Məhkəmə qərarları › İş №2(074)-743/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-743/2021

25.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-743/2021 25.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “doğum akt qeydinin düzgün olmamasının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X7 barəsində 16.12.2005-ci il tarixdə Günəşli kənd İcra nümayəndəliyində 18 nömrə ilə aparılmış doğum akt qeydinin düzgün olmamasının müəyyən olunması və həmin akt qeydindəki doğum tarixinin 23.12.2004-cü il, doğum yerinin isə Şamaxı rayonu, Günəşli kəndi yazılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 23.12.2004-cü il tarixdə doğulmuş oğlu- X11 üçün şəxsiyyət vəsiqəsi almaq istəmiş, lakin ona doğum akt qeydində doğum tarixinin 28.09.2005-ci il, doğum yerinin isə Şamaxı rayonu, Meysəri kəndi kimi göstərildiyi bildirilmişdir. Belə olan halda o, sənədlərini göstərmiş, doğum akt qeydində dəyişiklik aparılmasını xahiş etmiş, lakin onun müraciətindən imtina olunmuş, ona doğum akt qeydiyyatı kitablarında qeydiyyatın düzgün olmamasının müəyyən olunması barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, 25 iyun 2002-ci il tarixində X10 ilə ailə həyatı qurmuş, nikahları isə 2 il sonra rəsmiləşdirilmişdir. Birgə nikahdan 28.09.2003-cü il tarixdə X9 və 23.12.2004-cü il tarixdə X11 dünyaya gəlmişdir. Hər iki övladının doğum yeri Şamaxı rayonu, Günəşli (keçmiş Saqiyan) kəndidir. Doğum şəhadətnamələrində doğum tarixləri və doğum yerləri düzgün qeyd olunmuşdur, lakin doğum akt qeydində uşaqlar əkiz kimi göstərilmiş, doğum tarixləri 28.09.2005-ci il, doğum yerləri isə Meysəri kəndi kimi yazılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Oğlu- X11 23.12.2004-cü il tarixdə Şamaxı rayonu, Günəşli kəndində anadan olmuşdur. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi tanıyır, onun qohumudur. Uşaqlar isə əkiz deyildir. Xoşqədəmin qızı 2003-cü ildə, oğlu isə 2004-cü ildə Şamaxı rayonu Günəşli kəndində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi tanıyır, onun qohumudur. Xoşqədəmin qızı Fəridə 2003-cü ildə, oğlu Fərid isə 2004-cü ildə Şamaxı rayonu Günəşli kəndində anadan olmuşdur. Uşaqlar isə əkiz deyillər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 04.06.2021-ci il tarixli № 05/Q-534/15 saylı məktubundan görünür ki, Şamaxı rayon Günəşli kənd icra nümayəndəliyində 16.12.2005-ci ildə tərtib edilmiş X7 doğum haqqında akt qeydində doğum tarixinin “28.09.2005-ci il”-dən “23.12.2004-cü il”-ə və doğum yerinin “Şamaxı rayonu Meysəri kəndi”-dən “Şamaxı rayonu, Günəşli kəndi”-nə dəyişiklik edilməsindən Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 17.07.2021-ci il tarixli № 05/Q-677/12 saylı məktubu və ona əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X11 28.09.2005-ci il tarixdə Şamaxı rayonu, Meysəri kəndində anadan olmuşdur. Atası 02.01.1980-ci il təvəllüdlü X10, anası xx.xx.1982-ci il təvəllüdlü Ərizəçidır. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Şamaxı rayon Günəşli kənd icra nümayəndəliyinin 08.06.2021-ci il tarixli № 98 saylı arayışından görünür ki, Ərizəçi Şamaxı rayon Günəşli kənd icra nümayəndəliyinin Günəşli kəndinə yaşayır. İş materiallarında olan AZ-İ № 700014 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23.12.2004-cü ildə Şamaxı rayonu Saqiyan kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16 dekabr 2005-ci ildə 18 nömrəli akt qeydi tərtib edilmişdir. X3 oğlu, anası Ərizəçi qızıdır. İş materiallarında olan Vİİ-ЖГ № 426199 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X1 arasındakı nikah 21.11.2004-cü il tarixdə Şamaxı rayon İHB-nin Saqiyan kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21.11.2004-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İmanov”, arvada “İmanova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi oğlu-X7 barəsində Şamaxı rayon Saqiyan kənd İcra nümayəndəliyində 16.12.2005-ci il tarixdə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması ərizəçinin izahatı ilə yanaşı, işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, qeydiyyat şöbəsi doğum akt qeydində dəyişiklik etməkdən imtina etdiyindən, ərizəçi isə həmin düzəlişi başqa qaydada edə bilmədiyindən, ərizə təmin edilməli, həmin doğum akt qeydinin düzgün olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şamaxı rayon Günəşli kənd İcra nümayəndəliyində 16.12.2005-ci il tarixdə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydindəki doğum tarixinin 23.12.2004-cü il, doğum yerinin isə Şamaxı rayonu, Günəşli kəndi olduğu müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar