Məhkəmə qərarları › İş №2(074)-926/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-926/2021

12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-926/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “su xəttindən birgə istifadənin qeyri-mümkünlüyü səbəbindən ümumi istifadədə olan əmlakın qiymətləndirilərək bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə su kəmərindən şərikli istifadədən qəti şəkildə imtina etməkləri, cavabdehlə uzun müddətdir birgə istifadələrində olan əmlakların (su xətti borularının) sənəd üzrə 3 nəfər arasında qiymətləndirilərək bərabər qaydada bölünməsi, daha sonra bölünmüş üçdə bir payın iki nəfər istifadəçi İddiaçı3la Cavabdeh arasında yenidən iki bərabər hissəyə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Şamaxı rayon Əngəxaran kənd sakinləri Gülabba Qəhrəmanov, İddiaçı2 və Əbilfəs Aydəmirov 1987-ci ildə Şamaxı üzümçülük sovxozunun rəhbərliyinə müraciət edərək öz həyətlərinə içməli su xətti çəkdirmişlər. O vaxt həmin su xəttini çəkdirənlərdən Gülabba Qəhramanov hazırki İddiaçı1 atası, Əbilfəs Aydəmirov isə hazırki İddiaçı3 babası və həm də Cavabdeh atasıdır. İş materiallarına daxil edilmiş hər birisi 08 iyul 2021-ci il tarixli olmaqla 206, 207 və 208 saylı arayışlardan görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 həqiqətən də Şamaxı rayon Əngəxaran kəndində yaşayırlar. 769 saylı, 27 sentyabr 2018-ci il tarixli Arxiv Çıxarışının surətindən görünür ki, Şamaxı üzümçülük sovxozunun rəhbərliyinin 01 oktyabr 1987-ci il tarixli, 100 saylı əmri ilə Əngəxaran kənd sakinləri Gülabba Qəhrəmanov, İddiaçı2 və Əbilfəs Aydəmirovun ərizələri nəzərə alınaraq onlara kəndin Ardıclıq adlanan sahəsindən öz həyətlərinə içməli su xəttinin çəkilməsinə icazə verilmişdir. Sözügedən 769 saylı, 27 sentyabr 2018-ci il tarixli Arxiv Çıxarışının əsli 2(074)-20/2021 saylı iş üzrə Şamaxı rayon məhkəməsində iş materiallarına daxil edilmişdir. Əngəxaran kəndində daimi yaşadıqları ünvanlarda içməli su olmadığına görə böyükləri təxminən 2100 metr məsafədən öz həyətlərinə bütün xərcləri öz hesablarına olmaqla dəmir borulardan ibarət su xətti çəkdirmişlər. Həmin su mənbəyi kəndlərindən xeyli kənarda yerləşən təbii bulaqdan ibarətdir. Lakin bu bulaqda su ehtiyyatı tükəndiyindən təxminən iki il əvvəl 2 ədəd yeni su mənbəyi tapmışlar və həmin yeni mənbələrdən suyu əlavə plastik borular vasitəsilə birgə istifadələrində olan ümumi xəttə qoşmaq istəyiblər. Bu yeni su xətinin çəkilməsi xərcləri də öz hesablarına edilmişdir. Yaşayış ünvanlarından xeyli kənarda yerləşən istifadə etdikləri sözügedən təbii su mənbələrinin fotoşəkilləri və video görüntüsü bu iddia ərizələrinə əlavə edilib. Video görüntülərdən və fotoşəkillərdən aşkar görünür ki, hal-hazırda içməli su kimi istifadə etdikləri təbii hövzələrdə həqiqətən də su ehtiyyatı tükəndiyinə görə əvvəlki vaxtlarda olduğu kimi yeni su mənbəyi tapılmalı və həmin hövzəyədək yeni su xətti çəkilməlidir. Yeni su mənbələrini tapmışlar, lakin keçmiş vaxtlarda olduğu kimi həmin mənbəyə öz hesablarına su xətti çəkilməlidir ki, bunun xərclərinin bölüşdürülməsində heç cürə razılığa gələ bilməyiblər. Belə ki, Cavabdeh Əbilfəs oğlu da onlarla birgə istifadə etdiyi su xəttinin yeni mənbəyə qədər uzadılması zamanı lazım olan əlavə xərcə şərik olmamış və beləliklə, onlar cavabdehi bu işin görülməsində heç cürə razı sala bilməmişlər. Cavabdeh qətiyyətlə bildirib ki, bütün əlavə xərcləri iddiaçılar ödəməlidir, o isə hazırından istifadə edəcəkdir. Mübahisə dərinləşdiyinə görə cavabdeh onlara küçə söyüşü etməyə başlamış, onları polislə hədələmişdir. Daha sonra cavabdeh iddiaçılara böhtan ataraq onlardan polisə şikayət etmişdir ki, guya onlar kiminsə su mənbəyini oğurlayıblar. Polis araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin onlara qarşı şikayəti tam əsassızdır. Bu səbəbdən cavabdehlə ünsiyyətləri yoxdur. Beləliklə, yeni su mənbəyinə əlavə xəttin çəkilməsi xərcinin öz aralarında bölüşdürülməsi zamanı aralarında ciddi mübahisə yaranmış və bu səbəbdən münasibətləri tamamilə pozulduğuna görə bundan sonra həmin su xəttindən birgə istifadə qeyri-mümkündür. Arxiv Çıxarışının surətindən görünür ki, içməli su xətti üç nəfərin adına olmaqla biri də Əbilfəs Aydəmirovun yaşadığı ünvana çəkilmişdir. Cavabdeh İddiaçı3 əmisidir. Odur ki, ümumi ana xəttdən üç ünvana sü xətti paylanmışdır, onlardan biri X2 Qəhramanovun yaşadığı ünvana, digəri İddiaçı2 yaşadığı ünvana, üçüncü su xətti isə Əbilfəs Aydəmirovun yaşadığı ünvandır ki, bu xəttin özü iki yerə bölünərək Əbilfəs Aydəmirovun oğulları Rauf Aydəmirovun və Cavabdeh yaşadığı evlərə paylanır. Rauf Aydəmirov vəfat etmişdir, hazırda onun mülkündə oğlu iş üzrə İddiaçı3 yaşayır. Beləliklə, müəyyən olunur ki, su xətti üç nəfərin yaşadığı ünvana çəkilsə də ondan 4 nəfər istifadə edir. Ona görə də, həmin çəkilmiş su xətləri qiymətləndirilib əvvəlcə 3 bərabər hissəyə bölünməli, daha sonra bir xəttdən iki ailə istifadə etdiyinə görə bu üçdən bir bölgünün özü də İddiaçı3la Cavabdeh arasında yenə 2 bərabər hissəyə bölünməlidir. Bununla yanaşı, yaranmış problemə tam aydınlıq gətirilməsi üçün aidiyyəti səlahiyyətli şəxslərin və ya mütəxəssislərin həmin əraziyə və birgə istifadədə olmuş su xəttinə baxış keçirməsinin təmin edilməsini də məhkəmədən xahiş edirlər. Odur ki, onlar yaranmış problemi öz aralarında həll edə bilmədiklərinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İndiyədək birgə istifadələrində olan su xətləri, əmlak kimi istifadəçilərin arasında qiymətləndirilərək yuxarıda qeyd etdikləri qaydada ədalətli qaydada bölünməlidir və su xəttindən şərikli istifadəyə son qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, köhnədən çəkilmiş su xəttindən hazırda oda istifadə edir. Əgər iddiaçılar yeni su xətti çəkmək istəyirlərsə gedib çəksinlər, lakin köhnə xəttə heçnə etməsinlər. Həmçinin suyun çəkilişində o, da şəxsən iştirak edib və xərc çəkib. Rəşad suyun çəkilməsinə görə heç bir xərc çəkməyib. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 27.09.2018-ci il tarixli 769 saylı Arxiv Çıxarışının surətindən görünür ki, Əngəxaran kənd sakinləri Gülabba Qəhrəmanov, İddiaçı2 və Əbilfəs Aydəmirovun ərizələri nəzərə alınaraq onlara kəndin Ardıclıq adlanan sahəsindən öz həyətlərinə içməli su xəttinin çəkilməsinə icazə verilmişdir. İş materiallarında olan 13.08.2020-ci il tarixli 108 saylı Arxiv Çıxarışından görünür ki, Əngəxaran kənd sakini Aydəmirov Firudinə məxsus həyətyanı torpaq sahəsindən 0,18 sot həyətyanı torpaq sahəsi kəsilərək Cavabdeh hesabına keçirilmişdir. İş materiallarında olan 06 may 2020-ci il tarixli № 2(074)-20/2020 saylı qətnaməsindən görünür ki, X1 məxsus RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti cavabdeh İddiaçı3 hesabına bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan 02.09.2020-ci il tarixli № 2(105)-2201/2020 saylı Sumqayıt Appelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarından görünür ki, Şamaxı rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 13.08.2020-ci il tarixli № 1(105)-262/2020 saylı Sumqayıt Appelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, İddiaçı3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şamaxı rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından hazırki iddia üzrə iddiaçılar tərəfindən bölünməsi tələb olunan su xəttinin onların vəsaiti hesabına çəkilməsini sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür. Lakin, iddiaçılar belə sübutları məhkəməyə təqdim edə bilməmişlər. İddiaçılar iddia ərizəsində və məhkəmə iclasında izahatlarında yalnız 769 saylı, 27 sentyabr 2018-ci il tarixli arxiv arayışına istinad edirlər. Həmin arayışdan isə görünür ki, Əngəxaran kənd sakinləri Gülabba Qəhrəmanova, İddiaçı2 və Əbilfəs Aydəmirova kəndin Ardıclıq adlanan sahəsindən öz həyətlərinə içməli su xəttinin çəkilməsinə icazə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “su xəttindən birgə istifadənin qeyrimümkünlüyü səbəbindən ümumi istifadədə olan əmlakın qiymətləndirilərək bölünməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “su xəttindən birgə istifadənin qeyri-mümkünlüyü səbəbindən ümumi istifadədə olan əmlakın qiymətləndirilərək bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar