Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-501/2021 01.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə “xxxx” ASC tərəfindən ödənilmiş 2289 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Vaz-2101” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən “xxxx” ASC-də 10.08.2018-ci il tarixdən 10.08.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ **********4 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh spirtkli içki qəbul edib, nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan “Vaz-2101” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 24.11.2018-ci il tarixdə saat 20 radələrində Bakı-Şamaxı-Qazax maqistral yolu ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, “Ford Transit 100LDVAN” markalı **- BC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Şamaxı RPŞ-də qeydə alınmış, araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdehin barəsində inzibati tənbehin görülməsi üçün qərarın surəti Şamaxı RPİ-nə göndərilmişdir. Aparılmış araşdırma nəticəsində cavabdehin hadisəni törədərkən spirtkli içki qəbul etməsi və sürücülük hüququnun olmaması müəyən edilmişdir. Cavabdehin spirtki içki qəbul etməsi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 281 №-li, 24.11.2018-ci il tarixli aktla və araşdırma zamanı cavabdehin verdiyi izahatla öz təsdiqini tapmışdır. Cavabdeh eyni zamanda sürücülük hüququnun olmamasını özü verdiyi izahatda bir daha təsdiqləmişdir. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 02.12.2018-ci il tarixli rəyi ilə “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 2289 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdə pul “xxxx” ASC tərəfindən avtomobilin sahibinə ödənilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair portaldan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən “Vaz 2101” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı “xxxx” ASC-də PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında 10.08.2018ci il tarixdən 10.08.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. İş materiallarında olan 0298/FQ/CML-4201/2018-2019 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə 10.08.2018-ci il tarixdən 10.08.2019-cu il tarixədək sığortalanmış “Vaz 2101” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil 24.11.2018-ci il tarixdə Bakı-Şamaxı-Qazax yolunun 121-ci kilometrliyində X4 məxsus “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2289 manat maddi zərər dəymişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.12.2018-ci il tarixli qərarın surətindən görünür ki, X1 və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Şamaxı rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda hadisə zamanı Cavabdeh hadisə zamanı sürücülük hüququnun olmaması və sərxoş olması qeyd olunmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 24.12.2018-ci il tarixli № 281 nömrəli aktın surətindən görünür ki, Cavabdeh 24.12.2018-ci il tarixdə sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 19.12.2018-ci il tarixli № 903118 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi 24.11.2018-ci il tarixdə Bakı-Şamaxı-Qazax yolunun 121-ci kilometrliyində baş vermiş, qəza törətmiş nəqliyyat vasitəsi “Vaz 2101” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin sahibi və hadisə baş verdiyi anda sürücü Cavabdeh kimi müəyyən edilmişdir. Cavabdeh sürücülük hüququ olmamaqla bərabər o, hadisə zamanı sərxoş olmuşdur. Hadisə zamanı X1 idarə etdiyi X4 məxsus “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizası barədə 02.12.2018-ci il tarixli № 2216 saylı ekspert rəyindən görünür ki, “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 1559 manat, işçilik xidmətləri üzrə 730 manat olmaqla, cəmi 2289 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan AD № 236248 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2101” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdehdur. İş materiallarında olan avtonəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi (təmsil edən) X5 tərəfindən “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün 16.01.2027-ci il tarixədək X2 etibar edilmişdir. İş materiallarında olan 15.02.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 0298/FQ/CML-4201/2018-2019 sığorta aktı və PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında X3 hesabına 2289 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan 02.08.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, “xxxx” ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Vaz 2101” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Eyni zamanda həmin avtomobil Cavabdeh tərəfindən “xxxx” ASC-də 10.08.2018-ci il tarixdən 10.08.2019-cu il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortaladılmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 24.11.2018-ci il tarixdə Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan və sərxoş vəziyyətdə həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 məxsus “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2289 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı “Ford Transit 100LDVAN” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X4 2289 manat məbləğində sığorta ödənişi ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Göründüyü kimi Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə özünə məxsus “VAZ 2101” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin qüvvədə olduğu müddətdə idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı isə digər avtomobilə dəymiş maddi ziyanla bağlı sahibinə sığorta ödənişi ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 2289 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-501/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-501/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver