Məhkəmə qərarları › İş №2(074)-546/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-546/2021

18.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-546/2021 18.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin düzgün olmamasının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, adının “Kamalə” əvəzinə “Kamilə“ kimi yazılması barədə 30 dekabr 1975-ci il tarixdə Şamaxı rayonu Sabir kənd nümayəndəliyində 92 nömrə ilə aparılmış doğum akt qeydinin düzgün olmamasının müəyyən olunması və ad qrafasında “Kamilə“ adının dəyişdirilərək “Kamalə” kimi yazılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Şamaxı rayonu Çıraqlı kəndində anadan olmuş, adı Kamalədir. Qızlıq soyadı Comərdovadır. 1991-ci ildə pasport almış, orada da adı Kamalə yazılmışdır. Çünki doğum haqqında şəhadətnamədə adı Kamalə olmuşdur. 1997-ci ildə nikaha daxil olmuşam. Nikahın bağlanması haqqında şəhadətnamədə də adı pasportuna əsasən “Kamalə” kimi yazılmışdır. Hamı da onu bu adla tanıyır. X10 bitirmiş, orada da adı Kamalədir. Ümumiyyətlə doğum akt qeydindən başqa bütün sənədlərində adı Kamalədir. Bu da ona bu yaxınlarda məlum olmuşdur. Belə ki, doğum şəhadətnaməsinin surətini təsdiq etdirmək istəmiş, orada adında pozuntu olduğundan surətini təsdiq etməmişlər, qeydiyyat şöbəsindən doğum akt qeydiyyatı kitablarından arayış çıxartdırmaq istədikdə, yenə ona həmin sənəd verilməmişdir. Qeydiyyat Şöbəsində ona adının “Kamalə” olmasına baxmayaraq doğum qeydiyyatı kitablarında adının “Kamilə” kimi qeyd olunduğu bildirilmişlər. Belə olan halda o, sənədlərini göstərmiş, adında dəyişiklik aparılmasını xahiş etmiş, lakin onun müraciətindən imtina olunmuş, ona doğum akt qeydiyyatı kitablarında qeydiyyatın düzgün olmamasının müəyyən olunması barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Onun adı “Kamalədir”. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 23.07.2020-ci il tarixli № 05/Q-160/66 saylı məktubundan görünür ki, Ərizəçi Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyində 30.12.1975-ci ildə tərtib edilmiş 92 nömrəli X3 doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Kamilə”dən “Kamalə”yə dəyişiklik edilməsindən Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi bildirilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.05.2021-ci il tarixli № 279 saylı arayışından görünür ki, mərhum X2 və mərhum X5 “Kamilə” adında qızları olmamışdır. İş materiallarında olan İİİ-ЖГ № 425895 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1975-ci ildə Şamaxı rayonu Çıraqlı kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 30 dekabr 1975-ci ildə 92 nömrəli akt qeydi tərtib edilmişdir. X1, anası X6r. İş materiallarında olan Vİİ-ЖГ № 296471 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X8 arasındakı nikah 26.08.1997-ci il tarixdə Şamaxı rayon İHB-nin Sabir qəsəbə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26.08.1997-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rəşidov”, arvada “Rəşidova” soyadı verilmişdir. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Şamaxı rayonu Çıraqlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi doğumu barədə Şamaxı rayon Çıraqlı kənd icra nümayəndəliyində 30.12.1975-ci ildə tərtib edilmiş 92 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması ərizəçinin izahatı ilə yanaşı, işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin doğum akt qeydinin düzgün olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şamaxı rayon Çıraqlı kənd icra nümayəndəliyində 30.12.1975-ci ildə tərtib edilmiş 92 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin doğum akt qeydində uşaq haqqında məlumat qrafasında göstərilmiş “Kamilə” adının “Kamalə” olduğu müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar