Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1046/2021 16.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus heyvanların həyətin yuxarı hissəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Şəki rayonunun Baş Zəyzid kəndində qeydiyyatda olan, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayan Cavabdeh özünə məxsus qoyun-keçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə 20 ildən artıqdır ki, Şəki rayonunun Orta Zəyzid kəndində cavabdehlə qonşuluqda yaşayır. Belə ki, cavabdehlə onun həyətini təxminən 8 metrlik kənd arası yol ayırır. Göstərmişdir ki, əvvəllər evlərinin yuxarı hissəsində məskunlaşma olmadığından qonşuları da olmamışdır. Lakin ötən il, hal-hazırda Baş Zəyzid kəndində qeydiyyatda olan, özü isə Orta Zəyzid kəndində yaşayan Cavabdeh evinin üst hissəsindəki əraziyə gəlmiş və burada mənzilinə ən yaxın məsafədə yerləşən altıaçıqda (navesdə) qoyun və keçi saxlayır. Cavabdeh kənddə başqa ərazidə yaşasa da, muzdla tutduğu ailə onun evinə yaxın yerdə yerləşən navesdə keçi-qoyuna baxır. Əvvvəllər keçilərin sayı az olduğundan, həm də payız-qış ayları olduğundan həmçinin hava isti olmadığından bir təhər dözmüşlər. Yazın gəlişi, istilərin artması və sürünün durmadan çoxalması ətrafı tamamilə korlamışdır. O, cavabdehə baş vermiş vəziyyət haqqında dəfələrlə xəbərdarlıq etmişdir. Cavabdeh isə bunun müvəqqəti olduğunu, may ayına qədər sürünü aparacağına söz vermişdir. Lakin cavabdeh, sözünə əməl etməmişdir. İndi vəziyyət elə olmuşdur ki, cavabdehin fəaliyyəti nəticəsində iy-qoxudan nəfəs belə ala bilmirlər. Evin qapılarını açdıqda evə üfunət iyi dolur, divarlar, əşyalar üfunət qoxuyur. Anti-sanitariya təsvir ediləsi vəziyyətdə deyil. Keçdikləri yoldan, bəzən keçi leşi, dərisi və tükünü atmalı olurlar. Çivin-milçək tüğyan edir. Sabaha qədər üfunəti qəbul edib, küləyin istiqamətinin dəyişəcəyini gözləyirlər. Cavabdeh Mənzil Məcəlləsinin tələblərini aydın şəkildə pozur. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, sanitariya- gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət etməklə həyata keçirilməlidir. Cavabdeh fəaliyyəti nəticəsində ona və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurulur. Cavabdehin imkanı vardır ki, həyətində saxladığı keçi-qoyunları həyətinin onun yaşayış evindən uzaqlaşdırsın, yeni tikdirdiyi binanın arxa hissəsinə köçürsün, indi istifadə etdiyi navesdən başqa məqsədlər üçün istifadə etsin. Əlavə olaraq göstərmişdir ki, cavabdeh sonradan evinə yaxın navesdə saxladığı keçiləri oradan çıxararaq özünə məxsus həyətin onun yaşadığı evdən aralı olan yuxarı hissəsinə köçürmüş, lakin həmin navesə qoyunları keçirmiş və hal-hazırda qounların da oradan çıxarılmasını istəyir. Heasb edir ki, iddia əsaslıdır. Buna görə də Şəki rayonunun Baş Zəyzid kəndində qeydiyyatda olan, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayan Cavabdeh özünə məxsus qoyun-keçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatdadır. Təxminən 1 il bundan qabaq iddiaçının evinin arxa hissəsində olan boş sahəni almışdır. Həmin ərazi dağa yaxın ərazidir və dağ istiqamətində ona qonşu olan bir kəs yoxdur. Onun həyətyanı sahəsi ilə iddiaçının evini 8 metr enində kənd arası yol ayırır. Qeyd edilən ərzidə olan torpaq sahəsinin bir hissəsinin onun mülkiyyətində olmasına dair çıxarış mövcuddur, digər hissəsinin də mülkiyyətinə keçirilməsi ilə bağlı bütün sənədlər hazırdır və bu yaxınlarda torpaq sahəsinin tamamını sənədləşdirəcəkdir. O, həmin torpaq sahəsində yarımçıq evi və heyvanları üçün tövlə və altıaçığı vardır. Təsərrüfatında 90 baş keçi və 50 baş qoyun vardır. Bildirdi ki, onun yaratdığı təsərrüfat nəticəsində cavabdehin rahat həyat fəaliyyətinə maneə törədəcək hər hansı iy-qoxu, çirkab və antisanitariyadan söhbət belə gedə bilməz. Belə ki, onun təsərrüfatı ilə iddiaçının yaşadığı ev arasında 8 metr kənd yolu vardır. Onun həyətində iddiaçının evinə tərəf hissəsində yalnız bir altıaçıq (naves) vardır. Həmin navesin uzunluğu təxminən 27 metr eni isə 9 metrdir. Qeyd edilən navesin iddiaçıya yaxın olan 9 metr hissəsinin yanları bağlıdır. Həmin hissəyə isə o, yalnız ot bağlamaları yığır ki, oradan da iddiaçının evinə hər hansı qoxu və ya iy gedə bilməz. Navesin digər hissələrinin yanları açıqdır və hazırda orada 50 baş qoyun saxlayır. Keçiləri isə həyətinin yuxarı baş hissəsində saxlayır. Naveslə həyətinin yuxarı baş hissəsinə olan tövlə arasında isə yarımtikili ev vardır. Həmin naves və tövlə hər gün təmizlənir, orada hər hası iy-qoxudan və üfunətdən söhbət gedə bilməz. Bundan başqa təsərrüfatında olan heyvanlar daimi olaraq orada qalmır. Belə ki, onlar tezdəndən dağlara örüşə gedir, günorta isə bəzi hallarda kölgələnməsi üçün əraziyə qayıdır. Həmçinin günortadan sonra yenə örüşə gedir, axşam saatlarında isə yenidən əraziyə qayıdırlar. Buna görə də ərazidə hər hansı pislik, iy və qoxunun yaranması mümkün deyil. Əvvəllər keçilərini də qoyunları saxladığı yerdə saxlasa da, son zamanlarda keçiləri təsərrüfatın baş hissəsində yerləşə tövləyə yerləşdirmişdir. Gələcəkdə qoyunları da keçilərin yerləşdiyi tövləyə köçürəcəkdir. Özü demək olar ki, hər gün həmin evdə olur. Hesab edir ki, iddia əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən mübahisə predmeti olan əraziyə iddiaçının və cavabdehin iştirakı ilə 02.08.2021-ci il tarixdə saat təxminən 12:00 radələrində yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Şəki rayonunun Orta Zəyzid kəndinə dağa yaxın ərazidə yaşamaqla qonşudurlar. İddiaçı ilə cavabdehə aid olan torpaq sahələri arasından təxminən 8 metr enində kənd arası yol mövcuddur. Cavabdehə aid olan torpaq sahəsinin uzunluğu təxminən 88 metr, iddiaçıya yaxın hissədə isə faktiki istifadə olan ərazi 17 metrdir. Cavabdehə aid torpaq sahəsinin yuxarı hissəsində 1 tövlə və digər yardımçı tikili vardır. Lakin həmin hissədə yalnız tövlədən istifadə edilir və cavabdehin dediyi qədər (təxminən 90 baş) keçinin olması müşahidə edilmişdir. Cavabdehə aid torpaq sahəsinin iddiaçının evinə yaxın hissəsində təxminən 27 metr uzunluğunda və 9 metr enində altıaçıq (naves) vardır. Həmin altıaçığın iddiaçının evinə tərəf hissəsinin təxminən 9 metr enində və 10 metr uzunluğunda olan hissəsinin yanları qapalı olmaqla bağlama ot yığılmışdır. Altıaçığın digər hissələrinin yanları açıq olmaqla içərisində təxminən 50-yə yaxın qoyunların olması müşahidə edilmişdir. Altıaçığın qarşı tərəfə 8 metr hissəsi isə qoyunlar üçün ağıl kimi istifadə edilməsi müəyyən edilmişdir. Baxış 02.08.2021-ci il tarixdə saat təxminən 12:00 radələrində keçirilmiş, həmin vaxt hava yetərincə isti olmuşdur. Lakin baxış zamanı ərazidə hər hansı iyə, qoxuya, üfunətə və antisanitariya vəziyyətinə rast gəlinməmişdir. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində inşa edilmiş 119,6 kv. metr sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,09 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 198 nömrəli cavab məktubundan görünür ki, Şəki rayonu, Orta Zəyzid kənd sakinləri İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı müəsisələrinə heç bir ərizə, şikayət, məktub, məlumat daxil olmamışdır. Bu barədə tərəflərindən hadisə yerinə baxış keçirilməmiş, akt və protokol tərtib edilməmişdir. İşdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 28 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh Baş Zəyzid kəndində daimi qeydiyyatdadır. Cavabdeh Orta Zəyzid kəndində Orta Zəyzid kənd sakimi İddiaçı qonşuluğunda olan torpaq sahəsində xırda buynuzlu mal-qara saxlamaqla məşğul olur. Cavabdeh məxsus olan təsərrüfatda ümumilikdə 150 başdan yuxarı keçi və qoyun vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tam və hərtərəfli araşdırıb, mübahisəli torpaq sаhəsinə baxış keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Göründüyü kimi MM-nin 171-ci maddəsi Qonşunun qonşu təsirinə dözmək vəzifəsini müəyyən etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüququ əhəmiyyətsiz dərəcədə də pozulmur. Belə ki, mübahisələndirilən ərazi kənd yeridir. Kənd yerində isə insanlar, qoyunmal, keçi, toyuq-cücə, at, it və digər ev heyvanları saxlaya bilərlər. Məhkəmə araşdırması və yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh məxsus ərazidə heyvanların saxlanması hər hansı iy-qoxunun yaranmasına səbəb olmur və ola biləcək iy-qoxu və ya heyvan səsləri isə iddiaçının hüquqlarını daha əhəmiyyətli dərəcədə pozmur. Lakin gələcəkdə cavabdehin ərazisində daha acınacaqlı antı-sanitariya vəziyyətinin yaranması iddiaçının hüquqlarını daha əhəmiyyətli dərəcədə pozarsa belə olan halda iddiaçının məhkəməyə iddia qaldıra bilmək hüququnun olması, həmçinin cavabdehin belə hərəkətlərə yol verməsinin qanunazidd olması onlara izah edilməlidir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh, Şəki rayonunun Baş Zəyzid kəndində qeydiyyatda olan, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayan Cavabdeh özünə məxsus qoyun-keçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı Şəki rayonunun Baş Zəyzid kəndində qeydiyyatda olan, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayan Cavabdeh özünə məxsus qoyun-keçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə Аzərbаycаn Respublikаsı Şəki Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1046/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1046/2021
16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver