia ərizəsi 12.10.2021-ci il tarixdə poçta təqdim edilmiş, bununla da iddia ərizəsinin “Dövlət rüsumu haqqında” Qanunda edilmiş dəyişiklikdən sonra verildiyi müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddianın qiyməti 5650 manat olduğundan, iddiaçı 76,50 manat (30 manat + 4650 manatın 1 faizi) məbləğində dövlət rüsumu ödəməli idi. Lakin, iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəsə də, qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən və həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar