Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-869/2021 15.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3, X5 və cavabdehlər Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və eyni zamanda Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus, Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evini və 0,12 ha. torpaq sahəsini öz adına sənədləşdirməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Nüydi kəndində ona məxsus fərdi yaşayış evi və 0,12 ha. torpaq sahəsi mövcuddur. 2021-ci il iyun ayının sonlarında ona təsadüfən məlum olmuşdur ki, qardaşı, Cavabdeh1 həmin evi qanunsuz yolla öz adına sənədləşdirib, başqa şəxslərə satmaq istəyir. O, evin və torpaq sahəsinin sənədlərini tələb etdikdə cavabdeh onları verməkdən boyun qaçırmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin, Cavabdeh5, X5, Cavabdeh2, Cavabdeh3 və X13 əlavə cavabdeh qismində cəlb edilməsini, ona məxsus Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evinin və həmin evə aid 0,12 ha. torpaq sahəsinin başqa şəxslərin adına sənədləşdirilməsinin, o cümlədən həmin torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh5, X5, Cavabdeh2, Cavabdeh3, X13 mülkiyyət hüquqlarının qeydiyyatının, X15 Sovetinin 26.02.1988-ci il tarixli qərarının, 04.03.91-ci il tarixli qeydiyyat vəsiqəsinin, 16 iyun 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın, X18 ilə Cavabdeh1, Cavabdeh5, X10, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış 18 iyun 2021-ci il və 16 iyul 2021-ci il tarixli alqı satqı müqavilələrinin, 12 iyul 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evinin və həmin evə aid 0,12 ha. torpaq sahəsinin başqa şəxslərin adına sənədləşdirilməsinin, o cümlədən həmin torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh5, X5, Cavabdeh2, Cavabdeh3 mülkiyyət hüquqlarının qeydiyyatının, X15 Sovetinin 26.02.1988-ci il tarixli qərarının, 04.03.91-ci il tarixli qeydiyyat vəsiqəsinin, 16 iyun 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın, JN059F saylı 10 dekabr 2002-ci il tarixli torpağın cavabdehin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1985-ci ildə Cəyirli kəndinə gəlin köçmüşdür. Əvvələr atasına məxsus həyətdə iki ev olmuş, o, gəlin köçdükdən təxminən 4-5 il sonra atası həmin evlərdən birini satmışdır. Hazırkı mübahisəli evdə isə atası və ailə üzvləri yaşamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və eyni zamanda Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı onun bacısı olduğundan atasına məxsus təsərrüfatda onunda adı qeyd edilmişdir. Lakin bacısı 1985-ci ildə ailə quraraq gəlin köçmüş və atasının təsərrüfatından çıxmışdır. Aqrar islahat komissiyasının qərarı ilə torpaq sahəsi ona və ailə üzvlərinə ayrılarkən iddiaçı orda yaşamadığından şəhadətnamədə onun adı düzgün olaraq göstərilməyib. Göründüyü kimi sənədləşmədə heç bir qanunsuzluq olmayıb. Əgər belə bir şey olsaydı, ona çıxarış verilməzdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qəbul etməyərək izahatında iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1992-ci ildə həmin evdə doğulub və 28 ildir orada yaşayır. İndiyədək evlə bağlı iddiaçı ilə aralarında heç vaxt mübahisə olmayıb. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 02.07.2021-ci il tarixli № 265 saylı Milli Arxiv İdarəsinin X22 filialının arxiv çıxarışından görünür ki, Şamaxı RİH - nin Çarhan kəndi İƏD-i nümayəndəliyinin 1980-982-ci və 1983-1985-ci illərin Nüydi kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Nüydi kənd sakini şəxsi hesab №- 397,№- 412 olan X1 təsərrüfatı haqqında məlumat 0,12 ha. o cümlədən tikintisi altına 0,01 ha kimi qeyd edilmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli № 309 saylı Milli Arxiv İdarəsinin X22 filialının arxiv çıxarışınının surətindən görünür ki, Şamaxı rayonu Nüydü kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-ci illərin təsərrüfatbaşına kitablarında təsərrüfat X4,1991- 1995-ci ,1996-2000-ci illərdə təsərrüfat Cavabdeh1 adınına olması qeyd edilmişdir. İş materiallarında olan JN- 059F KOD 41016028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, ünvan 1 sakini X7, X3, X11, Cavabdeh4, X2 rayon Aqrar İslahat Komissiyasının 07.05.1999-cu il tarixli 08 saylı qərarı ilə 0,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 16.07.2021-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında müavilənin surətindən görünür ki, Cavabdeh1, X3, Cavabdeh4, Cavabdeh2, X11 və X18 müqavilənin tərəfləridir. Tərəflər 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən ünvan 1i ünvanda yerləşən, ümumi sanəsi 119.8 kv.m. olan fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.1220 ha torpaq sahəsinə dair 18 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 4Ə-609 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini ləğv etmək barədə razılığa gəlmişdirlər. Satıcılar Daşınmaz əmlakın satışından əldə etdikləri 7000.00 manat məbləğində pulu Alıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə geri ödəyir. Alıcı isə satılan həmin daşınmaz əmlakı geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan SSR-nin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Nüydü kəndində yaşayış evi, ümumi sahəsi 114,7 kv.metr yaşayış otağı 2 ədəd 60.0 kv.metr, qeyri yaşayış sahəsi 54.7 kv.metr Kalinin adına sovxozun yaşayış fondu X15 Sovetinin qərarı ilə Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan 26 fevral 1989-cu il tarixli X15 Sovetinin qərarından görünür ki, Kalinin adına üzümçülük sovxozunda həyətyanı torpaq sahəsinə ehtiyatyaçı olan 73 nəfər fəhlə və qulluqçuları həyətyanı torpaq sahəsi ilə təmin etmək məqsədi ilə dəmyə örüşlük sahəsindən 8,30 hektar torpaq sahəsi sovxozdan ayrılıb həyətyanı torpaq fondu hesabına keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin 06 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, XDS-nin 26.02.1989-cu il tarixli qərarı idarənin atxivinə təhvil verilməmiş, arxiv sənədlərində XDS-nin 25.02.1989-cu il tarixli qərarı vardır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, Şamaxı rayonu Nuydü kəndində yerləşən ümümi sahəsi 119,8 m2 olan, torpaq sahəsi ölçüsü 0.122 ha olan yaşayış məntəqəsi Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh bacı qardaş olmaqla 1985-ci ilədək Nüydi kəndində atalarına məxsus təsərrüfatda yaşamışlar. 1985-ci ildə iddiaçı ailə həyatı quraraq Cəyirli kəndində gəlin köçmüşdür. Atalarına məxsus olan torpaq sahəsində iki fərdi yaşayış evi olmuş, evlərdən birində onların ailəsi yaşamış. Digər isə 1989-1990-cı illərdə satılmışdır. Aqrar islahat komissiyası tərəfindən cavabdeh və ailə üzvlərinə torpaq sahəsi verilərkən iddiaçı orda yaşamamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslərdir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən məhkmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, X8, Cavabdeh2 və Cavabdeh3 qarşı Şamaxı rayonu Nüydi kəndində yerləşən fərdi yaşayış evinin və həmin evə aid 0,12 ha. torpaq sahəsinin başqa şəxslərin adına sənədləşdirilməsinin, o cümlədən həmin torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüquqlarının qeydiyyatının, X15 Sovetinin 26.02.1988-ci il tarixli qərarının, 04.03.91-ci il tarixli qeydiyyat vəsiqəsinin, 16 iyun 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın, JN059F saylı 10 dekabr 2002-ci il tarixli torpağın cavabdehin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-869/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-869/2021
15.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver