Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1033/2020 08.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarma tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həsənov Röyal İlham oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şəki şəhəri, Axundov prospekti, ev 13-də yerləşən 1 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Həsənov Röyal İlham oğlunun əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh Həsənov Röyal İlham oğlu əsl cavabdeh olan Cavabdeh3 ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********39-05101-093012 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin cavabdehlər mülkiyyətində olan evdən çıxmır, bir mülkiyyətçi kimi ona hüquqlarının həyata keçirilməsində maneə yaradırlar. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı onun keçmiş qaynıdır. O, iddiaçının qardaşı X3 ilə xx xxxxxxxx 1992-ci il tarixdə ailə qurmuş və bu nikahlarını xx xxxxxx 1993-cü il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Cavabdeh1 və xx xxxxxx 1997-ci il tarixdə Cavabdeh3 adlı övladları anadan olmuşdur. Qızı Röya xx xxxxxxxx 2012-ci il tarixdə ailə qurmuş, lakin Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-70/2020 saylı qətnaməsi ilə nikahı pozulmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-229/2016 saylı qətnaməsi ilə övladı Cavabdeh3 ilə birlikdə mübahisəli mənzilə köçürülmüşdür. Əlavə olaraq qeyd etdi ki, iddiaçının qardaşı X3 ilə xx xxxxxxxx 1992-ci il tarixdə ailə quran zaman qayınatası X1 məxsus Şəki şəhəri, D.Bünyadzadə küçəsində yerləşən 2 saylı evə gəlin köçmüşdür. Hər iki uşağı da Şəki şəhəri, D.Bünyadzadə küçəsində yerləşən 2 saylı evdə doğulmuş, 2002-ci ilədək orada yaşamışlar. 2002-ci ildə ümumi razılıqla qayınatası onları ünvan 2 mənzil 1 ünvanında yerləşən evə köçürmüşdür. Həmin mənzildə o, uşaqları ilə birlikdə 2013-cü ilədək birgə yaşamışdır. Təxminən 2013cü ildən sonra İlham İbrahimovla münasibətləri pisləşmiş, evdə yaşaması mümkün olmadığından oğlu Röyalla birlikdə Şəki rayonu Cəfərabad kəndində atasına məxsus evə getmiş və orada yaşamağa başlamışdır. Bundan sonra İlham İbrahimovla aralarındakı nikahın pozulmuş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-229/2016 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra mübahisəli mənzilə köçmüşdür. Hazırda qızı Cavabdeh1, onun azyaşlı uşağı Özləm Həsənova, oğlu Cavabdeh3la birlikdə mübahisəli evdə yaşayır. İddiaçı həmin mənzili qanunsuz yolla öz adına keçirmişdir. Belə ki, keçmiş əri İlham İbrahimova atası Fərman İbrahimov tərəfindən vəsiyyətnamə verilmişdir. Bundan başqa onların başqa yaşayış yerləri yoxdur. İddiaçının isə başqa yerdə hər şəraiti olan evi vardır. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 digər Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş **********39-05101-093012 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 229/2016 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X2 övladı Cavabdeh3 ilə birlikdə Şəki şəhəri, M.F.Axundov küçəsi, bina 13/1 nömrəli mənzilə köçürülmüşdür. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 2002-ci ildən 2013-cü ilədək uşaqları ilə birlikdə qeyd edilən mübahisəli evdə yaşamış, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-229/2016 saylı qətnaməsi ilə övladı Cavabdeh3 ilə birlikdə həmin evə köçürülmüşdür. İddiaçı cavabdehlərin qeyd edilən mübahisəli evdən çıxarılmalarını, cavabdehlər isə iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbayan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsızdır. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. xx xxxx 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşаdığı halda, onlardan birində (yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşаyış sahəsindən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər аrаsındа yаrаnаn mübаhisələrin həlli zаmаnı mülkiyyət hüququ və yаşаyış sаhəsindən istifаdə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanuvericiliyin müddəaları nəzərə alınmalıdır”. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşаyış sаhəsində istifаdə etmək hüququndаn fərqlənsə də, hər iki hüququ müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmаqlа təmin olunmalıdır. Göründüyü kimi Cavabdeh2 2002-ci ildən 2013-cü ilədək övladları ilə birlikdə mübahisəli evdə yaşamış, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 229/2016 saylı qətnaməsi ilə övladı Cavabdeh3 ilə birlikdə Şəki şəhəri, M.F.Axundov küçəsi, bina 13/1 nömrəli mənzilə köçürülmüşdür. Cavabdeh2 hal-hazırda da övladı Cavabdeh3 ilə birlikdə həmin evdə yaşayır. Bundan başqa cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyd edilən ünvandakı evdən başqa yaşayış yerləri yoxdur. Həmçinin, iddiaçı tərəfindən yaşayış binasının tərkib hissəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi haqqında hər hansı razılaşma məhkəməyə təqdim edilməmişdir. Buna görə də İddiaçı qeyd edilən mübahisəli yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılmalarını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi mənzil qanunvericiliklə müəyyən edilmış qaydada iddiaçının mülkiyyətindədir. Yəni mülkiyyətçi olan İddiaçı qeyd olunan mübahisəli mənzilin qanuni sahibidir. Cavabdeh1 isə qeyd edilən mənzildə qeyri-qanuni olaraq yaşayır və onun həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur, onun toxunulmazlığına xələl gətirir. Buna görə də Cavabdeh1 İddiaçı məxsus Şəki şəhəri, Axundov prospekti, ev 13-də yerləşən 1 saylı mənzildən çıxarılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 İddiaçı məxsus Şəki şəhəri, Axundov prospekti, ev 13-də yerləşən 1 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 10 (on) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı məxsus Şəki şəhəri, M.F.Axundov prospekti, ev 13-də yerləşən 1 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılsın. İddia Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1033/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1033/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver