Məhkəmə qərarları › İş №2(074)-657/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-657/2022

26.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-657/2022 26.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əmlakın mülkiyyətində olan İsmayıllı rayonun Cülyan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus, İsmayıllı rayonu Cülyan kəndində 1992-ci ildə tikilmiş, yaşayış sahəsi 56,0 kvm, köməkçi sahəsi 184,0 kvm, ümumi sahəsi 240,0 kvm olan üç otaqlı yaşayış evi var. Yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə onun mülkiyyətinə verilmişdir. Yaşayış evi 1992-ci ildə tikilməklə, həmin dövrün qanunvericiliyinin tələblərinə uyğun olaraq Ağsu Rayonlararası Texniki İnventarlaşdırma bürosunda 1998-cu ildə 913 inventar nömrə ilə qeydiyyata alınaraq onun adına qeydiyyat vəsiqəsi verilmişdir. X2 xx.xx.2014-cü ildə cavabdeh olan X8 ilə rəsmi nikah münasibətinə girərək evlənmiş və cavabdeh ona məxsus, İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt o, cehiz əmlakını da gətirərək onun evinə yerləşdirmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə oğlu və cavabdeh boşanmışlar və aralarında olan rəsmi nikah ləğv edilmişdir. Cavabdeh atasına məxsus Şamaxı şəhərində yerləşən evlərinə getmiş və hal-hazırda da orada yaşayır. Ona məxsus əmlak isə ona məxsus evdə nəzarətsiz qalmış, evində darısqallıq yaratmaqla, mülkiyyətindən sərbəst istifadəsinə maneçilik törədir. Cavabdeh bir daha ona məxsus evə qaytımayacaq. Ona görə də ona məxsus əmlak, mülkiyyətində olan yaşayış evindən çıxarılmalıdır. Cavabdehə məxsus 1 ədəd yataq dəsti, 3 ədəd taxt üzlüyü, 1 ədəd paltar şkafı, 2 ədəd tək kravat üzlüyü, 2 ədəd tumba, 1 ədəd güzgü, 2 ədəd gecə lampası, qonaq dəsti, künc divan, 1 ədəd 2 qapılı qorka, 1 ədəd 1 qapılı qorka, 1 ədəd kamot güzgüsü, 1 ədəd yemək masası, 6 ədəd stul, 1 ədəd jurnal masası, 1 ədəd uşaq krovatı, 1 ədəd televizor və altlığı, 1 dəst mətbəxt mebeli və soyuducu, 1 ədəd yarım avtomat paltar yuyan, 1 ədəd tozsoran, 1 ədəd divar saatı, 1 ədəd qril sobası və qaz sobası, 1 ədəd ətçəkən, 1 ədəd sokçəkən və tok samovarı, 1 ədəd kömür samavarı və 1 ədəd mikser, 1 ədəd nabor qaşıq dəsti, 1 dəst çay, nahar və kofe servis dəstləri, 1 ədəd nikel qazan dəsti və 48 ədəddən ibarət boşqab dəsti, 2 ədəd eyni xalça, 1 ədəd ağ-qara xalça, 1 ədəd palaz, 2 ədəd balaca xalça, 2 ədəd lüstür, 6 ədəd balış, 4 ədəd tək balış, 4 ədəd tək yorğan, 12 ədəd yun döşəkçə, 1 ədəd taxt yorğanı, 1 ədəd taxt döşəyi, 2 ədəd sentefon yorğan, 9 ədəd divan döşəkçəsi, 1 ədəd uşaq yorğanı, 3 ədəd qırmızı tefal qazan, 2 ədəd dəmir vedrə, 2 ədəd emal vedrə, 2 ədəd kauçuk vedrə, 1 ədəd zibil qabı, 2 ədəd sarı emal tava, 1 ədəd böyük aliminum tava, 1 ədəd balaca aliminum tava, 1 ədəd nikel balaca tava, 1 ədəd nikel aşsüzən, 1 ədəd böyük qara rəngli güldan, 2 ədəd ağ rəngli konfet qabı, 1 ədəd ağ güldan, 6 ədəd ağ rəngli bakal, 6 ədəd qara rəngli bakal, 2 ədəd qırmızı rəngli pərdə, 4 ədəd zərli ipək pərdə, 3 ədəd tül pərdə, 1 paçka əl-üz dəsmalı, 6 ədəd çexol dəsti, 1 ədəd tək ədyal aşıq bənövşəyi, 8 cüt ayaqqabı, 2 cüt ayaqqabı, 2 ədəd şüşə vaz, 3 ədəd maral kukla, 2 ədəd eyni qrafinka, 12 eyni stəkan, 1 ədəd üç mərtəbəli vaz, 2 ədəd stol üstü klyonka, 1 ədəd böyük stol üçün skatel, 2 ədəd tək prostina, 3 ədəd padnos qutuda, 2 qutu dəsmal dəsti, 5 ədəd çay dəsmalı və 2 ədəd adi dəsmal ona məxsus evdədir və əmlakı cavabdeh könüllü onun evindən götürmədiyi üçün məcburi qaydada məhkəmə qərarı ilə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu Cülyan kəndində yaşayış sahəsi 56,0 kvm, köməkçi sahəsi 184,0 kvm, ümumi sahəsi 240,0 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materialında olan Şamaxı rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(074)- 609/2021 saylı qətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında 01 oktyabr 2014-cü il tarixdə İsmayıllı rayon Cülyan inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması akt qeydləri kitabında 01 oktyabr 2014-cü il tarixdə 09 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 27 oktyabr 2014-cü il təvəllüdlü X5 qarşılıqlı iddia üzrə iddiaçının (anası) X4 yanında qalması, X3 01 iyun 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 27 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi yaşayış evi 1998-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğlu ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş və gəlin kimi iddiaçıya məxsus evə köçərək birlikdə yaşamışlar. Bundan sonra, cavabdeh ilə iddiaçının oğlu arasında ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçıya məxsus evi tərk edərək valideynlərinin yanında yaşamağa başlamış, daha sonra məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus evi tərk etsə də, ona məxsus olan cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı həmin əşyaların onun evində qalmasını mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə aid əşyaların iddiaçıya məxsus evdən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin evdən istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.2014-cü il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların iddiaçıya məxsus yaşayış sahəsində olması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İsmayıllı rayonu Cülyan kəndində yerləşən iddiaçıya məxsus yaşayış sahəsində hər hansı bir hüququ mövcud olmayan cavabdehə məxsus əşyaların həmin yaşayış sahəsində qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehə məxsus iddia ərizəsinə əlavədə göstərilən əşyalar iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd yataq dəsti, 3 ədəd taxt üzlüyü, 1 ədəd paltar şkafı, 2 ədəd tək kravat üzlüyü, 2 ədəd tumba, 1 ədəd güzgü, 2 ədəd gecə lampası, qonaq dəsti, künc divan, 1 ədəd 2 qapılı qorka, 1 ədəd 1 qapılı qorka, 1 ədəd kamot güzgüsü, 1 ədəd yemək masası, 6 ədəd stul, 1 ədəd jurnal masası, 1 ədəd uşaq krovatı, 1 ədəd televizor və altlığı, 1 dəst mətbəxt mebeli və soyuducu, 1 ədəd yarım avtomat paltar yuyan, 1 ədəd tozsoran, 1 ədəd divar saatı, 1 ədəd qril sobası və qaz sobası, 1 ədəd ətçəkən, 1 ədəd sokçəkən və tok samovarı, 1 ədəd kömür samavarı və 1 ədəd mikser, 1 ədəd nabor qaşıq dəsti, 1 dəst çay, nahar və kofe servis dəstləri, 1 ədəd nikel qazan dəsti və 48 ədəddən ibarət boşqab dəsti, 2 ədəd eyni xalça, 1 ədəd ağ-qara xalça, 1 ədəd palaz, 2 ədəd balaca xalça, 2 ədəd lüstür, 6 ədəd balış, 4 ədəd tək balış, 4 ədəd tək yorğan, 12 ədəd yun döşəkçə, 1 ədəd taxt yorğanı, 1 ədəd taxt döşəyi, 2 ədəd sentefon yorğan, 9 ədəd divan döşəkçəsi, 1 ədəd uşaq yorğanı, 3 ədəd qırmızı tefal qazan, 2 ədəd dəmir vedrə, 2 ədəd emal vedrə, 2 ədəd kauçuk vedrə, 1 ədəd zibil qabı, 2 ədəd sarı emal tava, 1 ədəd böyük aliminum tava, 1 ədəd balaca aliminum tava, 1 ədəd nikel balaca tava, 1 ədəd nikel aşsüzən, 1 ədəd böyük qara rəngli güldan, 2 ədəd ağ rəngli konfet qabı, 1 ədəd ağ güldan, 6 ədəd ağ rəngli bakal, 6 ədəd qara rəngli bakal, 2 ədəd qırmızı rəngli pərdə, 4 ədəd zərli ipək pərdə, 3 ədəd tül pərdə, 1 paçka əl-üz dəsmalı, 6 ədəd çexol dəsti, 1 ədəd tək ədyal aşıq bənövşəyi, 8 cüt ayaqqabı, 2 cüt ayaqqabı, 2 ədəd şüşə vaz, 3 ədəd maral kukla, 2 ədəd eyni qrafinka, 12 eyni stəkan, 1 ədəd üç mərtəbəli vaz, 2 ədəd stol üstü klyonka, 1 ədəd böyük stol üçün skatel, 2 ədəd tək prostina, 3 ədəd padnos qutuda, 2 qutu dəsmal dəsti, 5 ədəd çay dəsmalı və 2 ədəd adi dəsmal - İddiaçı məxsus İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar