Məhkəmə qərarları › İş №2(074)-474/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-474/2022

24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-474/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 (üç min yüz) manat məbləğində əsas borcun və 51 manat dövlət rüsumun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o "APA Group" X1 operator vəzifəsində işləyir. Təxminən 3 il bundan qabaq bacısı oğlu X6 onunla görüşərək iş yoldaşı Rusif adlı şəxsin pula ehtiyacı olduğunu və həmin şəxsin pulu aldıqdan sonra işlənmiş maşın alıb düzəldib sataraq, əldə edilən gəlirdən də borcundan əlavə olaraq ödəniş edəcəyini bildirmişdir. Bu təkliflə razılaşaraq, ilk olaraq 3000 manat borc pulu həmin şəxsə şəxsən vermiş və həmin şəxsin bu pulu 1 il ərzində tam olaraq qaytaracağına söz vermişdir. Təxminən 5-6 gün sonra həmin Rusif adlı şəxs yenidən ona zəng edərək, maşın almaq üçün pula ehtiyacı olduğunu və aldığı borc puldan əlavə olaraq daha 1500 manat pulun lazım olduğunu demiş, o, həmin şəxsə əlavə olaraq 1500 manat borca pul vermişdir. Borca pul verməkdə məqsədi, həmin şəxsin çox çətin vəziyyətdə olması, həmçinin bacısı oğlunun işlədiyi təmir sexində onun yanında köməkçi işləməsi səbəbi olmuşdur. İkinci dəfə o həmin pulu verdikdən sonra Rusif adlı şəxs ona hər ay 300 manat pul verə biləcəyini demiş və o bu təkliflə razılaşmışdır. Daha sonra təxminən həmin şəxs 3-4 ay ödəniş etmiş, lakin sonradan qalan borc pulu ödəməkdən yayınaraq hər dəfə bir bəhanə gətirmişdir. O, hər dəfə ona qalan pulu ödəməyini bildirdikdən sonra həmin şəxs ona qalan borcundan 20, 30, 50 və s. kimi az miqdarda ödəniş etməyə başlamışdır. Rusif adlı şəxsə 3000 və 1500 manat olmaqla ümumilikdə 4500 manat borca pul vermiş, bu 3 il ərzində həmin şəxs ona olan borcun hissə-hissə olmaqla cəmi 1400 manat ödəniş etmiş, qalan 3100 manatı isə bu günədək ödəməmiş, hər dəfə ona pulu ödəməsini bildirdikdə isə 2-3 gün ərzində qalan borc pulu ödəyəcəyinə söz verməsinə baxmayaraq, amma heç bir ödəniş etməmişdir. İndiyə qədər cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə özünə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. O, Cavabdeh əməlləri ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı şikayət ərizəsi üzrə 21.09.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasını rədd etmişdir. Cavabdeh öz izahatında borcun 2810 manatını etiraf etmişdir. Rusif onun bu pulu faizə verdiyini qeyd etsə də, o həmin pulu maşın alqı-satqısı üçün vermiş və heç bir faiz güdməmişdir. Həmçinin, ona bu pulu verdiyini təsdiq edən iki şahidi vardır. Belə ki, bacısı oğlu X6 (19.10.1993-cü il təvəllüdlü) və onun digər iş yoldaşı X2 (03.01.1970-cı il təvəllüdlü) da borc pul verdiyini məhkəmədə təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ümumilkdə cavabdehə 4500 manat pul vemiş, lakin cavabdeh ona olan borc puldan hissə-hissə olmaqla cəmi 1400 manat ödəniş etmişdir. Buna görədə iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, o, iddiaçının iş yoldaşı, eyni zamanda onun dostudur. Əli Rusifə iki dəfə 3000 və 1500 manat olmaqla ümumilikdə 4500 manat borc pul verməsini ona bildirmişdir. Lakin sonralar Əli həmin pulun bir hissəsini Rusifdən ala bilməməsindən polisə şikayət etmişdir. Əli Rusifə pul verəndə və Rusif ona pul qaytaranda orada olmamışdır. Məhkəmə iddiaçının və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma üzrə izahatı alınmış Cavabdeh izahatında qeyd etmişdir ki, Sumqayıt şəhəri 15-ci məhəllə adlanan ərazidə avtomobil təmiri sexində rəngsaz işləyir. Təxminən iki il bundan qabaq onunla həmin avtomobil təmiri sexində köməkçi kimi işləyən Nasir adlı şəxsə imkanı zəif olduğundan borc pula ehtiyac olduğunu bildirdikdə, həmin şəxs ona dayısı Əlinin borc verə biləcəyini lakin faizlə verəcəyini bildirmişdir. Daha sonra o bu təkliflə razılaşmış, Nasir adlı şəxs isə ona dayısı ilə danışacağını bildirmişdir. Səhəri gün dayısı Əli adlı şəxs onun işlədiyi avtomobil təmiri sexinə gəldiyini və ona 3000 manat borc verə biləcəyini və faizi ilə birlikdə ümumi borcunun 3600 manat olacağını bildirmişdir. O bu təkliflə razılaşaraq borc pulu aldıqdan sonra iki ay müddətində həmin şəxsə 600, 400 və 300 manat olmaqla ümumillikdə 1300 manat pulu ödədiyini, daha sonra yenidən pula ehtiyacı olduğundan həmin müraciət etdiyini bildirmiş, sonra Əli adlı şəxsin onu yaşadığı ev tərəfə çağırdığını, daha sonr onun yaşadığı 36-cı məhəllə ərazisinə gedərək borc barədə söhbət etdiyini, söhbət zamanı Əli adlı şəxsin ona əlavə olaraq 1500 manat borc pul verə biləcəyini, faizi ilə birlikdə ümumillikdə borcunun 1800 manat olacağını deməsini bildirmişdir. Cavabdeh 1500 manat pulu aldıqdan sonra həmin pulun faizi olan 300 manatı həmin anda ona qaytardığını, daha sonra həmin şəxsə 300, 300, 170, 70, 50, 50, 30 və 20 manat olmaqla ümumilikdə 990 manat ödədiyini, həmin şəxsdən faizi ilə birlikdə 3600 və 1800 manat olmaqla ümumilikdə 5400 manat borc aldığını, həmin puldan hissə-hissə olmaqla 2590 pulu geri ödədiyini, hazırda həmin şəxsə 2810 manat pul borcunun olduğunu, hal-hazırda imkanının zəif olduğundan və himəsində dörd uşağı olduğundan həmin qalıq borc pulu ödəyə bilmədiyini, bu barədə Əli adlı şəxsə məlumat verərək, imkanı olan kimi qalan borcunu ödəyəcəyini bildirdiyini demişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. İddiaçı həmin pulu cavabdehə verilməsini təsdiq edəcək heç bir sübut təqdim etməsə də, cavabdeh iddiaçıdan həqiqətən də 4500 manat borc pul aldığını və onun bir hissəsini qaytarıldığını və cəmi 2810 manat borcu olduğunu və həmin pulu da qaytaracağını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı 4500 manat pulu cavabdehə borc kimi vermiş, sonradan cavabdeh həmin pulun bir hissəsini iddiaçıya qaytarmışdır. Cavabdehin iddiaçıya 2810 manat borcu qalmış, lakin, cavabdeh borcunu iddiaçıya qaytarmamışdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2810 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2810 (iki min səkkiz yüz on) manat pul və dövlət rüsumunun əvəzi kimi 51(əlli bir) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar