Məhkəmə qərarları › İş №2(074)-150/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-150/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-150/2021 30.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4010 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin xxxx ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-də 15 avqust 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Vaz-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 15 sentyabr 2018-ci il tarixdə Şamaxı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “Mercedes Benz C180” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Şamaxı DYPB-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 4010 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən “Vaz- 21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı “xxxx” ASC-də 15.08.2018-ci il tarixdə PGU********** saylı sığorta şəhadətnaməsi əsasında 15.08.2018-ci il tarixdən 15.08.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. İş materiallarında olan 03.10.2018-ci il tarixli PGU-181999 saylı sığorta aktının surətindən görünür ki, PGU********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 15.08.2018-ci il tarixdən 15.08.2019-cu il tarixədək sığortalanmış “Vaz-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.09.2018-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində X1 idarə etdiyi “Mercedes Benz C180” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “Mercedes Benz C180” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4010 manat maddi zərər dəymişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Mercedes Benz C180” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 2540 manat, işçilik xidmətləri üzrə 1470 manat olmaqla, cəmi 4010 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 19.08.2018-ci il tarixli № 188-15405-1218 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi 15.09.2018-ci il tarixdə Şamaxı rayonu Göylər kəndi yolunun 6-cı kilometrliyində baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi “Vaz-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin sahibi və hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Hadisə zamanı X1 idarə etdiyi “Mercedes Benz C180” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan AD № 212117 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdehdur. İş materiallarında olan Rusiya Federasiyasının sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh A, B, C kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan AD № 137024 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan 11.10.2018-ci il tarixli № 03984 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 03.10.2018-ci il tarixli PGU-181999 saylı sığorta aktına əsasında X1 hesabına 4010 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “Vaz-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin maddə ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İş materiallarında olan 05.06.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, “xxxx” ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Vaz-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Həmin avtomobil Cavabdeh tərəfindən “xxxx” ASC-də 15.08.2018-ci il tarixdən 15.08.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortaladılmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 15.09.2018-ci il tarixdə Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 məxsus “Mercedes Benz C180” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4010 manat məbləğində maddi zərər dəymişdir. Törətdiyi əmələ görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı “Mercedes Benz C180” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X3 4010 manat məbləğində sığorta ödənişi ödəmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 35-1-ci maddəsinin 1ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi Cavabdeh sürücülük hüququ olmadan özünə məxsus “Vaz-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 4010 manat məbləğində sığorta ödənişi məbləği və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4040,40 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar