Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-528/2020 28.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair” iddia qaldıraraq, Cavabdeh plastik qapı və pəncərə düzəldilməsi üçün ondan aldığı 8800 manat əsas borc, verilmiş sifarişi vaxtında icra etmədiyi üçün evin dam örtüyünün və ayaq altına istifadə edilmiş taxtaların sıradan çıxması nəticəsində dəymiş 14000 manat məbləğində maddi ziyan, 440 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 23270 manat məbləğində borcun və 1 il ərzində ona verdiyi mənəvi iztiraba görə isə 10000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, 2019-cu ilin iyun ayinda rayonda tikdirdiyi evin plastik qapı və pəncərələrin qoyulması üçün əvvəldən usta kimi tanıdığı Teymur adlı şəxslə telefon əlaqəsi saxlamış, (*** *** ** **) və qeyd etdiyi kimi evi üçün plastik qapı və pəncərə düzəltməyini istəmişdir. Teymur ondan düzətdirmək istədiyi qapı və pəncərələrin sayını və ölçüsünü istəmişdir. Ona məlumatları wotsap vasitəsi ilə göndərmişdir. Bundan sonra o sifarişin hazırlanması üçün 9000 manat pul istəmiş, lakin sonda 8800 manat məbləğində razılaşmışlar. Bundan sonra Teymur onu Sulutəpə adlanan yerdə sexə aparmış və həmin sexin ona məxsus olduğunu bildirmişdir. Teymur ilkin olaraq işin başlanması üçün 4000 manat vəsaitin lazım olduğunu bildirmişdir. İşin tezliklə başlaması üçün həmin məbləği ona ödəmişdir. Bundan sonra qalan 4800 manatı isə hissə-hissə iş yerinin qarşısında Baki şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 105 A ünvanında ödəmişdir. Teymur sifarişin avqust ayınmın 20-nə bitəcəyini bildirmişdir. Avqustun 19-u ustaları qarşılamaq üçün Şamaxı rayonuna getmiş, Teymur 20-si ona zəng edərək, şüşələrdə problem çıxdığını və onları həll edib sentyabr ayının 10-u sifarişi gətirəcəyini bildirmişdir. İş qəzasının ola biləcəyini ehtimal edib razılaşmışdır. Sentyabr ayının 9-u Teymura zəng etmiş və səhər sifarişi gətirib-gətirməyəcəyini soruşmuşdur. O sifarişin artıq hazır olduğunu və səhər aparacağını bildirmişdir. Yenidən bütün işlərini təxirə salıb Şamaxı rayonuna getmiş, lakin Teymur yenidən gəlməmişdir. İşlərin bu hala gəldiyi gördüyündən Bakı şəhərinə qayıdaraq, onun təqdim etdiyi sexə getmişdir. Lakin burda da, sürprizlə qarşılaşmışdır. Demə Teymurun ona öz sexi kimi təqdim etdiyi yer ümumiyyətlə ona məxsus deyilmiş. Həmin sex İmran adlı bir şəxsə məxsus imiş. Həmin sexdə olan ustalarla məsləhət etdiyi zaman müəyyən olunmuşdur ki, həmin sifarişin 8800 manata hazırlanması mümkün deyildir. Yəni burdan da açıq aşkar, Teymur qeyd olunan vəsaiti ondan almaq üçün yalandan daha aşağı qiymət demişdir ki, başqa ustalara müraciət etməsin. Çoxsaylı axtarışdan sonra Teymurun evini tapmış və qonşuları ilə danışıq zamanı məlum olmuşdur ki, Teymur insanları plastik qapı pəncərə düzəltmək adı ilə aldatmaqla külli miqdarda pullar əldə edib. Bunun nəticəsi olaraq həmin şəxslər hər gün onun qapısına gəlir və məhəllədə tez-tez qalmaqallar olur. Bundan sonra Teymurla görüşmüş o, əməlindən peşman olduğunu aldığı 8800 manatı tezliklə qaytaracağını bildirmişdir. Onun heç bir şey ödəmək istəmədiyini gördüyündən bu barədə Nərimanov rayon X1 ərizəsi ilə müraciət etmişdir. Şikayəti icraata qəbul edilmiş və araşdırılması üçün Akif Məcidova verilmişdir. Lakin burda da polisin şikayət üzrə ifadə verməsi üçün Teymuru dəfələrlə idarəyə dəvət etsə də, o köhnə sənəti olan yalandan vəd verərək polisin çağırışlarından yayınmağa çalışmışdır. Lakin Cavabdeh barəsində axtarış elan olduqdan soma 16-cı polis bölməsinin əməkdaşları tərəfindən gətirilərək, polisə təhvil verilmişdir. Məcburi olaraq polisə gətirilən Cavabdeh öz izahatında həqiqətən də, 8800 manat məbləğində vəsaitin aldığını və həmin vəsaitinin şəxsi ehtiyacları üçün istifadə etdiyini etiraf etmişdir. Amma yenə də yalanından qalmayaraq, guya ona 1000 manat məbləğində vəsaitinin qaytardığını bildirmişdir. Amma ona bildirmişdir ki, onun tərəfindən heç bir vəsait qaytarılmamışdır. Lakin istintaqı həyata keçirən müstəntiq əməldə cinayət əməlinin olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək izah olunması barədə qərar qəbul etmişdir. Verilmiş sifariş 1 ilə yaxın müddətdə Cavabdeh tərəfindən icra edilmədiyi üçün onun təqsiri ucbatından tərəfindən inşa etdirilən evin qapı və pəncərələrinin açıq qalması nəticəsində evin damı və ayaqaltı üçün istifadə edilən taxtalar nəmişlik çəkərək sıradan çıxmışdır. Belə ki, həmin taxtalarda korroziya olunduğu üçün yağış yağdığı zaman dam dammağa başlamış və ayaqaltılarmda çürümə baş vermişdir. Dama istifadə edilmiş taxtaların sıradan çıxması nəticəsində, həmin taxtaların dəyişdirməsi zərurəti yaranmışdır. Taxtaların dəyişdiriləcəyi təqdirdə, evin damı üçün istifadə edilmiş bütün dəmir örtük də, yenilənməli olacaqdır. Belə ki, həmin dəmir örtük bir dəfə boltla taxtaya bərkidildikdən sonra o açılarsa yenidən həmin dəmirin istifadə edilməsi mümkün deyil. Əks halda o içəriyə su verəcəkdir. Qeyd olunan dam örtüyünün və ayaq altının xammalının alınaraq yerinə quraşdırılması 14000 manata başa gəlmişdir. Hazırda qeyd olunan dam örtüyünün və ayaqaltının sıradan çıxmasının günahkarı cavabdeh olmuşdur. Dolayısı ilə Cavabdeh ona verilmiş sifarişi vaxtında yerinə yetirsə idi bunların heç biri olmayacaq idi. Odur ki, Cavabdeh plastik qapı və pəncərə düzəldilməsi üçün ondan aldığı 8800 manat əsas borc, verilmiş sifarişi vaxtında icra etmədiyi üçün evin dam örtüyünün və ayaq altına istifadə edilmiş taxtaların sıradan çıxması nəticəsində dəymiş 14000 manat məbləğində maddi ziyan, 440 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 23270 manat məbləğində borcun və 1 il ərzində ona verdiyi mənəvi iztiraba görə isə 10000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanlanmış bildirişlər “köçüb” qeydi ilə məhkəmənin ünvanına geri qayıtmış və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, tərəflər öz aralarında şifahi şəkildə xidmətlə bağlı razılığa gəlmiş və bunun müqabilində İddiaçı 8800 manat məbləğində pul vermişdir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlik yerinə yetirilməmiş və almış olduğu məbləğdən 1000 manat məbləğində pul şikayətçiyə qaytarılmışdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh öz aralarında şifahi şəkildə xidmətlə bağlı razılığa gəlmiş və bunun müqabilində iddiaçı 8800 manat məbləğində pulu cavabdehə vermişdir. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh almış olduğu məbləğdən 1000 manat məbləğində pulu İddiaçı geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı maddi zərərin əvəzinin ödənilməsi hissəsində tələbini xidmətlə bağlı razılığı cavabdehin təqsiri üzündən pozulduğundan evin plastik pəncərələri ona təqdim edilmədiyindən evinin taxta və dam örtüyünün errozziyaya uğraması nəticəsində 14000 manat məbləğində maddi ziyana uğradığını və 440 manat məbləğində qanunvericiliyin tələbinə əsasən Milli Bankının uçot dərəcəsinə əsasən faiz borcunun ona qaytarılmasını iddia etsədə onun manat maddi ziyana uğramasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı eyni zamanda, cavabdehin hərəkəti nəticəsində ona 1 il ərzində ona verdiyi mənəvi iztiraba görə isə 10000 manat məbləğində mənəvi zərər dəydiyini iddia etmiş, lakin fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsi, cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı Qərarının 6-cı bəndində izah edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi halları sübut edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Odur ki, iddia tələbi qismən təmin olunmalı Cavabdeh 7800 manat pul alınıb İddiaçı verilməli, iddianın qlan hissəsi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7800 (bir min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-528/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-528/2020
28.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver