Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-595/2022 18.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən şəxsin adının çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən şəxsin adının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Aqrar Komissiyasının 1999-cu il 21 avqust tarixli, 10 saylı qərarı ilə 0.09 ha, JN 131 A, kod 40015018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən X1 adının çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddanın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (31.1.4) inzibati orqan kimi göstərilmişdir. 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən isə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi İddiaçı iddia tələbi inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı yönəlmişdir və həmin iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya qeyd olunan tələblə müvafiq inzibati orqana müraciət etməli olması, onun müraciətindən imtina edildikdə isə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən və ya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsina qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən şəxsin adının çıxarılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-595/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-595/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver