Məhkəmə qərarları › İş №2(074)-504/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-504/2024

15.03.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-504/2024 15.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 88212.39 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra oqranının rəhbəri olan, Maraqlı şəxs barəsindəə (doğulduğu tarix – xx xxxxxx 1954-cü il, doğulduğu yer – Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan X2 (VÖEN: **********) dövlət büdcəsinə 88212.39 manat məbləğində (o cümlədən, vergilər üzrə 55672.63 manat, faizlər üzrə 32539.76 manat) olmaqla, ümumilikdə 88212.39 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyəcisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********596600 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, X2 hazırda fəaliyyət göstərib-göstərməməsi haqda onlarda məlumat yoxdur. Lakin həmin hüquqi şəxsə məxsus olan VÖEN hazırda aktivdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, X2 xx.xx.2024-cü il tarixə (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 93765.51 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcunun olduğu bildirilmiş, həmin borcu 5 gün müddətində ödəməsi tələb edilmişdir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi olan X2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 136641.21 manat, vergilər üzrə 105152.98 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 31488.23 manat və məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat məbləğində borcu vardır. O cümlədən vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, X2 (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı X4 xx.xx.2024-cü il tarixli 803 saylı məktubundan görünür ki, X5 hal-hazırda fəaliyyət göstərmir. “Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 03 fevral tarixli 30 nömrəli qərarına və həmin qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 mart 2016-cı il tarixli 130 nömrəli əmrinə əsasən X8 İqtisad Kollecinin və X2 bazasında X6 Kolleci yaradılmışdır. Şamaxı X4in nümunəvi nizamnaməsinin layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilmiş, lakin hələ təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, “Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 03 fevral tarixli 30 nömrəli qərarına və həmin qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 mart 2016-cı il tarixli 130 nömrəli əmrinə əsasən X8 İqtisad Kollecinin və X2 bazasında X6 Kolleci yaradılmışdır. X5 isə hazırda fəaliyyət göstərmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda fəaliyyət göstərməyən kollecin hazırda direktoru olmayan şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Buna görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305.1.12, 355-7.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar