Məhkəmə qərarları › İş №2(074)-345/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-345/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-345/2023 06.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 78 ünvanından Cavabdeh1 və ailə üzvləri - Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin qeyd olunan evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 evi hərracdan almışdır. Cavabdehlərə düşən pul isə Namiqin bankdakı depozit hesabına köçürülmüşdür. Hazirda ev mülkiyyət hüququ əsasında bütövlükdə ona məxsusdur. Digər cavabdehlər də Namiqin ailə üzvləridirlər. Cavabdehlərdən dəfələrlə tələb etmişdir ki, evi boşaltsınlar. Cavabdehlər isə evin mülkiyyətində olmasına və dəfələrlə evi tərk etmələrinə dair tələblərinə əhəmiyyət vermirlər. Hansı ki, həmin mənzil hərracdan satıldıqdan sonra, onların bu mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, onların evində yaşamaqda davam etmələri onun mülkiyyətində olan evindən sərbəst maneəsiz istifadə edə bilməyinə maneçilik törədir. Əmlakı üzərində sərəncam vermək hüququndan faktiki olaraq məhrum olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, hərracda mübahisə predmeti olan - hazırda yaşadıqları Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 78 ünvanında yerləşən fərdi yaşayış evi həyat yoldaşının qardaşı İddiaçı tərəfindən alınmışdır. Onların başqa yaşayış yerləri yoxdur və təklif olunan kompensasiyanın məbləği hər hansı bir yaşayış evi alması üçün kifayət deyildir. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, mübahisəli ev atası tərəfindən alınmışdır. Həmin ev 1961-ci ildə tikilmiş, iki mərtəbəlidir. Atası 2005-ci ildə, anası isə 2019-cu ildə vəfat etmişdir. Üç bacı və iki qardaş idilər. Sonradan vərəsəlik işi açılmışdır. Valideynlərindən miras qalmış ünvan 4 ev 1/6 hissədə ona məxsusdur. İddiaçı onun qardaşıdır. O, iddia tələbi ilə razı deyil, belə ki, başqa yaşayış yerləri yoxdur və 1/6 payına görə təklif olunan 5500 manat depozit hesabda olan məbləğdən imtina etmişdir. İddiaçı ona başqa yerdə ev təklif etsə, o, ailə üzvləri ilə birlikdə mübahisəli evdən çıxar. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 bildirmişdirlər ki, iddia tələbini qəbul etmirlər. Belə ki, yaşayış üçün başqa yerləri yoxdur və ev almaq imkanları da yoxdur. Hazırda valideynləri ilə birlikdə mübahisəli evdə yaşayırlar. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan MA ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 5/6 hissə İddiaçı məxsusudur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(074)- 55/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Həsənova Nəzakət Babaş qızına qarşı “evin naturada bölünməsi, evin hərracdan satılaraq paylara uyğun bölüşdürlməsi və cavabdehlərin qeydiyyatdan çıxarılmalarına dair” iddiası rədd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(074)-45/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 609/2022 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş MA ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,0092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, əldə olunmuş vəsait paylara uyğun 5/6 hissə İddiaçı, 1/6 hissə Cavabdeh1 payına uyğun şəkildə bölüşdürülməsi qət edilmişdir. İş materiallarında olan “X1”Əmlak Hərrac Mərkəzi MMC-nin 29 noyabr 2022-ci il tarixli Hərrac Yekunları barədə № 270/22 saylı Protokolun surətindən görünür ki, 5/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh1 məxsus olan, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi ünvanında yerləşən, 0.0092 ha torpaq sahəsində olan 78 saylı fərdi yaşayış evi İddiaçı 30000 manata satılmışdır. İş materiallarında olan Cavabdeh1 Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizədən görünür ki, o, hərrac vasitəsilə satılaraq əldə olunmuş və Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüş 5500 manat məbləğində vəsait ona təklif olunsa da, həmin məbləği götürməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 06 iyun 2023-cü il tarixli **********89 saylı məhkəmə sorğusunun cavablandırılması barədə arayıpşından görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayş evi ilkin olaraq xx.xx.2006-cı il tarixdə Şamaxı rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Mirzəyev Babaş Gülmirzə oğlunun adına qeyd olunmuşdur. Şamaxı rayon DNK-da xx.xx.2009-cu il tarixdə təsdiq olunmuş 2V-104 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsas sözügedən fərdi yaşayış evinin 4/6 hissəsinin üzərində X2, 1/6 hissəsinin üzərində İddiaçı, 1/6 hissənin üzərində isə Cavabdeh1 payları müəyyən edilmişdir. X2 xx.xx.2010-cu il tarixdə Şamaxı rayon DNK da təsdiq olunmuş 4ə- 1/88 nömrəli bağışlama müqaviləsi əsasında özünə aid olan 4/6 hissəni İddiaçı bağışlamışdır. Cavabdeh1 məxsus 1/6 hissəni İddiaçı xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 4234/4 saylı, 12.11,2022-ci il tarixli sifariş əsasında "xxxx" MMC tərəfindən keçirilən hərracdan almışdır. Hal-hazırda ünvan 4 ünvanda yerləşən fərdi yaşayş evinin üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunur ki, “hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir”. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayş evi ilkin olaraq xx.xx.2006-cı il tarixdə Şamaxı rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Mirzəyev Babaş Gülmirzə oğlunun adına qeyd olunmuşdur. Şamaxı rayon DNK-da xx.xx.2009-cu il tarixdə təsdiq olunmuş 2V-104 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsas sözügedən fərdi yaşayış evinin 4/6 hissəsinin üzərində X2, 1/6 hissəsinin üzərində İddiaçı, 1/6 hissənin üzərində isə Cavabdeh1 payları müəyyən edilmişdir. X2 xx.xx.2010-cu il tarixdə Şamaxı rayon DNK da təsdiq olunmuş 4ə- 1/88 nömrəli bağışlama müqaviləsi əsasında özünə aid olan 4/6 hissəni İddiaçı bağışlamışdır. Cavabdeh1 məxsus 1/6 hissəni İddiaçı xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 4234/4 saylı, 12.11,2022-ci il tarixli sifariş əsasında "xxxx" MMC tərəfindən keçirilən hərracdan almışdır. Hal-hazırda ünvan 4 ünvanda yerləşən fərdi yaşayş evinin üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Hərrac vasitəsilə satılaraq əldə olunmuş və Şamaxı rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülümüş 5500 manat məbləğin götürülməsi Cavabdeh1 təklif olunsa da, o həmin məbləği götürməkdən imtina etmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin istifadə hüquqlarına xitam verilməli və onlar iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar