Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-31/2021 04.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 adına birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Şamaxı rayonu İ Çaylı kəndində yerləşən 2,23 ha torpaq sahəsində paylarının müəyyənləşdirməklə, borclu Cavabdeh1 məxsus hissəsinin naturada müəyyən edilməsi və üzərinə həbs qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 1902/2017 №-li, 12 oktyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 6360 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb ona (İddiaçı) verilməlidir. Şamaxı rayon məhkəməsinin 8(074)-66/2019 №-li, 27 mart 2019 saylı qərardadı ilə: - “borclu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 adına birgə mülkiyyət hüququ ilə olan Şamaxı rayonu İ Çaylı kəndində 2,23 ha torpaq sahəsinin borclu Cavabdeh1 məxsus hissəsinə həbs qoyulmuşdur”. Borclu Cavabdeh1 Şamaxı rayon məhkəməsinin 8(074)-66/2019 saylı 27 mart 2019-cu il tarixli qərardadından şikayət verərək:- “qərardadın ləğv edilib təqdimatın rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş” və Şamaxı rayon Məhkəməsinin (hakim: E.Hümbətov) 15.04.2019-cu il tarixli, 8(074)- 66/2019№-li qərardadı ilə Şamaxı rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli, 8(074)- 66/2019 №- li qərardadı ləğv edilmişdir. Həmin qərardaddan 14.05.2019-cu il traixdə Şamaxı rayon məhkəməsinə şikayət vermişdir. Şikayəti təmin edilməmiş və Şamaxı rayon məhkəməsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (L.Məmmədova) 20 iyun 2019-cu il tarixli, 2(105)- 108/2019№-li qərardadı ilə şikayəti qismən təmin edilmiş, Şamaxı rayon Məhkəməsinin (hakim E.Hümbətov) 15.04.2019-cu il tarixli, 8(074)-66/2019№-li qərardadı ləğv edilməklə yenidən baxılması üçün Şamaxı rayon Məhkəməsinə qaytarılmışdır. Şamaxı rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 8(074)-66/2019 №-li qərardadı yenidən “Şamaxı rayon Məhkəməsinin 2(074)-1802/2017 saylı icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 adına Şamaxı rayonu 1 Çaylı kəndində 2,23 ha ümumi birgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat rədd edilmişdir. Şamaxı rayon Məhkəməsinin (hakim: E.Hümbətov) 08.10.2019cu ildə aldığı 11.09. 2019-cu il tarixli, 8(074)-66/2019№-li qərardadından Şamaxı rayon məhkəməsinə şikayət vermiş, şikayəti təmin edilməmiş və Şamaxı rayon məhkəməsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (F.Məmmədov) 18 noyabr 2019-cu il tarixli, 8(105)-206/2019 №-li qərardadı ilə şikayəti təmin edilməmiş, Şamaxı rayon Məhkəməsinin (hakim:E.Hümbətov) 11 sentyabr 2019-cu il tarixli, 8(074)-66/2019 №-li qərardadı dəyişdirimədən saxlanılmışdır. Həmin qərardadla izah edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından, bu iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən oz səlahiyyətləri daxilində həyata keçirilir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi huququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi huququnun ayrılmaz tərkib hissəsidir. «İcra haqqında» Qanununun 45.6-cı bəndinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.8-ci bəndinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. İşin hallarına qeyri-subyektiv mövqedən yanaşanda çox asanlıqla görmək olaur ki, məhkəmənin istinad etdiyi normativ-hüquqi aktda məsələnin həllinin çox asan yolu göstərilmişdir. Yəni məhkəmənin istinad etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89№-li qərarının 3-cü bəndinin imperativ göstərişi “əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz” formasında qeyd edilmişdir. Amma məhkəmə qərardadlarının əsaslandırıcı hissələrində sübut kimi istinad edilən sənədlərə göz gəzdirdikdə görürük ki, “İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin 10 yanvar 2019-cu il tarixli **********63 saylı məktubunda Cavabdeh1 və Tapdıq ova Ayna Təvəkkül qızının adma Aqrar İslahat Komissiyasının verdiyi siyahıya əsasən Şamaxı rayonu İ Çaylı kəndində 2,23 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi” olduğu qeyd olunur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 25 oktyabr 2018-ci il tarixli, 2/537№-li məktubundan görünür ki, Cavabdeh1 və Tapdıqova (Nəbiyeva) Ayna Təvəkkül qızının nikahı haqqında Şamaxı rayon Göylər kənd İN tərəfindən 19 sentyabr 1990-cı il tarixli 62№-li akt qeydi tərtib edilmişdir. Buradan da belə aydın olur ki, (Ailə Məcəlləsinin 29-cu, 32-ci və 37-ci maddələrini) tələblərilə yanaşı məhkəmənin istinad etdiyi qanunvericiliyin birbaşa tələbləri nəzər alınmaqla, Azərbaycan Respublikası adından çıxarılmış və öz qanuni qüvvəsini alım məhkəmə qətnaməsinin icrasının təmini üçün, həmin torpaq sahəsinin 1,23 ha (2,22 l,0=l,23 ha) hissəsinə həbs qoyulmalıdır. Bu halı borclu özü də Şamaxı rayon məhkəməsinin 8(074)-66/2019 saylı 27 mart 2019 saylı qərardadından vermiş olduğu şikayətində də etiraf etmişdir. O öz şikayətinin dəlili kimi qeyd edir: - “Şamaxı rayon məhkəməsinin 8(074)-66/2019 saylı 27 mart 2019 saylı qərardadı onun və həyat yoldaşı Cavabdeh2 adına birgə mülkiyyət hüququ olan Şamaxı rayonu İ Çaylı kəndində 2,23 ha torpaq sahəsinin ona məxsus hissəsinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyaraq nəzərə almamışdır ki, əsas məşğuliyyəti kənd təsərrüfatıdır və mülkiyyətində olan torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olmaqla, ailəsini dolandırmağa çalışır. Məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və 1,115 hektardan ibarətdir. Bununla da borclu, qanunvericiliyin (Ailə Məcəlləsinin 29-cu, 32-ci və 37-ci maddələrinin) tələbləri baxımından mülkiyyətlərində olan əmlakın növünü (ümumi birgə mülkiyyət hüququ), əmlakda (torpaqda) öz payının miqdarını (1,115 ha) konkret olaraq bildiyini və məsuliyyətdən qaçmaq niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nigah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə ümumi əmlak bölünərkən ər-arvadm ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə görə ər-arvad arasında əmlak bölgüsü zamanı ümumi borcları da müəyyən edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadm ümumi borcları onların paylarına uyğun müəyyən edilir. Tərəflər arasında əmlak bölgüsü aparılan zaman tərəflərin payları 1/2 hissələrlə müəyyən edildiyindən onların ümumi borcları da 1/2 hissələrlə müəyyən edilməlidir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir. Bu Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadm ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Odur ki, borclu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 adına birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Şamaxı rayonu İ Çaylı kəndində yerləşən 2,23 ha torpaq sahəsində paylarının müəyyənləşdirməklə, borclu Cavabdeh1 məxsus hissəsinin naturada müəyyən edilməsi və üzərinə həbs qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0146 KOD 41009048 saylı dövlət aktının surətindən görünür ki, Şamaxı rayon AİK-nın 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə, X5, Cavabdeh1, Cavabdeh2 Təvəkgül qızı, X6, X2 2,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2021-ci il tarixli 10/2614 saylı ekspert rəyindən görünür ki, Şamaxı rayonu Çaylı kəndi ərazisində JN-0146 (kod ********) “Torpaq mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X3 mülkiyyətə verilmiş V hissəli 2.23 ha (0.16 ha, 0.12 ha 0.27 ha, 0.22 ha və 1.46 ha) pay torpaq sahəsi hər bir pay üzrə 0.446 ha naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün olmadığından qərardadda qoyulmuş suallar üzrə araşdırma aparılmamışdır. Keçirilmiş Ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Şamaxı rayonu Çaylı kəndi ərazisində yerləşən 2,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yalnız ər arvadın deyil, X5, Cavabdeh1, Cavabdeh2 Təvəkgül qızı, X6 və X1 birgə mülkiyyətindədir. Payları bərabər sayılan mülkiyyətçilərin hər birinin, o cümlədən Cavabdeh1 birgə mülkiyyətdəki payı 0,446 ha (1/5 hissə) təşkil edir. 10/2614 saylı 14 iyun 2021-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 payının naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, 10/2614 saylı 14 iyun 2021-ci il tarixli rəylə razılaşır və Cavabdeh1 birgə mülkiyyətdəki payının naturada ayrılmasının mümkün olmadığı nəticəsinə gəlir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.8-ci bəndinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89№-li qərarının 3-cü bəndinin imperativ göstərişinə əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 payının naturada ayrılması mümkün olmadığından, eləcə də onun birgə mülkiyyətdəki 0,446 ha payına tələbin yönəldilməsi qanunla qadağan olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, keçirilmiş ekspertiza üzrə 100 manat ekspert xərci iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsinə dair”iddia tələbi rədd edilsin. İddiaçı keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-31/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-31/2021
04.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver