Məhkəmə qərarları › İş №2(075)-1064/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1064/2020

07.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1064/2020 07.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən mənzildə onun maddi və mənəvi haqqının olduğunu, həmin evdən ona düşən payın və ziynət əşyalarının geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi İddiaçı sözügedən mənzildə onun maddi və mənəvi haqqının olduğunu, həmin evdən ona düşən payın və ziynət əşyalarının geri qaytarılmasını xahiş etsə də, ərizəsində hansı ünvanda yerləşən hansı mənzilə pay hüququnun tanınmasını istədiyini, bundan başqa ona məxsus ziynət əşyalarının nədən (neçə ədəd, neçə qram, hansı əyarlı, hansı növ və s.) ibarət olduğunu qeyd etməmiş, iddia ərizəsinin forma və məzmununa riayət etməmiş (giriş, təsviri, əsaslandırıcı, nəticə), məzmunca nəticəvi hissə təəssüratı yaradan iddia ərizəsinin ikinci səhifəsinin sonuncu cümləsində cavabdehə qarşı tələbinin nədən ibarət olduğunu dəqiq müəyyən etməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etməmişdir. Həmçinin, İddiaçı iddia tələbində ziynət əşyalarını tələb etsə də, iddiaçıya izah olunur ki, o, nikaha daxil olanadək ona məxsus olan əmlakın hamısı, birgə nikah dövründə alınan və qazanılan əşyaların isə yarısını tələb etmək hüququna malikdir. Bundan başqa İddiaçı iddia tələbində tələb etdiyi əmlakların dəyəri ilə bağlı müstəqil qiymətləndiricinin rəyini iddia ərizəsinə əlavə etməmişdir. Bu da gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə mövcud olmayan əşyaların dəyərinin müəyyənləşdirilməsində çətinlik yarada bilər. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar