Məhkəmə qərarları › İş №2(074)-45/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-45/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-45/2022 24.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vərəsəliklə bağlı valideynlərindən miras qalmış ünvan 1 ev 5/6 hissə ilə ona məxsusdur. 1/6 hissə isə qardaşı Cavabdeh məxsusdur. Namiqin cəmisi 1/6 hissəsi olmasına baxmayaraq o, bütün evi zəbt edərək ailəsi ilə birlikdə orada yaşayır, o, isə öz hissəndən istifadə edə bilmir. Dəfələrlə Namiqə təklif etmiş ki, ya Namiqə düşən payı o, ödəsin, ya ona düşən hissənin pulunu versin və o evi bütövlükdə ona versin. Lakin Namiq bununla razılaşmır və onu də evə yaxın buraxmır. Odur ki, o məhkəmə qaydasında evin naturada bölgüsü ilə bağlı Şamaxı rayon məhkəməsinə müraciət etmişdir. Ərizələrinə Şamaxı rayon məhkəməsində baxılmış Məhkəmənin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış naturada bölgüsü mümkün olmamışdır. Cavabdehlə bir evdə və həyətdə yaşamaqları mümkün deyil. Belə olan halda ev qiymətləndirilməli və açıq hərracdan satılaraq paylara münasib bölünməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və cavabdehə payına uyğun kompensasiya ödəməklə həmin paya olan mülkiyyət hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, bir evdə yaşaya bilmirlər. Ekspert rəyi ilə evin qiyməti müəyyən edilmişdir. İddiaçı cavabdehin payına uyğun kompensasiya məbləğini ödəməyə hazırdır. Əgər cavabdeh iddiaçının payına uyğun kompensasiya verərsə iddiaçı buna da razıdır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, nə payına uyğun kompensasiya istəmir, nə də iddiaçının payına uyğun kompensasiya ödəməyə maddi imkanı yoxdur. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MA ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0092 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 5/6 hissə İddiaçı məxsusudur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(074)- 55/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X1, X3 və Həsənova Nəzakət Babaş qızına qarşı “evin naturada bölünməsi, evin hərracdan satılaraq paylara uyğun bölüşdürlməsi və cavabdehlərin qeydiyyatdan çıxarılmalarına dair” iddiası rədd edilmişdir. İş materiallarında olan Premium Qiymətləndirmənin 27.12.2021-ci il tarixli № PRE/07/2021 saylı ekspert rəyinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 110,4 m2, yaşayış sahəsi 31,8 m2, köməkçi sahəsi 78,6 m2 təşkil edən fərdi yaşayış evinin və 0,0092 ha torpaq sahəsinin bazar dəyəri 39100,00 manat, likvid dəyəri 35200,00 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 5/6 hissə İddiaçı və 1/6 hissə Cavabdeh məxsus olmaqla onların paylı mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehə payına uyğun kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsini xahiş etmiş, lakin cavabdeh ekspert rəyində göstərilmiş məbləğin iddiaçının payına uyğun hissəsini ödəməyə maddi imkanının olmamasını, iddiaçı tərəfindən isə onun payına uyğun kompensasiya məbləğinin ödənilməsinə razı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya kompensasiya ödəmək istəməməsini və onun üzərinə belə öhdəliyin qoyulması mümkün olmadığından idda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 10 manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci 500 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci 500 manat pul iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar