Məhkəmə qərarları › İş №2(074)-350/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-350/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-350/2020 06.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 370,40 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 190 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt yolunda, Gənclər şəhərciyinin qarşısında manevretmə qaydasını pozaraq Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin BYP 609838 saylı inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 003471 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 350 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 350 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddiaçı, Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 370,40 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPMin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan hadisə tarixinə icbari avtoməsuliyyət sığortası üzrə müqavilənin yoxlanılmasına dair portaldan çıxarışdan görünür ki, Mercedes Benz 190 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT № ********** saylı sığorta şəhadətnaməsi ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli № 003471 saylı sığorta aktından görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı-Sumqayıt yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış Mercedes Benz 190 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X10 C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat məbləğində maddi ziyan dəymişdir. Sığorta ödənişinin məbləği 350 manat müəyyən edilməklə X5 bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli № 467 saylı ödəniş tapşırığı və ona əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən PAT № 003471 sığorta aktı və PAT ********** saylı sığorta müqaviləsinə əsasən X5 hesabına 350 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 350 manat maddi ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2014-cü il tarixli № 1008 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2013-cü il tarixdə saat 14:35 radələrində Bakı-Sumqayıt yolunda baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi Mercedes Benz 190 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Hadisə zamanı Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, hadisə zamanı Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 olmuşdur. İş materiallarında olan BYP № 609838 saylı inzibati xəta haqqında potokolun surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Yol hərəkəti Haqqında qanunun tələblərini pozduğu üçün Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Protokolda Cavabdeh yol nəqliyyat hadisəsi törədərək Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu və müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən yayındığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № P4685/19 saylı pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh xx.xx.2013-cü il tarixdə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan AA № 948726 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarında olan AB № 104350 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz 190 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan ƏN-İV № 104850 saylı etibarnamənin surətindən görünür ki, X1 Benz 190 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək və digər hallar üçün xx.xx.2014-cü il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 9/2206 saylı ekspert rəyindən görünür ki, Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 350 manat maddi ziyan dəymişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olunur ki, Mercedes Benz 190 markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu xx.xx.2013-cü il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi Mercedes Benz 190 markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Sumqayıt yolunda hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və X5 idarə etdiyi Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X10 C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı sahibinə 350 manat maddi ziyan dəymişdir. Törətdiyi əmələ görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sürücüsü X7 350 manat sığorta ödənişi vermiş, hazırkı iddia üzrə 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmuşdur. İddiaçı Sığorta şirkətinin məhkəməyə təqdim etdiyi qiymətləndirmə barədə hesabatdan əlavə, iş üzrə keçirilmiş ekspertiza nəticəsində Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin 350 manat olduğu bir daha sübut olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, sığorta ödənişi vermiş iddiaçının, yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınanCavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, iddia tələbi təmin edilməli, Cavabdeh qaydada Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 350 manat və 20,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qaydada Mercedes Benz C 230 markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 350 manat və 20,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar