Məhkəmə qərarları › İş №2(074)-231/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-231/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-231/2022 14.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21074” ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4500 manat, “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 385 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 415,40 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “VAZ 21214” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “VAZ 21074” ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş, nəticədə sonuncu avtomobillərə zərər yetirmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini sərxoş olaraq idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Şamaxı rayon Məhkəməsinin inzibati xəta haqqında Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 21074” ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 385 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 118032 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 385 manat ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti sığorta şirkətinə dəymiş 385 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Daha sonra İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin “xahiş edirik” hissəsində texniki səhvə yol verildiyini, həmin hissədə “4500 manat “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə” sözlərinin oxunmamalı olduğunu bildirmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və cavabdeh iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 072390 saylı sığorta aktından görünür ki, “VAZ 21214” markalı, ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də sığorta olunmuşdur. “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 385 manat təşkil edir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən X1 dəymiş ziyana görə 385 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin yol nəqiyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ** BE *** markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 385 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcunu 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan İXP ******* inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 3(074)-302/2019 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 333.3-cü maddələri ilə təqsirli bilinmiş, və o, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 ( on beş) gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbs etmənin əvvəli 26 avqust 2019cu il tarixdən hesablanmışdır. İş materiallarında olan ƏN-İİİ № 037672 saylı etibarnamənin surətindən görünür ki, X4 “VAZ 21074” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək üçün X2 etibar etmişdir. İş materiallarında olan AC № 685619 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan AC № 130716 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2019cu il tarixdə Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə olunan “VAZ 21214” markalı, **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı ASC tərəfindən “VAZ 21074” ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 385 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı, hadisə zamanı avtomobili sərxoş idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 385 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 385 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar